Məhkəmə qərarları › İş №2(064)-221/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-221/2023

18.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-221/2023 18.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı və vəkili X3, Cavabdeh1 və vəkili Vəkil2, cavabdehlər Cavabdeh2 və X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atasından qalmış miras kimi qaramal və davarın mənimsənilməsindən 36.800 və maşının mənimsənilməsindən 40.554 manat olmaqla, cəmi 77.354 manat pulun 4 nəfər qanuni vərəsələr arasında bölüşdürülməsindən ona çatası 19.338,5 manat pulun müştərək qaydada bərabər şəkildə cavabdehlərdən alınmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qismində işə cəlb olunan hər üç şəxs onun bacıları olmaqla hər üçü ailə quraraq köçüb getmişlər və yuxarıda cavabdeh kimi qeyd etdiyi ünvanlarda yaşayırlar. Anası, X9 01 dekabr 2018-ci il tarixdə vəfat etmiş və bu barədə Füzuli rayon Qeydiyyat Şöbəsində 21 dekabr 2018-ci il tarixli 314 №li akt qeydi tərtib olunmuşdur. 2022-ci ilin əvvəlindən atası xəstə olduğu üçün bacıları ata yurdunda qalmalı olurdular. O, atasını müalicə etdirmək məqsədi ilə əlindən gələni etsə də, hər hansı bir xırda şeyin üstündə bacıları söz-söhbət yaradırmış və bu da atasına mənfi təsir edirmiş. Ona görə də, o, atası ilə ikilikdə məsləhətləşərək ailəsini də götürüb məcburiyyət qarşısında müvəqqəti yaşamaq məqsədi ilə Füzuli rayonu, 400 evlik Fin şəhərciyi, 259 saylı evə kirayəyə köçmüşdür. Atası 3 iyun 2022-ci il tarixdə vəfat etmişdir. Ölüm şəhadətnaməsinin surəti işə əlavə olunur. Atası vəfat etməzdən əvvəl onun mülkiyyətində 18 baş balalı inək, hər biri 1.150 manata olmaqla cəmi : 20700 manat dəyərində, 1 baş boğaz inək, qiyməti 1100 manat dəyərində , 75 baş qoyun -quzu , hər biri orta hesabla 200 manat olmaqla cəmi 15000 manat dəyərində olmaqla ümumilikdə 36800 manat dəyərində qaramal və davar cavabdehlər tərəfindən mənimsənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinin tələbinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı olduğuna” və bu qanunun 77.1 maddəsinin tələbinə əsasən “hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduqlarına” görə o, Füzuli rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti rəisi Mirqayıl Həmidovun imzası ilə verilmiş 01 avqust 2022-ci il tarixli, 79 № li arayışı iddia ərizəmə sübut növü kimi əlavə edərək bildirir ki, həmin arayışla 18 baş qaramalın vaksinasiya olunması və 19-nun isə boğaz olduğuna görə vaksinasiya olunmadığı qeyd olunmuşdur. Bundan başqa, o, əmlak tələbi kimi kredit götürməklə aldığı “Nissan-Qaşqay” markalı maşının Azərbaycan Respublikasının MM-in 1159-cu maddəsinin tələbinə əsasən o, 1-ci pilləli vərəsələr arasında bölüşdürülməsini iddia edir. Ona görə ki, bu maşın atasının mülkiyyəti olmuşdur və onu cavabdehlər sataraq mənimsəmişlər. Azərbaycan Respubilkası MM-in 1159-cu maddəsinin tələbinə əsasən onlar qardaş-bacılar qanuni vərəsə olduğuna görə atasının mülkiyyəti onlar üçün paylı mülkiyyət hesab olunmalıdır. Azərbaycan Respubiklası MM-in 220.1-ci maddəsinin tələbinə əsasən “paylı mülkiyyətdə olan əşiya, mülkiyyətçilər arasında razılaşmaya əsasən onlar arasında bölünə bildiyindən” və bu qanunun 220.2 maddəsinin tələbinə əsasən “paylı mülkiyyətin mülkiyyətçisi, öz payının ayrılmasını tələb edə bildiyindən” və payçılar arasında yuxarıda qeyd etdiyi razılaşma olmadığından bu bölgünü notariusda aparmaq qeyri-mümkün olduğundan o, yuxarıdakı paylı mülkiyyətdən öz payını almaq məqsədi ilə iddia qaldırmalı olmuşdyr. Belə ki, bu maşını 40.554 manat olmaqla 3 ilə yəni 36 ay müddətinə o, xx.xx.2013-cü il tarixdə “NBC Bank” olan bankdan öz adına götürərək xx.xx.2017-ci il tarixədək ödəyib qurtardığı kreditlə almışdır. Əslində o, maşının dəyərinin bölüşdürülməsini deyil, onun dəyərini özü ödədiyini sübut edən “NBC Bank” ödəniş cədvəlini sübut növü kimi işə əlavə etdiyinə əsaslanaraq bu 40.554 manat məbləği miras kimi bölüşdürmədən iddia edərək ona qaytarılmasını iddia etməli idi. Təəssüf ki, bu maşını atasının adına sənədləşdirdiyindən bu maşının dəyərinin miras kimi bölüşdürülməsini iddia edir. İddia ərizəsi sübut kimi Azərbaycan Respublikası ƏƏSMN-nin Qarabağ filialı Füzuli Şöbəsinin xx.xx.2022-ci il tarixli, **********3 saylı arayışını ona görə əlavə etmişdir ki, məhkəməyə məlum olsun ki, 514,74 manat pensiya alan atası heç vaxt həmin maşını bu pensiya ilə ala bilməzdi, o, isə yuxarıdakı bank sənədinə əsasən hər ay 631 manat kredit ödəməli olmuş. O, həmin maşını əldə etdikdən yəni aldıqdan sonra həmin maşını İmişli rayonunda Regional qeydiyyat İdarəsində birbaşa atasının adına sənədləşdirmişdir. Əgər atası bu və ya digər yolla həmin maşını özgəninkiləşdirmək fikirində olsa idi, o, bunu səhətinin yaxşı vaxtında etmiş olardı. Təəssüf ki, bu atasının səhhətinin ağırlaşdığı vaxt, yəni ölümündən 16 gün əvvəl o, artıq özünü idarə etmək iqtidarında olmadığı vaxt bu sənədləşdirmə saxta yolla başa çatdırılmışdır. O, tez-tez huşunu itirir və sonuradan özünə gəlirdi və sanki sağlam adama bənzəyirdi. Belə olduğu halda, onun bu vəziyyətindən istifadə edərək maşını əvvəlcə etibarnamə ilə Fətəliyev familiyalı bir şəxsin adına keçirmişlər (hansıki, həmin şəxsin maşının alqı-satqısı ilə əslində heç bir bağlılığı olmamaışdır. O, sadəcə olaraq bu alqı-satqının formal olaraq həyata keçirilməsində vasitəçi rolunu oynamışdır). Bundan sonra, həmin maşını güya Fətəliyev alqı-satqı yolu ilə böyük bacısı Cavabdeh1 adına keçirmişdir. Beləliklə də onun o evdən nəyə görə uzaqlaşdırılmağı bəlli olur. Görünür ki, bu əməllər atasının mülkiyyətinin qeyri-qanuni yolla ələ keçirilməyinə hesablanmışdır. Ona görə də, həmin maşının qanunsuz alqısatqısı məhkəmə yolu ilə ləğv olunmalı və məhkəmə yolu ilə onun maşının özümə qaytarılmalı və ən pis halda o, atasının mülkiyyəti kimi onlar qanuni vərəsələr arasında bölüşdürülməlidir. Miras əmlak Azərbaycan Respublikası MM-in 1159.1-ci maddəsinin tələbinə əsasən qanuni vərəsələr arasında bölüşdürülməli olduğuna və həmin qanunun 220-ci maddəsinin tələbinə əsasən paylı mülkiyyət, payçılar arasında bölüşdürülməli olduğuna görə, o, qaramal və davarın mənimsənilməsindən 36.800 manat və maşının tələsik satılaraq mənimsənilməsinə görə 40.554 manat olmaqla 36.800 + 40.554=77.354 manat dəyərində olan mirasın qanuni vərəsələr olan 3 cavabdehin və onunla birlikdə 4 nəfərin arasında bərabər bölüşdürülməsini, yəni 77.354:4=19.338,5 manatı ona ödənilməlidir. Yəni ki, çatası miras məbləğinin hər üç cavabdehdən müştərək qaydada olmaqla bərabər şəkildə bölüşdürülməklə ona ödənilməsi təmin olunmalıdır. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı həmçinin iddia tələbinin həcmini azaldaraq iddia tələbinin yalnız mal-qaranın və ya dəyərinin verilməsi hissəsində baxılmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, o, atası vəfat etməmişdən bir neçə ay əvvəl ailəsini də götürüb başqa ünvanda kirayədə qalmışdır. Atası vəfat edəndən sonra ata-baba mülkünün həyətində iki baş inək görmüşdür. Lakin hesab edir ki, əslində mal-qaranın sayı çox olmuşdur. Belə ki, atası öləndən sonra bacıları dəyər-dəyməzinə mallarım hamısını satmışlar. İddiaçı nümayəndəsi vəkil X10 oxşar məzmunda izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X11 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək bildirmişlər ki, iddia ərizəsində qeyd edilənlər həqiqətəuyğun deyil və tamamilə əsassızdır. Belə ki, iddia ərizəsində qeyd edilir ki, guya ataları X13 vəfat etməmişdən əvvəl onun mülkiyyətində 18 baş balalı inək, hər biri 1.150 manat olmaqla cəmi 20.700 manat dəyərində, 1 baş boğaz inək qiyməti 1.100 manat dəyərində, 75 baş qoyun-quzu hər biri orta hesabla 200 manat olmaqla cəmi 15.000 manat dəyərində olmaqla, ümumilikdə 36.800 manat dəyərində qaramal və davar cavabdehlər tərəfindən mənimsənilib. Həqiqətdə isə mal-qara və qoyunlar ataları xəstə olmamışdan qabaq satılıb, bir qismi isə ataları xəstələndikdən sonra hissə-hissə satılaraq bu pullarla özünü müalicə etdirmişdir. Mərhum atalarının 8 baş mal-qarası, 16 qoyun və 8 quzusu var idi. Onu da məcburiyyətdən saxlayırdı. Həmişə deyirdi ki, qoca adam tez-tez xəstələnir, pul lazım olar. Bu pulu da mənə verən yoxdur. Ona görə də, əziyyət çəkirəm. Onlar üç bacı müəllimə işləyirlər. Mal-qara, qoyunları bağlamaq, südünü sağmaq kimi işləri bacarmırlar. Ona görə də, mal-qara və qoyunların sayı ilə maraqlanmamışlar və bilmirlər. Mərhum ataları Bakıda müalicə olunduğu zaman kənddə atalarına kimsə zəng vurub atalarının kənddə olmadığından istifadə edib Səbuhinin qoyunları oğurlayacağını bildirmişdir. Bundan sonra, ataları təşvişlə onlara zəng vurub demişdir ki, təcili qoyunları sayın və mənə deyin. Onlar onda bilmişlər ki, atalarının nə qədər mal-qara və qoyunu var. Ataları mal-qara və qoyunları sataraq Səbuhinin borclarının bir qismini ödəmişdir. Atalarının səhhətinin pisləşməsi Səbuhinin evdən gedişi və borc sahiblərinin hər gün yolda, evdə onu narahat etməsi də atalarına pis təsir etmişdir. Ataları oğlunun onu atıb getdiyi üçün çox kədərli idi. Bütün bu hadisələr atalarının səhhətini gündən-günə ağırlaşdırırdı. Səbuhinin borc pul aldığı tanışları tez-tez atalarının yanına gələrək borc pulu tələb edirdlər. Cavabdehlər iddia tələbini qəbul etməyərək atalarının hələ sağlığında mal-qaranı sataraq özünün müalicəsinə və qardaşları Səbuhinin borcunun bağlanmasına sərf edildiyini bildirdilər. Cavabdeh1 vəkili Vəkil2 cavabdehlərlə oxşar məzmunlu izahat verədək iddia tələbinin rədd olunmasını xahiş etdi. İddiaçının təşəbbüsü ilə dəvət edilmiş şahid X12 bildirdi ki, mərhum X13 onun qardaşı olmuşdur. Onda olan məlumata görə mərhum qardaşının 18 inəyi və 50 baş qoyun-quzusu vardı. Lakin həmin mal-qaranın əksəriyyəti satılmışdı, kimin satmasını dəqiq bilmir. Tam ortaqlı “Şamil” firması tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 05 saylı rəydə göstərilmişdir ki, 18 baş inək balalı birinin qiyməti 1.150 manat olmaqla cəmi 20.700 manat, 1 baş boğaz inək birinin qiyməti 1.100 manat olmaqla cəmi 1.100 manat, 75 baş qoyun-quzu birinin qiyməti 200 manat olmaqla cəmi 15.000 manat olmaqla ümumilikdə məbləği 36.800 manat təşkil etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən verilmiş 01 avqust 2022-ci il tarixli, 79 saylı arayışda qeyd edilir ki, idarə tərəfindən 25 fevral 2020-ci il tarixində X8 məxsus 18 baş iri buynuzlu heyvanlarda qarayara xəstəliyinə qarşı profilaktiki vaksinasiya aparılmış və 1 baş iri buynuzlu heyvan boğazlığın axırıncı ayı olduğuna görə profilaktiki vaksinasiya aparılmamışdır. AZ-İİ № 237262 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-ci il tarixində Füzuli rayonunda vəfat etmişdir. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X9 xx.xx.2018-ci il tarixində Füzuli rayonunda vəfat etmişdir. Füzuli rayon İHB Bala Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli, 3 saylı arayışda qeyd edilir ki, Füzuli rayon, Araz Zərgər kənd sakini olmuş mərhum X7 ölümündən qabaq həyətyanı sahəsində 8 iri buynuzlu heyvanı və 45 baş xırda buynuzlu heyvanı olmuşdur. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğunda qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, miras qoyan A.Səfərovun xx.xx.2022-ci il tarixində vəfat etməsi ilə miras açılmışdır. Miras qoyan vəsiyyətnamə qoymamışdır. Miras qoyanın birinci növbəli vərəsələri-İddiaçı, cavabdehlər-Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dır. İddiaçı atasından miras qalmış 18 baş balalı inək, hər biri 1.150 manat olmaqla cəmi 20.700 manat dəyərində, 1 baş boğaz inək qiyməti 1.100 manat dəyərində, 75 baş qoyun-quzu hər biri orta hesabla 200 manat olmaqla cəmi 15.000 manat dəyərində olmaqla, ümumilikdə 36.800 manat dəyərində qaramala münasibətdə vərəsəlik payının müəyyən edilməsini və dəyərinin ona verilməsini xahiş etmişdir. Bununla yanaşı, İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, atası vəfat etməmişdən bir neçə ay əvvəl ailəsini də götürüb başqa ünvanda kirayədə qalmışdır. Atası vəfat edəndən sonra ata-baba mülkünün həyətində iki baş inək görmüşdür. Lakin hesab edir ki, əslində mal-qaranın sayı çox olmuşdur. Belə ki, atası öləndən sonra bacıları dəyər-dəyməzinə malların hamısını satmışlar. İddiaçının sübut kimi təqdim etdiyi Füzuli rayon İHB Bala Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli, 3 saylı arayışda qeyd edilir ki, Füzuli rayon, Araz Zərgər kənd sakini olmuş mərhum X7 ölümündən qabaq həyətyanı sahəsində 8 iri buynuzlu heyvanı və 45 baş xırda buynuzlu heyvanı olmuşdur. Cavabdeh tərəf iddia ərizəsinə etirazda qeyd etmişlər ki, mərhum atalarının 8 baş mal-qarası, 16 qoyun və 8 quzusu var idi. İddiaçı tərəfin təşəbbüsü ilə dəvət edilmiş şahid X.Səfərov bildirdi ki, mərhum qardaşı A.Səfərovin onda olan məlumata görə 18 inəyi və 50 baş qoyun-quzusu vardı. Lakin həmin mal-qaranın əksəriyyəti satılmışdı, kimin satmasını dəqiq bilmir. Göründüyü kimi, miras əmlaka daxil olan mal-qaranın sayı ilə bağlı müxtəlif rəqəmlər tədqiq olunsa da məhkəmə cavabdeh tərəfin mülahizələrini əsas götürməyi lazım bilir. İddiaçı atası vəfat edəndən sonra ata-baba mülkünün həyətində iki baş inək gördüyünü bildirsə də məhkəmə hesab edir ki, bu izahat miras mülkün elə iki baş inəkdən ibarət olması anlamına gəlməməlidir. Belə ki, hər iki tərəfin izahatlarından belə nalşılır ki, İddiaçı atası rəhmətə getməmişdən bir neçə ay əvvəl mübahisə yarandığından ailəsi ilə birlikdə evdən çıxıb getmiş və kirayədə qalmışdır. Belə olan halda, miras əmlaka daxil olan mal-qaranın sayı barədə iddiaçının dedikləri dəqiq və müfəssəl hesab edilə bilməz. Cavabdehlər ataları vəfat edənə kimi və sonra həmin mülkə və orada olan əşyalara sahiblik etdiklərinə görə mal-qaranın sayı ilə bağlı onların dedikləri daha inandırıcı hesab edilməlidir. Cavabdehlər iddia tələbini qəbul etməyərək atalarının hələ sağlığında mal-qaranı sataraq özünün müalicəsinə və qardaşları Səbuhinin borcunun bağlanmasına sərf edildiyini bildirsələr də bu onların izahatlarından başqa hər hansı digər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bu hallarla bağlı çəkişmə prinsipini özündə təsbit edən MPM-in 77.1-ci maddəsinin mövqeyi qəti və aydındır: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, miras qalmış 8 baş inək, 16 qoyun və 8 quzuya dair İddiaçı ¼ hissədə vərəsəlik payı müəyyən edilməli və həmin əmlaklar naturada və ya bu mümkün olmadıqda dəyəri (mütəxəssis rəyi əsas götürülüb) cavabdehlərən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1244-cü maddəsində qeyd edilir ki, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. 1255-ci maddəsində göstərilir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, «…...Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir..….» Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu adı çəkilən Qərarında həm də göstərmişdir ki, «….miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun…..». Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X1 miras qalmış 8 baş inək, 16 qoyun və 8 quzudan ibarət əmlakın ¼ hissəsinə İddiaçı vərəsəlik payı tanınsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada hər birinin dəyəri 1.150 manat olan 2 baş inək, hər birinin dəyəri 200 manat olan 4 baş qoyun və hər birinin dəyəri 200 manat olan 2 baş quzu naturada və ya bu mümkün olmadıqda isə dəyəri pulla alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar