Məhkəmə qərarları › İş №2(064)-187/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-187/2024

25.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-187/2024 25.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Heydərov Hikmət İlyasxan oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair məhkəmədə iddia qalıdıraraq cavabdehdən iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatları yaymaqla vurduğu mənəvi ziyanın əvəzi olaraq onun xeyrinə 10.000 manat məbləğində vəsaitin tutulması və Cavabdeh rəsmi qaydada üzr istəməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh birgə fəaliyyət göstərdikləri X5 Mərkəzinin direktoru vəzifəsində işləyir. Həmin kollektivin və digər mərkəzlərin kollektivinin üzv olduğu Whatsapp qrupunda yalan, həqiqətə uyğun olmayan, iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar paylaşmış və ifadələr işlətmişdir. Bununla bağlı iddiaçı dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, cavabdeh məhəl qoymamış, hərəkətlətinin təkrarlamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etirazını bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli qərarında göstərilmişdir ki,“məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir:

1. məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi;

2. həmin məlumatların doğru olmaması;

3. bu məlumatların yayılması. ... Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. Beləliklə, şərəf və ləyaqətin ləkələnməsini müəyyən etmək üçün məhkəmə tərəfindən yuxarıda qeyd olunan üç hal müəyyən edilməlidir. Bu üç haldan hər hansı birinin olmaması şərəf və ləyaqətin ləkələnməsini istisna edir. Hazırki işdə də bu üç halın hər biri mövcuddur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 01 ədəd “BİNGO” markalı CD diskdə olan WhatsApp sosial şəbəkəsi vasitəsilə ötürülmüş səs yazılarından görünür ki, Cavabdeh aşağıda qeyd olunan məzmunda çıxışı olub: “Məllimələr, axşamınız xeyir olsun. Bu bizim Könül məllimədi, düz demir. Onun necə yeyəcəyin onu Allah hələ adama göstərəcək ki, necə yeyəcək. Sənin qardaşın Vidadi revizor 11-ci ildə şəhid ailələrinin pulun kəsib. Qızdar, yoxlatdıra bilərsiz. Xahiş eliyirəm sizdən, qalxın haqqınızı istiyin. Hamınız bir akladnan olan məllimlər 11-ci ildən bəri olan məllimlər, hamınızın dərsini gəldi Vidadi, Bəhmənni Vidadi kəsdi, hamınız bir akladnan dərs alırdınız. Kəsdilər o vaxtı 11-ci ildə kəsdilər, onnan sora həmən sizin qruplarınıza, həmən qruplarınıza adamlar götürüldü. Əgər bu qrup yoxuydusa, təzədən adamları niyə götürdünüz? Bax, bu həmən bu məllimə var a, bax bu danışan Könül məllimənin qardaşı Vidadi, Bəhmənni Vidadi revizor. Hamınız bir akladnan alırdınız. Bu gəldi sizi gedin yoxlatdırın, gedin nazirriyə çıxın, gedin Maliyyə nazirriyinə çıxın, maliyyə yoxlamasına çıxın. Oturmuyun. Demək mən bunun keçən ay əməkhaqqısın saxlamışam, niyə saxlamışam. Açdığınız Qurana and olsun, oxuduğunuz Qurana and olsun, 22 il direktor hər adamın başı üçün deyil işdəmək. Nə mənada deyirəm. Haqlı- haqsız işimizdə çətinniy olur, nə olur. Bizim hələ idarədən bir səs çıxan olmuyub. Bir problem çıxan olmuyub. Deməli bu oturur evdə, ayağın da məktəbə qoymur. Buna məktəbə çıx deyəndə deyir xəstəyəm. Gələn maliyyə yoxlaması mənim əmimoğludu, xalamoğludu, dayımoğludu? Deyir sənin məllimin hardadı? Sənin məllimin işdə yoxdu, məllimə. Gəlmişəm sənin məllimin yoxdu. Buna da yox yazıb gedəndə gəlir qrupu bağlıyır, mənə də bir şiddətdi töhmət verir. Ay məilimə, sual verirəm sizə, işdəmiyən, məktəbə getmiyən dərnək rəhbərinə mən o 200 neçə manatı necə yazım? Ay Sahilə, bax sən mənə sual ver görüm qızım, sən dərsə getmirsən, helə? Bax, Sahiləyə deyirəm, sənnən pulunu mən nətər kəsərəm? Ay Xəyalə, kəsə bilərəm? Aygün, kəsə bilərəm? Mətanət, kəsə bilərəm? Humay, sənin dərsini mən necə kəsim? O biri 70 dənə qız, sənin dərsini mən necə kəsim? Allah mənim üstümə odu tökər də. Sən mənə niyə qarğış eliyirsən? Sənin oğlunu da tutsun o qarğış, qızını da tutsun o qarğış. Deməli qızdar, deməli bacısının qrupun obşi yendiriblər. 11-ci ildə. Götürüb bu bacısına polnı aklad bax bilin a, sizə fakt verirəm. Açıq sizə fakt verirəm sizə. Bax, götürüb sora deməli burdan dərnəyin də pulun alırdı Könül məllimə, cədvəlin də içində texniki işçinin də içində qızdar, evdə də yiyələrinizə deyin. Texniki işçi 200 neçə manat da qardaşı buna pul yazdımışdı, 200 neçə manat da polnu akladnan texniki işçi alırdı. Deməli siz ayda aparırdınız evinizə 72 manat, 68 manat. Dediyim sözün də arxasında dururam mən məllimə. O aparırdı evə 400-500 manat orta təhsilli, əlində də təhsili olmayan məllimə. Məllimə yox e, texniki işçi. Orta təhsilli. Mən gələnnən sora 17-ci ildə bu məndə işdəmirdi. Gənc texniklərdə işdiyirdi. Ay məllimələr, qulaq asın, haqqınızı tələb eliyin. Mən gələnnən sora həm texniki işçi maaşını alır bu bir cədvəlin içində, həm də məllimə maaşın alır. Bu birilər də alır 68 manat. Elə məllimim vardı alırdı ali təhsilli 57 manat. O vaxtı əməkhaqqı aşağı idi. Bunu hansı haqqdan danışır bu. Üzü harasınnan qırmızı, üzüm əyağınızın altda bu sözə, padoş adam bu sözü deməz. Mən indi bunu verəcəm məhkəmiyə, bunun qardaşın da özün də. Durun mənim arxamda, qruplarınızı da qaytarın, akladdarınızı da qaytarın. Orta təhsillinin X4 Mərkəzində də heç bir işi yoxdur. Bu adamı getmişəm indi işdə birinci gün sizə direktor qarışıq aktları çəkib atacam. Bu adam məktəbə getmir ki, mən xəstəyəm. Keçən il çağırmışam bunu otağa, otaqda ağlıyır ki, mən uşaqlara dərs keçə bilmirəm, mən xəstəyəm. Bunun dilin görürsünüz siz? 5 il, 6 il mənim yanımda gözümü yummuşam insandı, xəstədi. Özü də diliynən deyir e xəstə adamı. Deyir mən işə getmiyim e. Qardaşımın vaxtındakı kimi ayda 500 manat pulumu alım oturum evdə. Ay qız, bəs korrupsiya gəlib 60 min ayağınıza pul yazıb. Onu da düzüb qoşacaq e Nüşabə məllimə, uşax deyil, onu da düzüb qoşacax. Hansı direktorlar səhv eliyib, neyniyib. Onu da düzüb qoçacax. Ama belə insannarnan işdiyirsiniz. Haqqınızı yeyən insannarnan işdiyirsiniz. Bu evə 500 manat pul aparanda açın qulağıvızı eşidin, 57 manat, 72 manat, 68 manat evə pul aparırdınız. Gedin, sübut da eliyin, bütün sənəddəri də çıxarışıynan çıxardın, əlinizə götürün, görün mən səhv deyirəmsə, aparın verin məni məhkəmiyə. Mən səhv deyirəmsə, aparın verin məni məhkəmiyə. Mənə də deyəndə deyir ki, boy, mən deyir məktəbləri yoxlamısan deyir mən olmamışam gəlib mənə yox yazıbsan. Deyirəm ay qız, direktornan bərabər getmişəm, uşax ay bala, məllim dərsə gəlir, yox. Ay bala, dekabr ayıdı e, 5-3 günnən sora dekabr///Bunun heç bir fəaliyyəti yox, bu elə istiyəndə gəlir. Qızdar, başa düşün, özüz də görürsüz, əvvəlki vaxt dəyil. Uje hər yerdə görürsüz vəziyyət dəyişib. Gör belələri, beləsi yeyə bilməz e, qızdar. Beləsi o qədər///Mənim bu saatdarım evimdə problem var. Niyə problem var? O qədər belələrinə hirsdənirəm, danışıram, hirsdənirəm, yoldaşım mənə hirsdənir, telfona cavab vermə, haqsızdı danışır, dinmə. O qədər danışıram ki, mənim balalarım psixoloji travma alır. Mənim balalarım evdə 2 uşax saxlamışam, ikisi də psixoloji travma alır. Qaqaş deyir atamnan evdə o qədər belə insannarın üstündə dalaşırsan ki, bezmişəm sizin əlinizdən. Ana deyir, mən sizin əlinizdən, atamnan sənin davanın əlinnən bezmişəm. Səhv deyirəmsə, görürsən, aylə məsələmi də siznən açıb deyirəm ki, belə məişətə uyğun olmayan, ictimaiyyətə uyğun olmayan insannarı yavaş-yavaş bizim içimizdən çıxardıb elə həqiqətən də xadimə kimi///İndi mən qayıdacam bu həftə işimə qayıdacam. İndi ya o qalacax o idarədə, ya da mən. Gedin, gedin, haqqınızı tələb eliyin, akladdarınızı tələb eliyin. O kişi gəldi kəsdi. Əgər o qruplar olmuyacaydısa təzədən niyə adamlar götürülüb? Hə? 3 idarəni birləşdirdilər o vaxt. İdmannan şahmatı bir elədilər, uşax gənclər inkişaf mərkəzi, texniklər, bir də mənim ekoloji ... mərkəzim. Bəs yaxşı Vidadi, Vidadi məllim yox, Vidadi. Mənim üçün o heç kimdi. Heç kimdi, bacısı da bir küçə süpürənin biridi. Gətirib çıxardıb yuxarı başa. Yuxarı başa. Mən onnan bu qədər ailəmin, əsəbimin təzminatın istiyəcəm. Qəpiyinə kimi istiyəcəm. Mənim ailəmin bugünkü səbəbinə səbəbkar odu. Deməli hamınızın qrupun kəsdi, o vaxt da pul yığdı təzədən pul yığdı. Bizdən də pul yığdı çıxdı getdi. Bax, bu Vidadi. Gedin akladdarınızı təmin eliyin. Gedin teleqramlarınızı vurun, 11-ci ildə qrupları kəsilən məllimlər, gedin, durmuşam arxanızda. Mənnən nə sənəd istəsələr təhsil sektorunun boynuna çöküb o sənəddərinizi alacam. O gələn maliyyə yoxlaması kimiydi? Vidadi idi. Sizin bugünkü gündə az mayış almağınızın səbəbi Bəhmənni Vidadidi. Mən deyib sözümün də durmuşam arxanızda akladdarınızı. Mənim 30 ilin məllimi çöldə süpürgəçi maaşı alır. Mənim niyə məlliməm əgər mənim 30 ilin məllimi alsa 400 neçə manat əməkhaqqı eliyir. 400 neçə manat. 30 ilə o diplomu ona dədəsi nənəsi verib ki, o bir akladnan işini davam eləsin. Ona vermiyib a 200 neçə manat dilənçi pulu alsın otursun getsin işinə gəlsin. Onun səbəbkarı açın sözümü deyirəm də direktor kimi arxasında da dururam, Vidadidi. Maliyyə yoxlaması///Yaxşı, bəs bu yer yoxuydu bu qurpu kəsirdinsə, sora bu adamları bəs siz niyə götürdüz, ay başıva dönüm? Niyə götürdün sora sən bu adamları? Bunun cinayətkarın yekəsi Vidadidi. Bəs yaxşı, sən əgər helə vətən oğlusansa, danışıram da əsəbləşirəm, bacına texniki işçinin içində niyə bir aklad dərnəkdən də pul alır ay işçilər, texniki işçi də alır. Üst-üstə bunun kartına bunun şeyinə 300-500 manat pul vurulur. Bə bu bunu nətər yiyəcək? Ha? Xəyalə iki uşağı rahlıyıb məktəbə yola sala bilmir ki, ay məllim, hamı istiyir uşağına təhsil verə, hamı istiyir uşağının yanında utanmıya. Gedin haqqınızı tələb eliyin. Onun kimi Sahiləsi, onun kimisi o birsi, bu birsi. Mənim özüm iki uşax saxlıyıram, mən sizin arxanızda dayanmışam. Mən o çətinlikləri çəkirəm. Gedin akladdarınızı tələb eliyin. Yatmıyın. Vidadinin o kəsdiyi akladdarı, onu buna satdığı akladdarı qaytarsınnar versinnər bir akladdan dərsimizi alaq. Otumuyun, Prezident Aparatına qədər yazın. Durmuşam arxanızda. Tutdurun qoyun içəri. Qorxmuyun, durmuşam arxanızda”. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/725 nömrəli ekspert rəyindən müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş səs yazılarında ifadə olunmuş - “Üzü harasınnan qırmızı, üzüm əyağınızın altda bu sözə, padoş adam bu sözü deməz.”; “Heç kimdi, bacısı da bir küçə süpürənin biridi.”; “Səhv deyirəmsə, görürsən, aylə məsələmi də siznən açıb deyirəm ki, belə məişətə uyğun olmayan, ictimaiyyətə uyğun olmayan insannarı yavaş-yavaş bizim içimizdən çıxardıb elə həqiqətən də xadimə kimi///” kimi söz və ifadələr X1 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanların bir Azərbaycan qadını olaraq X1 şərəf və ləyaqətini ləkələməsi və onun üçün cəmiyyətdə müəyyən mənfi nəticələrə səbəb olması aşkardır. İkinci hala münasibətdə məhkəmə qeyd edir ki, başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi həmin məlumatları yayan şəxsin üzərinə düşür. Cavabdeh tərəfindən şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut edə biləcək hər hansı başqa sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, hazırkı işdə cavabdeh iddiaçı barəsində yayılmış məlumatların doğruluğunu sübut edə bilməmiş və nəticədə ikinci halın mövcudluğu da müəyyən edilir. Üçüncü hala gəldikdə, iş materiallarından aydın olur ki, X1 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən söz və ifadələr WhatsApp sosial şəbəkəsi vasitəsilə şəxslər arasında paylaşılmışdır. Yəni səs yazılarına qulaq asan insan sayı nəzərə alınmasa belə, bu göstəricilər yayılma faktının mövcudluğunu mübahisəsiz edir. Məhkəmə yuxarıda qeyd olunanlarla bərabər eyni zamanda cavabdehin öz düşüncələrini azad ifadə etmək hüququnun olmasını qəbul edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi ilə fikir və söz azadlığına təminat verir. Fikir və sözün azadlığına birlikdə təminat verilməsi onların biri-biri ilə sıx bağlılığından xəbər verir. “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Demokratik cəmiyyətdə əhəmiyyətinə baxmayaraq, 10-cu maddə ilə qorunan hüquq mütləq deyil, ona bəzi məhdudiyyətlər qoyulmasına yol verilir. Şəxsin ifadə azadlığına qanuni məhdudiyyətlərin hansı hallarda qoyulması 10-cu maddənin 2-ci bəndində tam sadalanır. Bu azadlıqların həyata keçirilməsi aşağıdakı hallarda qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər: milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqlan naminə; iğtişaşın və ya cinayətin qarşısını almaq üçün; sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün; digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün; gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün; ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, fikir ifadə etmək azadlığı vətəndaşların şərəf və ləyaqətinin alçaldılmasına bəraət qazandırmır. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə müvafiq olaraq, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Mülki Məcəlləyə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzini ödənilməsini tələb etmək hüququ vardır (maddə 23.1, 23.4). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, ... mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur. Bununla yanaşı, əgər şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya həqarətedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılması tələb edilirsə, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan şəxsə söylənilməsi də kifayət edir. Bu baxımdan hətta üçüncü şəxslərin iştirakı olmadan ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, onu açıq-aşkar alçaldan, adi əxlaq qaydaları çərçivəsindən kənara çıxmaqla söylənilən ifadələr zərərçəkənin ləyaqətini alçaltmaqla onun mənəvi iztirab və sarsıntı keçirməsinə, başqa sözlə mənəvi zərərə məruz qalmasına səbəb ola bilər. Məhkəmə yuxarıda istinad olunan yazıların məzmununa qiymət verərək, cəmiyyətdə ümumi qəbul edilmiş əxlaq və davranış qaydaları və işlədilən ifadələrin mahiyyəti baxımından həmin ifadələri şərəf və ləyaqəti alçaldan ifadələr hesab edir. Bununla belə, məhkəmə qeyd edir ki, bu kimi işlərdə iddianın əsasını yayılmış məlumatların şərəf və ləyaqəti ləkələməsi və həmin məlumatların təkzib edilməsi təşkil edir. Mənəvi ziyanla bağlı tələb isə törəmə tələbdir. Bu işlərdə ilkin olaraq yayılmış məlumatların şərəf ləyaqəti ləkələməsi və həmin məlumatların təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, başqa sözlə iddiaçının hüquqularının pozulmasının tanınması mühüm əhəmiyyət kəsb edir. Hazırkı işdə də iddiaçının hüquqlarının pozulması, “WhatsApp sosial şəbəkəsi vasitəsilə cavabdeh tərəfindən səsləndirilən məlumatların yalan və İddiaçı şərəf və ləyaqətini alçaldan məlumat olması faktı məhkəmə tərəfindən tanınır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən WhatsApp sosial şəbəkəsi vasitəsilə müvafiq ifadələrin səsləndirilməsi İddiaçı mənəvi sarsıntı və iztirab çəkməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının çəkidiyi mənəvi sarsıntıların hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, mənəvi ziyana görə iddiaçıdan 500 manat tutulması ağlabatandır və həmin məbləğ iddiaçının mənəvi iztirablarının mütənasib əvəzi kimi qəbul edilə bilər Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh üzərinə İddiaçı üzr istənilməsi vəzifəsi qoyulmalı, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh üzərinə İddiaçı üzr istənilməsi vəzifəsi qoyulsun. Vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar