Məhkəmə qərarları › İş №2(064)-97/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-97/2024

24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-97/2024 24.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qaz, işıq və sudan istifadə edilməsinə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun məhkəmə qətnaməsi əsasında köçürüldüyü Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən evində qaz, su və işıqdan istifadə etməyinə mane olan hərəkətlərin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli Rayon Məhkəməsinin 28 aprel 2016cı il tarixli, 2(064)-416/2023 saylı qətnaməsi əsasında keçmiş qayınatası Füzuli rayonu, Kərimbəyli kənd sakini Cavabdeh məxsus olan Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən evinə köçürülmüşdür. İndi də azyaşlı qızı ilə birlikdə həmin evdə yaşayır. Əvvəllər heç bir problem olmasa da, sonradan Cavabdeh onun həmin evin xidmətlərindən, qaz, işıq və suyundan istifadə etməyinə mane olur. Onun azyaşlı qızı ilə birlikdə orada yaşamağını çətinləşdirir. O, cavabdehdən dəfələrlə mane olmamasını xahiş etsə də, cavabdeh onun xahişlərinə heç bir məhəl qoymur. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə oxşar izahat verdi və idda tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, cavabdeh onun evin kommunal xidmətlərindən, o cümlədən işıq və qazdan istifadəsinə maneələr törədir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı istifadə etdiyi kommunal xidmətlərə, o cümlədən elektrik və qaz təminatına görə haqqı ödəmir. Kommunal xərclərin əksər hissəsi onun üzərinə düşür. Ona görə də, hərdən iddiaçının evin kommunal xidmətlərindən istifadəsini məhdudlaşdırmaq məcburiyyətində qalır. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Füzuli Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı 2010-cu il təvəllüdlü qızı Mələklə birlikdə Cavabdeh məxsus Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən evinə köçürülmüş və ona yardımçı tikililərdən istifadə hüququ verilmişdir. Hazırda tərəflər arasında həmin evin kommunal xidmətlərindən istifadəsində razılıq əldə olunmamışdır. Belə ki, cavabdeh iddiaçının qeyd olunan evin kommunal xidmətlərindən istifadəsinə maneəçilik törədir. Göründüyü kimi, İddiaçı Cavabdeh məxsus Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən yaşayış sahəsindən qanuni əsaslarla istifadə etmək hüququ əldə etmişdir. Lakin cavabdehin müəyyən qadağanedici hərəkətləri nəticəsində iddiaçının qeyd olunan yaşayış sahəsindən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırılmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Odur ki, məhkəmə iddia tələbini əsaslı sayaraq təmin etmək məcburiyyətində qalır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən yaşayış sahəsinin kommunal xidmətlərindən istifadə etməsinə mane olan hərəkətlər Cavabdeh qadağan olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar