Məhkəmə qərarları › İş №2(064)-503/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-503/2023

29.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-503/2023 29.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “cavadehin torpaq sahəsindən çıxarılması və cavabdehə torpaq sahəsindən istifadə etməsinin qadağan edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli rayonu, Şıxlı kəndində “Araz yatağı” adlanan ərazidə yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28 noyabr 2018-ci il tarixli, ********** nömrəli Çıxarışa əsasən icarə hüququ dövlət qeydiyyatına alınmış 6 ha torpaq sahəsindən çıxarılması və cavabdehə həmin torpaq sahəsindən istifadə olunmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh verdiyi vəsatətində həm özü, həm də iddiaçının vergi ödəyicisi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmalarına, iş üzrə mübahisə predmeti olan torpaq sahəsindən özünün hazırda həm əkin, həm də heyvandarlıq, beləliklə də sahibkarlıq fəaliyyəti gösərmək məqsədilə istifadə etməsinə, iddiaçının isə gələcəkdə sahibkarlıq məqsədilə istifadə etmək istədiyinə görə iş üzrə iddia tələbinə məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olduğunu göstərərək, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi isə məhkəmə iclasında verdikləri izahatlarında iddiaçının mübahisəli torpaq sahəsindən heyvandarlıq məqsədilə istifadə etmək niyyətinin olması və “yağdəyişmə” fəaliyyəti üzrə vergi ögəyicisi kimi dövlət qeydiyyatına alındığına görə cavabdehin verdiyi vəsatətin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə cavabdeh tərəfindən verilmiş vəsatətin düzgün həll edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. İddia ərizəsinə əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28 noyabr 2018-ci il tarixli, ********** nömrəli Çıxarışda göstərilmişdir ki, Füzuli Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış 22 noyabr 2018-ci il tarixli, 3M-157 nömrəli icarə müqaviləsi əsasında iddiaçının Füzuli rayonu, Şıxlı kəndində “Araz yatağı” adlanan ərazidə yerləşən, əkin təyinatlı, ehtiyyat fonduna daxil olan 6 ha torpaq sahəsi üzərində icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Elektron məhkəmə portalından əldə edilib iş materiallarına əlavə edilmiş məlumatlarda göstərilmişdir ki,: - iddiaçı 20 fevral 2012-ci il tarixdə verilmiş ********** nömrəli VÖEN əsasında vergi ödəyicisi kimi qeydiyyata alınmış, hazırda yağdəyişmə fəaliyyəti üzrə vergi ödəyicisidir, onun VÖEN statusu aktivdir, - cavabdeh 06 mart 2019-cu il tarixdə verilmiş ********** nömrəli VÖEN əsasında digər dənli bitkilərin becərilməsi fəaliyyəti üzrə hüquqi ünvanı ünvan 1nu müvəqqəti dayandırmışdır. Azərbaycan Respublikası MPM-in: - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki,: - məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd). - İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir (13-cü bənd). - Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (o cümlədən fərdi sahibkarlar) iştirak edə bilərlər (20-ci bənd). - Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir (28-ci bənd). Məhkəmə yuxarıda göstərilən işin faktiki halları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqelərinə əsaslanaraq belə nəticəyə gəlir ki,: - iş üzrə iddiaçı və cavabdeh vergi ödəyicisi olmaqla fərdi sahibkar statusunda olduqlarına, - cavabdeh hüquqi ünvanı ünvan 2ergi ödəyicisi kimi qeydiyyata alındığına, - cavabdehin VÖEN-nin aktiv olmamasının onun fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirilməsinə əsas vermədiyinə, - iddiaçının isə yağdəyişmə fəaliyyəti üzrə vergi ödəyicisi kimi qeydiyyata alınsa da, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olmasının işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirməməsinə, - iş üzrə mübahisənin predmetini əşya-hüquqi münasibətlərdən irəli gələn torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqlarının müdafiəsi təşkil etdiyinə, - məhkəmə iclasında verdikləri izahatlarında iddiaçı iş üzrə mübahisənin predmetini təşkil edən torpaq sahəsini orada kənd təsərrüfatı, yəni vergi ödəyicisi kimi qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə icarəyə götürdüyünü, cavabdeh isə həmin torpaq sahəsindən həm əkin, həm də heyvandarlıq, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə istifadə etdiyini bildirdiklərinə, beləliklə də Azərbaycan Respublikası MPM-in 24.2 və 32.4-cü maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsasında hazırki mübahisəyə baxılmasının kommersiya məhkəməsinin səlahiyyətinə aid olduğu müəyyən edildiyinə görə cavabdehin verdiyi vəsatət qismən təmin edilməli, iş materialları baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublika.sı MPM-in 25.1, 26.1, 31, 32, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı verdiyi “cavadehin torpaq sahəsindən çıxarılması və cavabdehə torpaq sahəsindən istifadə etməsinin qadağan edilməsi” barədə iddia ərizəsi üzrə 2(064)-503/2023 nömrəli iş materialları məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar