Məhkəmə qərarları › İş №2(064)-982/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-982/2024

24.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-982/2024 24.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində işə cəlb etməklə verdiyi barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində işə cəlb edərək barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə muraciət edərək, Maraqlı şəxs ilə Bakı 8 saylı Mediasiya Təşkilatında aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00318 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə nikahlarını xx.xx.2008-ci il tarixdə rəsmiləşdirməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Əvvəllər ailə münasibətləri normal olsa da, sonradan pozulmuş və 2015-ci ildə ayrılmışlar. Hazırda Maraqlı şəxs ilə nikahları formal xarakter daşıyır və boşanmaqda fikri qətidir. Tərəflər 8 saylı Mediasiya Təşkilatına könüllü olaraq müraciət edərək nikah akt qeydinin pozulması və aliment mövzusunda razılıq əldə ediblər. Barışıq sazişi 2023-cü ilin mart ayında imzalansa da cavabdeh sazişin şərtlərini pozmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmadığından məhkəmə iclasını tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İİ 356941 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 220 nömrəli nikah aktı qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(011)-5710/2019 saylı qərardadının surətindən görünür ki, Ərizəçi tərəfindən verilmiş nikahın pozulmasına dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmış və aidiyyatı üzrə yenidən müraciət edə biləcəyi izah edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazışində aşağıdakılar qeyd edilmişdir: - tərəflər xx.xx.2008-ci il tarixdə Ağsu Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 220 nömrəli nikah akt qeydinin pozulmasına razıdırlar və birinci tərəf (Ərizəçi) iddia ərizəsi ilə aidiyyatı üzrə məhkəməyə müraciət edəcəyi barədə öhdəlik götürür; - birgə nikah dövründə doğulmuş övladları xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cü il təvəllüdlü X1 anası Ərizəçi himayəsində və yanında qalmasına ikinci tərəf Maraqlı şəxs etiraz etmir; - birgə nikahdan doğulan övladları xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 ilə ikinci tərəfin görüşü birinci tərəf tərəfindən həftədə bir dəfə olmaqla aralarında müəyyən edilmiş günlərdə maneəsiz olaraq təşkil edilməsi barədə razılığa gəldilər; - Aliment məbləği hər bir uşaq üçün stabil 220 (iki yüz iyirmi) manat olmaqla uşaqlar yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 5-dən gec olmayaraq ödəməyi ikinci tərəf öz öhdəsinə götürür; - Birinci tərəf aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və ikinci tərəfə təqdim etməyi öz öhdəsinə götürür; - Bu mübahisə ilə bağlı İkinci tərəfə qarşı Birinci tərəfin qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində deyilir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə görə barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişində Maraqlı şəxs aliment məbləği hər bir uşaq üçün stabil 220 (iki yüz iyirmi) manat olmaqla uşaqlar yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 5-dən gec olmayaraq ödəməyi öz öhdəsinə götürməsinə baxmayaraq Maraqlı şəxs tərəfindən könüllü şəkildə icra olunmadığından Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığına görə təsdiq edilməli və məcburi icraya yönəldilməlidir. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 355-23-355-25-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00318 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin və alimentə dair hissədə dərhal icraya yönəldilsin: - tərəflər xx.xx.2008-ci il tarixdə Ağsu Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 220 nömrəli nikah akt qeydinin pozulmasına razıdırlar və birinci tərəf (Ərizəçi) iddia ərizəsi ilə aidiyyatı üzrə məhkəməyə müraciət edəcəyi barədə öhdəlik götürür; - birgə nikah dövründə doğulmuş övladları xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cü il təvəllüdlü X1 anası Ərizəçi himayəsində və yanında qalmasına ikinci tərəf Maraqlı şəxs etiraz etmir; - birgə nikahdan doğulan övladları xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 ilə ikinci tərəfin görüşü birinci tərəf tərəfindən həftədə bir dəfə olmaqla aralarında müəyyən edilmiş günlərdə maneəsiz olaraq təşkil edilməsi barədə razılığa gəldilər; - Aliment məbləği hər bir uşaq üçün stabil 220 (iki yüz iyirmi) manat olmaqla uşaqlar yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 5-dən gec olmayaraq ödəməyi ikinci tərəf öz öhdəsinə götürür; - Birinci tərəf aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və ikinci tərəfə təqdim etməyi öz öhdəsinə götürür; - Bu mübahisə ilə bağlı İkinci tərəfə qarşı Birinci tərəfin qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir; Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar