Məhkəmə qərarları › İş №2(064)-251/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-251/2023

08.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-251/2023 08.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2.000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, məcburi köçkün kimi Füzuli rayonu, Mahmudlu-2 kəndində yaşayır. O, şəhid anasıdır. Mərhum oğlu X1 27 sentyabr 2020-ci il tarixdə 44 günlük Vətən Müharibəsi zamanı döyüşlərdə şəhid olmuşdur. O, oğlu Elsafa ilə birlikdə Cavabdeh1 onun torpağını satın almaq məqsədi ilə 2000 manat pul vermişdir. Lakin cavabdeh torpağı onların adlarına rəsmiləşdirməmiş, hələ üstəlik həmin torpaq sahəsini başqa bir adama satmışdır. İndi o, sadəcə olaraq cavabdehdən onların ödədiyi pulu geri istəyir. Cavabdeh1 özü də borcunu etiraf etsə də, hər dəfə onu ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Ona görə də, mülki qanunvericiliyə uyğun olaraq həmin məbləğin qaytarılması barədə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında: İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Nümayəndə həmçinin bildirdi ki, mərhum qardaşı iddiaçıdan qeyd olunan torpaq sahəsini alsa da sənədləri almamışdır. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 2 ha torpaq sahəsini iddiaçının mərhum oğluna satmamış, 5 il müddətinə icarəyə vermişdir. Bu müddət başa çatdıqdan sonra o, iddiaçı tərəfi məlumatlandırdıqdan sonra torpaq sahəsini başqa şəxsə satmışdır. Bu müddət ərzində həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri onda olmuşdur. Əgər həmin torpaq sahəsini iddiaçı tərəfə satsaydı sənədlərini də qarşı tərəfə verərdi. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tələbini belə əsaslandırmışdır ki, mərhum oğlu E.Əliyev cavabdehdən 2.000 manata torpaq sahəsini alsa da cavabdeh 5 ildən sonra həmin torpaq sahəsini başqa şəxsə satmış və aldığı pulu qaytarmamışdır. Cavabdeh1 isə iddia tələbini qəbul etməyərək bildirdi ki, o, qeyd olunan torpaq sahəsini iddiaçının mərhum oğluna satmamış, 5 il müddətinə icarəyə vermişdir. Bu müddət başa çatdıqdan sonra o, iddiaçı tərəfi məlumatlandırdıqdan sonra torpaq sahəsini başqa şəxsə satmışdır. Bu müddət ərzində həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri onda olmuşdur. Göründüyü kimi, iddiaçı qeyd olunan torpaq sahəsinin cavabdeh tərəfindən satıldığını iddia etsə də cavabdeh bu halı inkar etmiş, iddiaçı isə bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, məhkəmə hesab edir ki, torpaq sahəsi həqiqətən də alqı-satqı əməliyyatının predmeti olmuşdursa onda ən azından həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri də qarşı tərəfə, yəni alıcıya verilərdi. Bu hallarla bağlı AR MPM-in 77.1-ci maddəsinin mövqeyi aydın və qətidir: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə belə qərara gəlir ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası əsassız sayılaraq rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar