Məhkəmə qərarları › İş №2(064)-476/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-476/2023

29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-476/2023 29.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (bundan sonra - ərizəçi) maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə (bundan sonra – maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onunla X3 arasındakı nikahdan 29 mart 1996-cı il tarixdə Sabirabad rayonu, Qalaqayın kəndində doğulmuş X4 10 oktyabr 2000-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində və məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, onunla X3 arasındakı nikahdan 29 mart 1996-cı il tarixdə doğulmuş X6 (bundan sonra – Vətən) adlı övladı əziyyət çəkdiyi “qıcolma” xəstəliyinə görə dəfələrlə müalicə olunsa da, 10 oktyabr 2000ci il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində birlikdə yaşadıqları, onun baldızı X2 məxsus evdə həmin xəstəlikdən vəfat etmişdir. Vətənin ölümü anidən baş verdiyinə görə təcili yardım çağıra bilməmişlər. Sonuncunu Füzuli rayonu, Əhmədbəyli kənd qəbirsanlığında dəfn etmişlər. Vətənin ölməsi barəsində tibbi sənəd tərtib edilmədiyinə görə Füzuli rayon qeydiyyat şöbəsi həmin ölüm faktını qeydə almaqdan imtina etmiş, ona həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Göstərdiyi səbəbdən Vətən barəsində ölüm haqqında şəhadətnaməni məhkəmədən kənar qaydada ala bilməmişdir. Bu hal ona müvafiq sənədləşmə işlərinin aparılmasında problem yaradır. Vətənin ölməsi faktını aralarındakı nikah pozulsa da, hazırda birlikdə yaşadığı sabiq əri X3, baldızı X5 və digər şəxslər şahid qismində təsdiq edə bilərlər. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 atası X3 və bibisi X5 verdikləri izahatlarında ərizəçinin məhkəmə iclasında verdiyi izahatında göstərdiyi hallar barədə sonuncu ilə eyni məzmunda göstərmişlər. Azərbaycan Respublikası MPM-in: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi növündə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-ci il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki: - X6 29 mart 1996-cı il tarixdə Sabirabad rayonu, Qalaqayın kəndində doğulmuş, atası X3, anası Ərizəçidır (Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli, 819/05 nömrəli arayış əsasında). - X6 10 oktyabr 2000-ci il tarixdə vəfat etmiş, Füzuli rayonu, Əhmədbəyli kənd qəbirsanlığında dəfn olunmuşdur (Füzuli Rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 08 fevral 2023-cü il tarixli arayışa əsasən). - X4 ölümü barədə akt qeydi arxivdə aşkar edilməmiş və ölüm haqqında şəhadətnamə verilməmişdir (Füzuli rayon qeydiyyat şöbəsinin 13 dekabr 2022-ci il tarixli, 629/05-13 nömrəli məktubu əsasında). Məhkəmə göstərilənlər əsasında işin faktiki hallarını ümumi şəkildə belə müəyyən etmişdir ki, ərizəçinin övladı X6 10 oktyabr 2000-ci il tarixdə Füzuli rayonunda vəfat etmiş, Füzuli rayonu, Əhmədbəyli kənd qəbirsanlığında dəfn olunmuşdur. Sonuncunun ölümü barədə tibbi sənəd və ya həkim rəyi tərtib edilmədiyinə görə Füzuli rayon qeydiyyat şöbəsində ölüm akt qeydi aparılmamışdır. X4 ölüm faktının müəyyən edilməsi ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 358.0.1, 307, 308, 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 29 mart 1996-cı il təvəllüdlü X4 10 oktyabr 2000-ci il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar