Məhkəmə qərarları › İş №2(064)-804/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-804/2023

21.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-804/2023 21.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 617 manat pulun və 7 baş qoyunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonu, Zobucuq-4 qəsəbəsində yaşayır. X1 birlikdə 65 baş qoyunları var imiş. 2020-ci il 15 noyabr tarixində onların qohumu olan Yuxarı Seyidəhmədli kənd sakini Cavabdeh onların qoyunlarının saxlanıldığı yerə gəlmişdir. Qoyunlara baxmış və seçmə üsulu ilə 7 baş şişək (dişi) qoyunları seçmişdir. Cavabdeh oğluna demişdir ki, sən qoyunları bağlı saxlayırsan, o, isə gəzəri otarır. Qoyunları ver aparım, qohum kimi bunlara yaxşı baxacam. Çoxlu balalarla qaytarıb verəcəm. Oğlu da onunla razılaşmışdır. O, oğluna demişdir ki, bu qoyunları satmısan? Oğlu da yox, Şamil yaxşı baxacaq, quzuları da çox olacaq. Bundan başqa, cavabdeh oğluna məxsus mağazadan 417 manat dəyərində çiyid, arpa, kəpək yem məhsulları da aparmışdır. Bunları da oğlu və o, vermişdir. Sonra bir də gəlib oğlu Səxavətə deyib ki, gedirəm “Kapital Banka” kredit götürüb sənin 417 manat borcunu verəcəm, əlavə olaraq cavabdeh demişdir ki, 150 manat pul ver, kredit götürüb axşam üstü pulunu qaytaracdır. Oğlu da xırda pul olmadığı üçün 200 manat pul verib. O gedən Şamil mağazinə gəlməyib. Dəfələrlə zəng vurmuşdur. İyul, avqust 2022-ci tarixdə qoyunları apardığından 1 il 11 ay keçəndən sonra zəng vurmuşdur ki, qoyunları, pulları al. Ona dedi ki, nə qoyun, nə pul? Mən pulu almaq üçün onlara getdim, evdə olmadı. Ona zəng edib dedi ki, bizə niyə gəlmişdin?. Dedim apardığın qoyunları, onların balaları və aldığın pul üçün.Mənə dedi səni şərə salacam, dedim niyə qoyunun pulunu istədiyim üçün? Sonra dedi ki, bir vedrə benzinlə gəlib sənin yanında özümü yandıracam. Dedim sən kişisən dediklərinə, aldıqlarına cavab ver. Məni qohum kimi aldatdığın üçün bunları səndən alacam. Ağsaqqalarına dedim heç bir xeyri olmadı. Telefon danışıqları var, axır sözü bu oldu ki, mənim burnumqan qan olub gələr, sizin qoyunları və pulları verəcəm. Cavabdeh 2023-cü ilin yanvar ayından borcunu az-az ödəyəcəyinə söz vermişdir. O, da razılaşmışdır. Lakin cavabdeh nə pulu nə də qoyunları vermək istəyir. Dedi ki qoyunlarının 30-35 balaları olmalı idi. Onlar sənin olsun, apardığın 7 qoyunu və aldığın 417 manat mağazin və 200 manat aldığın borc pulu qaytar. O da qaytarmaq istəmir. O, bu barədə Füzuli rayon Polis Şöbəsinə müraciət emişdir. Polis şöbəsindən ona bildirmişlər ki, mülki iş olduğu üçün məhkəməyə müraciət edin. Məlumat üçün bildirir ki, həmin qoyunların törəməsi və özünün qoyunları bir sürüdü. Cavabdeh mal sürüsü olduğuna baxmayaraq nə verdiyi 7 baş şişək qoyunu, nə də borc aldığı pulları qaytarır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia tələbini dəqiqləşdirərək bildirdi ki, cavabdeh ondan 417 manat dəyərində nisyə şəkildə mal, o cümlədən arpa, çiyid, kəpək və sair alaraq pulunu ödəməmişdir. Bundan başqa, cavabdeh ondan 200 manat pulu borc alaraq qaytarmamışdır. Həmçinin cavabdeh onun 7 baş qoyununu aparsa da geri qaytarmamışdır. Həmin qoyunun 1 başının qiyməti 400 manat təşkil edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Füzuli RPŞ-də verdiyi izahatında göstərmişdir ki, İddiaçı 7 qoyunun əvəzinə hər birini 200 manatdan hesablayaraq 1.400 manat və 600 manat da ona olan dükanın və əl borcunu ödəmişdir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh İddiaçı 417 manat dəyərində nisyə şəkildə mal, o cümlədən arpa, çiyid, kəpək və sair alaraq pulunu ödəməmişdir. Bundan başqa, cavabdeh iddiaçıdan 200 manat pulu borc alaraq qaytarmamışdır. Həmçinin cavabdeh iddiaçıya məxsus 7 baş qoyununu aparsa da geri qaytarmamışdır. İddiaçının mülahizələrinə görə həmin qoyunun 1 başının qiyməti 400 manat təşkil edir. Cavabdeh Füzuli RPŞdə verdiyi izahatından göründüyü kimi, o, iddiaçıdan qeyd olunan malları aldığını etiraf etmiş və pulunu ödədiyini və borcunu qaytardığını bildirmişdir. Lakin cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu hallarla bağlı, MPM-in 77.1-ci maddəsinin tələbi qəti və aydındır: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 617 manat və hər birinin dəyəri 400 manat olan 7 baş qoyun naturada və ya bu mümkün olmadıqda onun dəyəri pulla alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar