Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-39/2025 09.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - İddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra - Məhkəmə) müraciət edərək Cavabdeh (bundan sonra - Cavabdeh) İddiaçıya məxsus cehiz və qızıl-zinət əşyalarının, özü olmadıqda isə 9550 manat dəyərinin alınaraq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsini bununla əsaslandırılıb ki, İddiaçının həyat yoldaşı X1 xx.xx.2024-cü il tarixdə vəfat edib. Yoldaşı vəfat etdikdən sonra o, atası evinə gedib və o vaxtdan ata evində yaşayır. İddiaçı evdən gedərkən ona məxsus cehiz əşyaları və qızıl-zinət əşyaları Cavabdehin yaşadığı evdə qalıb. Ona gərə də Məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verərək bildirdi ki, cehiz əşyalarının qaytarılması tələbindən imtina edir. Belə ki, qarşı tərəflə bu mövzuda razılığa gəliblər və əşyalar qaytarılıb. Qeyd olunan qızıl-zinət əşyaları isə 1 ədəd qırmızıqaş üzük və 1 ədəd bilərzikdən savayı hər biri ona qaytarılmışdır. İddiaçı 1 ədəd qırmızıqaş üzük və 1 ədəd bilərziyin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, cehiz əşyalarının qaytarılması mövzusunda razılığa gəliblər və əşyalar qaytarılıb. Həmçinin tələb olunan qızıl-zinət əşyalarının da 1 ədəd qırmızıqaş üzük və 1 ədəd bilərzikdən savayı hər biri İddiaçıya qaytarılmışdır. Sadəcə tələb olunan qızıllardan 1 ədəd qırmızıqaş üzük və 1 ədəd bilərzik hazırda onda deyil, banka girov qoyub, ona görə də qaytara bilmir. Lakin tezliklə qaytaracağına söz verir. İş materiallarına əlavə olunmuş: Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surəti əsasında müəyyən olunur ki, cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilməyib. İddiaçının təqdim etdiyi qızıl-zinət əşyalarının siyahısı əsasında müəyyən edilir ki, tələb olunan qızıllar 1 ədəd 500 manat dəyərində üç qaş üzük, 1 ədəd 300 manat dəyərində qırmızı qaş üzük, 1 ədəd 400 manat dəyərində nişan üzüyü, 1 ədəd 500 manat dəyərində yoldaşına məxsus nişan üzüyü, 1 ədəd 350 manat dəyərində əlavə üzük, 1 ədəd 1100 manat dəyərində boyunbağı, 1 cüt 400 manat dəyərində sırğa və 2 ədəd cəmi 1000 manat (500 manat + 500 manat) dəyərində bilərzikdən ibarətdir. Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 769896 saylınikah haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, İddiaçı ilə X1 arasında xx.xx.2012-ci il tarixli nikah aktı qeydə alınıb. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 73 saylı qiymətləndirmə rəyi əsasında müəyyən olunur ki, İddiaçının tələb etdiyi qızıl-zinət məmulatlarının qiymətləndirmə gününə bazar qiymətilə dəyərinin ümumi məbləği 5035 manat təşkil edir. Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 427751 saylı, xx.xx.2024cü il tarixli ölüm haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, İddiaçının əri X1 xx.xx.2024-cü il tarixdə Füzuli rayonunda ölüb. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Məhkəmə iclasında həm İddiaçı tərəfindən, həm də Cavabdeh tərəfindən etiraf olunmuşdur ki, tələb olunan cehiz əşyaları qarşılıqlı razılıq əsasında İddiaçıya geri qaytarılmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, cehiz əşyalarına münasibətdə tələb təmin edilməməlidir. Qızıl-zinət əşyalarının tələbinə münasibətdə isə Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçının tələb etdiyi 1 ədəd qırmızı qaş üzük və 1 ədəd bilərzikdən başqa digər qızılzinət əşyalarını məhkəmə iclasında İddiaçının özünə qaytardı. Məhkəmə Cavabdehin izahatı və yazılı ərizəsi əsasında müəyyən edir ki, qeyd olunan 1 ədəd qırmızı qaş üzük və 1 ədəd bilərzik İddiaçıya məxsus olduğu halda Cavabdeh tərəfindən banka girov qoyulub, lakin geri qaytaracağına söz verir. Məhkəmə qeyd olunan iddia tələbinin qanunvericilikdə təsbit olunmuş əsasları ilə bağlı mülki və ailə qanunvericiliklərinin bir sıra normalarına istinad etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. MM-in 225.3-cü maddəsinin tələbinə görə isə daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələri də eyni mövqeni ifadə edir. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Odur ki, Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3, 112, 119, 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 1 ədəd 300 manat dəyərində qırmızı qaş üzük və 1 ədəd 500 manat dəyərində bilərzik, həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə isə onların dəyəri alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-39/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-39/2025
09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver