Məhkəmə qərarları › İş №2(064)-403/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-403/2025

14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-403/2025 14.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya dəyərinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Hüseynov X1 Üfüqə Qubad qızına qarşı “qızıl-zinət əşyalarının və ya dəyərinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 ona məxsus 11,3 qram çəkidə bir ədəd qızıl nişan üzüyü və 3,5 qram çəkiclə bir ədəd qızıl zəncirvari boyun bağının naturada və ya bu mümkün olmadıqda qızıl-zinət əşyalarının dəyərinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, İddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa riayət olunmamış, iddia ərizəsinin forması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Ona görə ki, iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Mövcud iddia ərizəsinin məzmunundan aydın görünür ki, iddiaçı iddia ərizəsində alınmasını tələb etdiyi qızıl-zinət əşyalarının dəyərini göstərməmiş və bu barədə sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. O, qızıl-zinət əşyarlarının özünü və ya bu mümkün olmadıqda onların dəyərinin alınaraq ona verilməsini xahiş etsə də, qeyd olunan qızıl-zinət əşyalarının dəyərini iddia ərizəsində qeyd etməmişdir. Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmələrdə iddia qaldırılarkən iddia ərizəsinin forma və məzmununa riayət edilməlidir. Belə ki, iddia ərizəsində cavabdehə (və ya cavabdehlərə) qarşı konkret yönələn tələb olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Göründüyü kimi iddiaçı iddia ərizəsində qeyri-müəyyən tələblərlə məhkəməyə müraciət etməklə Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanan xüsusatlara əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya dəyərinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar