Məhkəmə qərarları › İş №2(064)-1536/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1536/2023

27.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1536/2023 27.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh miras əmlaklarından payın ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 ölümündən sonra miras qalmış əmlaklardan “Mersedes-Benz E-200” minik markalı, Az ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hissəsinin çıxılmasından sonra yerdə qalan 50 %-dən və Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazsində fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0.12 ha torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.14 ha torpaq sahəsinin hər birinin mərhun X2 miras qalmış 1/4 hissəsinin 1/8 hissəsi miqdarında miras payının ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, anası Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayan X1 Rayon Məhkəməsində birgə nigah dövründə əldə edilmiş və mərhum atam X2 miras qalmış əmlaklara bağlı olaraq Cavabdeh qarşı iddia qaldırmışdır. Füzuli Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən anasının iddiası təmin olunmuşdur. Füzuli Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsindən göründüyü kimi miras qoyan X3 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə miras açılmışdır. Həmin miras əmlaklar aşağıdakılardan ibarət olmuşdur.“ Mersedes- Benz E-200” minik markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazsində fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0.12 ha torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.14 ha torpaq sahəsi və məhumin birinci növbəli vərəsəsi kimi 8 nəfərin, həmçinin mərhun X4 8 birinci növbəli vərəsinin olması müəyyən olunmuşdur. Füzuli Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsindən göründüyü kimi, Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayan X7 payına “ Mersedes- Benz E-200” minik markalı , ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/” hissəsinə iddiaçı- X7 1/16 (ümumi əmlakın 1/2+1/16 =18/32) hissədə vərəsəlik payının verilməsi təmin edilmiş , Füzuli rayonu Bala Bəhmənli kəndi ərazsində fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0.12 ha torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.14 ha torpaq sahəsinin hər birinin mərhun X2 miras qalmış 1/4 hissəsinin 1/8 hissəsinə iddiaçı X7 (ümumi hər iki əmlakın 1/32 hissəsi) vərəsəlik payı tanınmışdır. Göründüyü kimi, artıq məhkəmə qətnaməsinə əsasən hər bir vərəsənin payı müəyyən olunmuşdur. Belə ki, “Mersedes- Benz E-200” minik markalı , ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə görə maşının 1/2 hissəsi anası X10 verildikdən sonra yerdə qalan miras payının 50%-də anası X14 da daxil omaqla digər vərəsələrin, o cümlədən də onun və digər vərəsələrin payları qətnaməyə əsasən müəyyən olunmuşdur. Bundan başqa, Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazsində fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0.12 ha torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.14 ha torpaq sahəsinin hər birinin mərhun X2 miras qalmış 1/4 hissəsinin 1/8 hissəsinə iddiaçı X7 (ümumi hər iki əmlakın 1/32 hissəsi) vərəsəlik payı tanınmışdır. Bu isə deməkdir ki, hər iki torpaq sahəsində onun payı miras qalmış 1/2 hissənin 1/8 hissəsi miqdarında müəyyən olunmuşdur. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarına əlavə olunmuş: AZ-İİ 188771 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2021-ci ildə vəfat etmişdir. JN-285A KOD 60608048 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Füzuli rayonu, Bala Bəhmənli kənd sakinləri X11, X12, Cavabdeh və X5 həmin kənddə fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün verilmişdir. JN : 224 KOD 60606048 torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Füzuli rayonu, Bala Bəhmənli kəndi sakinləri X13, X8, Cavabdeh və X6 1.14 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. xx.xx.2022-ci il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, X9 mülkiyyət hüququ əsasında şəhadətnamə verilən ümumi birgə əmlak “MERCEDES-BENZ-E-220” minik markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı “MERCEDES-BENZ-E-220” minik markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir. Füzuli Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(064)-192/2023 saylı qətnaməsinin surətindən görünür ki, birgə nikah dövründə əldə edilmiş və X2 miras qalmış “MERCEDES-BENZ-E-220” minik markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə iddiaçı X9 1/16 (ümumi əmlakın 1/2+1/16=18/32) hissədə vərəsəlik payı tanınmışdır, Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0.12 ha torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.14 ha torpaq sahəsinin hər birinin mərhum X2 miras qalmış 1/4 hissəsinin 1/8 hissəsinə iddiaçı X9 (ümumi hər iki əmlakın 1/32 hissəsi) vərəsəlik payı tanınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, miras qoyan X4 xx.xx.2021-ci ildə vəfat etməsi ilə miras açılmışdır. Miras qoyan A.Abdullayev vəsiyyətnamə qoymamışdır. Mərhumun 8 birinci növbəli vərəsəsi var, o cümlədən arvadı Afilə Kazımova, oğlu Cavabdeh və qızı İddiaçı. Miras qalmış əmlaklar bunlardır: arvadı A.Kazımova ilə birgə nikah dövründə əldə edilmiş “MERCEDES-BENZ-E-220” minik markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi (8.000 manat dəyərində), eləcə də Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0.12 ha torpaq sahəsi (1/4 hissəsi) və kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.14 ha torpaq sahəsi (1/4 hissəsi). Odur ki, məhkəmə belə hesab edir ki, A.Kazımova ilə birgə nikah dövründə əldə edilmiş “MERCEDES-BENZ-E-220” minik markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə İddiaçı 1/8 hissədə vərəsəlik payı tanınmalıdır. Bununla yanaşı, fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0.12 ha torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.14 ha torpaq sahəsinin hər birinə mərhum A.Abdullayevin payına düşən 1/4 hissəsinin 1/8 hissəsinə iddiaçının vərəsəlik payı tanınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinin tələbinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İddia tələbinin miras payının ayrılaraq verilməsi hissəsini isə rədd edərək məhkəmə bildirir ki, miras payın müəyyən olunmasına dair hazırkı məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra iddiaçı həmin payın naturada ayrılaraq verilməsi tələbi ilə iddia qaldıra bilər. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı mərhum X2 miras qalmış “MERCEDES-BENZ-E-220” minik markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinin 1/16 (ümumi əmlakın 1/32 hissəsi) hissəsində, Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0.12 ha torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.14 ha torpaq sahəsinin hər birinin mərhum X2 miras qalmış 1/4 hissəsinin 1/8 hissəsinə (ümumi hər iki əmlakın 1/32 hissəsi) vərəsəlik payı tanınsın. İddia tələbi digər hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar