Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-812/2024 08.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, Ərizəçi Füzuli Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (bundan sonra - ərizəçi) maraqlı şəxs Füzuli Rayon Qeydiyyat Şöbəsinə (bundan sonra – maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək qızı X1 xx.xx.1995-ci il tarixdə Füzuli rayonu, Babı kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin qızı X2 (bundan sonra – ərizəçinin qızı) xx.xx.1995-ci il tarixdə Füzuli rayonu, Babı kəndində vəfat etmiş və Füzuli rayonu, Babı kənd qəbirstanlığında dəfn edilmişdir. Sonuncunun ölməsi barədə tibbi sənəd tərtib edilmədiyinə görə Füzuli Rayon Qeydiyyat Şöbəsi həmin ölüm faktını qeydə almaqdan imtina etmiş, iddiaçıya həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Göstərilən səbəbdən iddiaçı qızının ölümü haqqında şəhadətnaməni məhkəmədən kənar qaydada ala bilməmişdir. Bu hal ona müvafiq sənədləşmə işlərinin aparılmasında problem yaradır. Məhkəmə iclasında ərizəçi ərizəsinə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində X3 və X4 verdikləri ifadələrində ərizəçinin ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərdiyi işin halları barədə sonuncu ilə eyni məzmunda ifadə vermişlər. Azərbaycan Respublikası MPM-in: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi növündə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-ci il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki,: - X2 xx.xx.1995-ci il tarixdə Füzuli rayonu, Babı kəndində vəfat etmiş, Babı kənd qəbirsanlığında dəfn olunmuşdur. (Füzuli Rayon İcra Hakimiyyəti başçısının Arayatlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən); - X1 ölümü barədə akt qeydi arxivdə aşkar edilməmiş və ölüm haqqında şəhadətnamə verilməmişdir (Füzuli Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışı əsasında). Məhkəmə göstərilənlər əsasında hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsi ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Məhkəmə tədqiq edilmiş, yuxarıda göstərilən sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də onunla qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 358.0.1, 307, 308, 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 xx.xx.1995-ci il tarixdə Füzuli rayonu, Babı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-812/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-812/2024
08.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver