Məhkəmə qərarları › İş №2(064)-820/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-820/2023

06.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-820/2023 06.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Şərafət oğlunun Cavabdeh qarşı verdiyi “mülkiyyətində olan avtomobilin və qeydiyyat şəhadətnaməsinin ona qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Şərafət oğlu (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “JEEP GRAND CHEROKEE MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin, onun qeydiyyat şəhadətnaməsinin və dövlət rüsumuna görə ödədiyi 100 manat məbləğində pulun Cavabdeh (bundan sonra - cavabdeh) alınıb ona verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində və məhkəmənin hazırlıq iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, dost münasibətində olduğu X1 (bundan sonra - Anar) xahişi ilə mülkiyyətində olan “JEEP GRAND CHEROKEE MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili və qeydiyyat şəhadətnaməsini 2022-ci ilin oktyabr ayında notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında avtomobili idarə etmək hüququnu Anarın mağazasında satıcı işləyən şəxs kimi tanıdığı cavabdehə etibar etdiyinə görə sonuncuya təhvil vermişdir. Anar ona cavabdehlə aralarında olmuş işgüzar münasibətlərin pozulduğunu dedikdən sonra sonuncudan həmin avtomobili və qeydiyyat şəhadətnaməsini ona qaytarmasını tələb etmişdir. Cavabdeh həmin tələbini icra etməkdən imtina etdiyinə görə 12 aprel 2023-cü il tarixdə göstərdiyi etibarnaməni notariat qaydasında ləğv etdirmişdir. Lakin cavabdeh yenə də həmin avtomobili və qeydiyyat şəhadətnaməsini ona qaytarmaqdan imtina etmişdir. Göstərdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir. İddiaçı və cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmiş, cavabdeh bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ünvanladığı 05 iyul 2023-cü il tarixli müraciətində onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında verdiyi izahatında və müvafiq xahişi ilə özünə qaytarılmış qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, X4 (bundan sonra - Anar) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə əslində, özünə məxsus olan “JEEP GRAND CHEROKEE MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyət hüququnu formal olaraq iddiaçının adına dövlət qeydiyyatına aldırmışdır. 2022-ci ildə Anara həmin avtomobili almaq üçün cəmi əlli min manat məbləğində pul ödəmiş, buna görə də faktiki olaraq həmin avtomobili sonuncudan almışdır. Bu səbəbdən 18 oktyabr 2022-ci il tarixdə iddiaçı ona həmin avtomobili idarə etməyi etibar etməsi barədə notariat qaydasında təsdiq edilmiş etibarnamə vermişdir. Baxmayaraq ki, həmin avtomobil onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmamış və avtomobil dövlət qeydiyyatında cavabdehin mülkiyyəti kimi qalmışdır. Hesab edir ki, yalnız iddiaçı ona avtomobili almaq üçün ödədiyi əlli min manat məbləğində pulu qaytararsa, iş üzrə iddia tələbi təmin edilə bilər. İddiaçı ona həmin pulu qaytarmadığına görə 18 oktyabr 2022-ci il tarixdən özünün sahibliyində olan həmin avtomobili və qeydiyyat şəhadətnaməsini iddiaçıya qaytarmaqdan imtina etmiş, iddia tələbinin təmin edilməməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə mülki işin materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında işin tərəflərin mübahisələndirmədiyi və ya mübahisəsiz faktiki halları ilə bağlı müəyyən etmişdir ki,: - “JEEP GRAND CHEROKEE MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil 14 oktyabr 2022-ci il tarixdə iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır (Nəqliyyat vasitəsinin 14 oktyabr 2022-ci il tarixli, BA221437 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən). - İddiaçı 18 oktyabr 2022-ci il tarixdə mülkiyyətində olan “JEEP GRAND CHEROKEE MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnu 20 dekabr 2028-ci il tarixədək cavabdehə etibar etmiş, 12 aprel 2023-cü il tarixdə həmin etibarnaməni ləğv etmişdir (18 oktyabr 2022-ci il tarixli etibarnamənin surətinə əsasən). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin məhkəmənin hazırlıq iclasında verdiyi etirafedici izahatı və 18 oktyabr 2022-ci il tarixli etibarnamə əsasında işin mübahisəsiz faktiki halı ilə bağlı, həmçinin müəyyən etmişdir ki, cavabdeh 18 oktyabr 2022-ci il tarixdən sahibliyində olan “JEEP GRAND CHEROKEE MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili və qeydiyyat şəhadətnaməsini iddiaçıya qaytarmaqdan imtina etmişdir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13.İ maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29.İİ maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 29.İİİ maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 29.İV maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. - 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. - 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. - 365.1.3-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-ci il tarixli Qərarında göstərilmişdir ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Məhkəmə yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən işin müəyyən edilmiş faktiki halları, qanunvericilik normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə nəticəyə gəlir ki,: - “JEEP GRAND CHEROKEE MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin 14 oktyabr 2022-ci il tarixli, BA221437 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla mülkiyyətində olduğuna, - etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət sayılması səbəbindən əmlakın özgəninkiləşdirilməsinə dair əqd hesab edilmədiyinə, - mübahisəli avtomobilin mülkiyyətçisi olan iddiaçının həmin əmlakını etibarnamə əsasında cavabdehin idarəçiliyinə verməsi ona mülkiyyət hüququnun sonuncuya keçməsinə səbəb olmadığına, - həmin etibarnaməyə əsasən cavabdeh mübahisəli avtomobili iddiaçının mənafeyi naminə idarə etməli olduğuna, - göstərilən etibarnamənin qüvvəsinə onu vermiş iddiaçı tərəfindən 12 aprel 2023-cü il tarixdə ləğv edilməsi nəticəsində xitam verildiyinə, - iddiaçının mübahisəli avtomobili və qeydiyyat şəhadətnaməsini mülkiyyətçisi kimi cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olduğuna, - cavabdeh mübahisəli avtomobili və qeydiyyat şəhadətnaməsini iddiaçıya qaytarmaqdan imtina etdiyinə, - cavabdeh izahatında iş üzrə mübahisəli avtomobili almaq üçün onun dəyərini təşkil edən müəyyən məbləğdə pulu iddiaçıya deyil, X3 verdiyini göstərdiyinə, bu səbəbdən gələcəkdə sonuncuya qarşı pul tələbinə dair ayrıca icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iş üzrə verdiyi qarşılıqlı iddianı geri götürdüyünə görə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarında olan 13 aprel 2023-cü il tarixli qəbz əsasında müəyyən etmişdir ki, iddiaçı iş üzrə dövlət rüsumuna görə 100 manat məbləğində pul ödəmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli olduğuna görə işə baxılması ilə əlaqədar iddiaçının dövlət rüsumuna görə ödədiyi 100 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. “JEEP GRAND CHEROKEE MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil, onun 14 oktyabr 2022-ci il tarixli, BA221437 nömrəli qeydiyyat şəhadətnaməsi və dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı Şərafət oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar