Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-226/2023 20.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.000 manat borcun və iddia qaldırmaq üçün dövlət rüsumuna görə ödənilmiş 130 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh 2020-ci ildən tanıyır. 2022-ci ilin ortalarında Cavabdeh ona yaxınlaşaraq bildirib ki, 10.000 manat borca pul lazımdır. 1 il müddətinə həmin pulu hissə-hissə qaytaracaqdır. O, buna bir yaxın adam kimi inandığı üçün Cavabdeh 10.000 manat pul vermiş və öz şəxsiyyət vəsiqəsinin surətini çıxarıb və şəxsiyyət vəsiqəsinin aşağısında ərizə yazaraq həmin pulu hissə-hissə 12 ay ərzində qaytaracağını qeyd etmişdir. Ancaq bu günə kimi Cavabdeh həmin puldan ona qaytarmamışdır. Dəfələrlə o, cavabdehə zəng etsə də ona bildirmişdir ki, yaxın vaxtlarda pulunu verəcək ancaq buna baxmayaraq onu yola verir, pulu vermək istəmir. Ona görə də, o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, cavabdeh əmək haqqı kartını ona versə də o, cəmi 1-2 dəfə həmi kartdan istifadə edərək Tovuz rayonunda bankomatdan pul çıxara bilmişdir. Cavabdeh özü şəxsən bu vaxta kimi ona cəmi 300 manat qaytarmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, İddiaçı 10.000 manat deyil, 4.450 manat götürmüş və onu da qaytarmışdır. Belə ki, əmək haqqı kartını iddiaçıya vermiş və iddiaçı özü həmin kartdan onun borclu olduğu məbləği tam şəkildə çıxarmışdır. Onun iddiaçıdan 10.000 manat borc almasına dair öz xətti ilə yazdığı qəbzi iddiaçının təkidi ilə yazmışdır və qeyd etdiyi kimi o, iddiaçıdan əslində 10.000 manat götürməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin faktiki hallarından görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 10.000 manat borc alaraq 12 ay müddətində hissə-hissə qaytarmağı barədə üzərinə öhdəlik götürsə də buna lazımınca əməl etməmişdir. Cavabdeh iddiaçıdan 10.000 manat deyil, 4.450 manat götürdüyünü və onu da qaytardığını bildirsə də bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə cavabdehin bu mülahizələri inandırıcı hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh orada İddiaçı 10.000 manat borc aldığını bildirmişdir. Bu hallarla bağlı çəkişmə prinsipini özündə təsbit edən AR MPM-in 77.1-ci maddəsinin mövqeyi qəti və aydındır: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, "xxxx" ASC-dən təqdim edilmiş çıxarışdan görünür ki, cavabdehin adına olan 5103 0714 3653 1483 əmək haqqı kartından xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixlərdə Tovuz şəhərində müxtəlif ünvanlarda yerləşən bankomatlardan 1.266 və 100 manat olmaqla cəmi 1.366 manat çıxarılmışdır. Cavabdeh Füzuli rayonu, İddiaçı isə Tovuz rayonu ərazisində yaşamaları qeyd olunan 1.366 manatın məhz iddiaçı tərəfindən götürüldüyünə dəlalət edir. Bununla yanaşı, iddiaçı cavabdeh tərəfindən ona 300 manat qaytarıldığını bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cəmi (1.266+100+300=1.666) 1.666 manat geri alınmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə (10.000-1.666=8.334) 8.334 manat tutulmalıdır. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, AR MPM-in 107, 115.0 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə MPM-in 119.1-ci maddəsinə isnad edərək belə qənaətə gəlir ki, cəmi 130 manat dəyərində dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə münasib olmaqla, (iddia tələbi 10.000 manat : təmin olunmuş hissəsi 8.334 manat = 1.19, 130 manat : 1.19 = 109,2) 109,2 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan (130 – 109,2 = 20,8) 20,8 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 8.334 manat və ödənilmiş 130 manat dövlət rüsumunun 109,2 manat hissəsi olmaqla cəmi 8.443,2 manat tutulsun. 130 manat dövlət rüsumunun 20,8 manat hissəsi iddiaçıya aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-226/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-226/2023
20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver