Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-677/2025 21.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edirərək mərhum anası X1 2000-ci ildə Füzuli rayonunun Mahmudlu 1 kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası X1 xx.xx.2000-ci ildə Füzuli rayonunun Mahmudlu 1 kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi və ərizəsinin məzmununa oxşar izahat verdi. İş üzrə maraqlı şəxs Füzuli Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025 tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə Füzuli rayonu, Mahmudlu-1 kəndində doğulmuş, atası X5, anası isə X2r. İş materiallarında olan Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun anası X1 ölümü ilə bağlı şöbənin arxivində və elektron informasiya sisteminə baxış zamanı X1 ölümü ilə bağlı heç bir akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və ərizəçinin anasına məxsus olduğunu bildirdiyi qəbirüstü abidənin üzərindəki yazılarda həmin qəbirüstü abidənin X3 məxsus olması göstərilir. Ərizəçi ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, X4 onun anasıdır. Ərizəçinin iş materiallarına əlavə edərək məhkəməyə tədim etdiyi özünün doğum haqqında arayışdan görünür ki, onun anası olaraq qeyd edilmiş şəxs hazırda ölüm faktının müəyyən edilməsi xahiş olunan X4 deyil, X2r. Həmçinin iş materiallarına ərizəçi tərəfindən əlavə edilmiş anasına məxsus olduğunu bildirdiyi qəbirüstü abidənin üzərindəki yazılardan isə həmin qəbirüstü abidənin X3 məxsus olması müəyyən edilir. Məhkəmə hesab edir ki, həmin şəxslərin eyni şəxs olmaları barədə sübutu, yəni hazırki faktın müəyyən edilməsinin onun üçün hüquqi nəticələrə səbəb olacağına dair sübutu təqdim etmədiyindən, beləliklə də hazırki məsələnin həll edilməsi ərizəçi üçün hüquqi nəticələrə səbəb olmadığından hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz, ərizə üzrə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 262.3-ci maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə qeyd edir ki, şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəyə yalnız onun doğum faktı bəlli olduqdan sonra baxılıb həll edilməli məsələ olduğundan, ərizəçiyə anası olaraq qeyd etdiyi şəxsin doğum tarixini təsdiq edən sənədin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan müvafiq orqana müraciət etmək hüququnun olması izah edilməlidir. Həmin orqan bundan yazılı imtina etdiyi halda həmin şəxsin ölüm faktının müəyyən edilməsi üçün ərizəçi məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə onun anası olaraq qeyd etdiyi şəxsin doğum tarixini təsdiq edən sənədin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan müvafiq orqana müraciət etmək hüququnun olması izah edilir. Həmin orqan bundan yazılı imtina etdiyi halda həmin şəxsin ölüm faktının müəyyən edilməsi üçün ərizəçi məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-677/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-677/2025
21.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver