Məhkəmə qərarları › İş №2(064)-1753/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1753/2025

13.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1753/2025 13.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında Bakı şəhəri 10 saylı Mediasiya xidmətində Mediasiya prosesinin nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli MSB/2-00455 saylı Barışıq Sazişinin 1.3-cü bəndinin təsdiq olunması, məcburi icraya yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixində Bakı şəhəri, 10 saylı Mediasiya Təşkilatında aralarında bağlanmış MSB/10/2024/00754 barışıq sazişinə əsasən, Bakı şəhəri 5 saylı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə bağlanmış 2729 nömrəli nikahın pozulması, nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi və hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində alimentin ödənilməsi barədə qərar qəbul edilmişdir. Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş və ailə həyatı qurmuşlar. xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya prosesi zamanı xx.xx.2024-cü il tarixdə MSB/10/2024/00754 saylı mediasiya işi üzrə aralarında barışıq sazişi bağlanmış və həmin sazişə əsasən razılığa gəlmişlər ki, Bakı şəhəri 5 saylı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə bağlanmış 2729 nömrəli nikahın pozulması, nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 onun himayəsində verilməsi və hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Sazişin icrası könüllü olmayacağı halda həmin sazişin icrası məcburi qaydada həyata keçirilməsi üçün məhkəməyə təqdim ediləcəkdir. Lakin Maraqlı şəxs bütün bunlara əməl etmir. Bu səbəbdən aralarında bağlanmış barışıq sazişinin təsdiqlənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və həmin razılaşmanın məhkəmə qətnaməsində göstərilməsini xahiş edir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq (əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat verilməsinə) o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-cü il tarixli, MŞB/10/2024/00754 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər Ərizəçi və Maraqlı şəxs Bakı şəhəri 5 saylı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə bağlanmış 2729 nömrəli nikahın pozulmasına razıdır. Maraqlı şəxs bəyan edir ki, nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 anası Ərizəçi himayəsində verilməsinə etiraz etmir. Maraqlı şəxs bəyan edir ki, bir uşağa görə 235 manat, ümümlikdə iki uşağa görə 470 manat aliment ödəməyə razıdır və həmin məbləği yanvar ayından başlayaraq hər ayın 15-dən 30-dək Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür.” “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs ərizəçi ilə nikahlarından doğulmuş iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs oğu arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-cü il tarixli, MŞB/10/2024/00754 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “Maraqlı şəxs bəyan edir ki, bir uşağa görə 235 manat, ümümlikdə iki uşağa görə 470 manat aliment ödəməyə razıdır və həmin məbləği yanvar ayından başlayaraq hər ayın 15-dən 30-dək Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür” hissəsində təsdiq edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında bağlanılmış xx.xx.2025-cü il tarixli, MŞB/10/2024/00754 nömrəli barışıq sazişi (1.3-cü bəndi) alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs bəyan edir ki, bir uşağa görə 235 manat, ümümlikdə iki uşağa görə 470 manat aliment ödəməyə razıdır və həmin məbləği yanvar ayından başlayaraq hər ayın 15-dən 30-dək Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür”. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar