Məhkəmə qərarları › İş №2(066)-1751/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1751/2025

23.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1751/2025 23.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyənetdim: Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə bağlanmış, xx.xx.2025-ci il tarixdə MŞG/1/MT007/2025-01520 saylı barışıq sazişinə əsasən birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2022-ci il təvəllüdlü X4 həddi buluğa çatanadək saxlanılmaları üçün cavabdehdən hər uşağa 100 (bir yüz) manat, iki uşağa 200 (iki yüz) manat aliment olmaqla onun xeyrinə tutulması barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 09 iyul 2021-ci il tarixli №360-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə əlavə edilmiş 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Həmin Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi həmin Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 31.4-cü maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1)Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. İş materiallarında olan mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər yəni, Ərizəçi ilə Maraqlı şəxs oğlu həmin sazişi imzalamaqla “1. Ərizəçi (ŞİV AA*******) Maraqlı şəxs (Ş/V AA*******) arasında 23.01. 2016 ci ildə bağlanmış nikahlarının pozulmasına könüllü razıdırlar, məhkəmədə 3 ay vaxtın verilməsini istəmirlər. 2. Tərəflərin qarşılıqlı razılığı əsasında, birgə nikahdan doğulmuş övladları: xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2022 ci il il təvəllüdlü X2 anaları Ərizəçi himayəsində qalacağı barədə razılığa gəldilər və bu barədə üzərlərinə öhdəlik götürdülər. 3. İkinci tərəf, Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları: xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2022 ci il il təvəllüdlü X1 görə hər uşaq üçün 100 AZN manat olmaqla, cəmi 200 AZN aliment məbləğinin hər ayın 01-dən ana - Ərizəçi ǝddil qızına ödəməyi öz üzərinə öhdəlik götürdü. 4. Tərəflər razılaşırlar ki, birinci tərəf gələcəkdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət tərəfindən minimum aliment məbləği artırılacağı təqdirdə, alimentin məbləğinin artırılmaslı barədə qanunvericilik çərçivəsində müraciət etmək hüququna malikdir. 5. Birinci tərəf, Ərizəçi xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2022 ci il il təvəllüdlü X2 ataları Maraqlı şəxs ilə həftənin şənbə və bazar günləri 10:00-dan 20:00-dək olmaqla ünsiyyətini təmin edəcəyini öhdəlik götürdü” barədə razılığa gəlmişlər. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, barışıq sazişi bağlanıldıqdan üç gün sonra məhkəməyə müraciət edilmiş, tərəflərin hər hansı birinin barışıq sazişinin şərtlərinin könüllü qaydada icra edilməməsi və ya onun könüllü icrasından imtina etməsinə dair halın mövcudluğu göstərilməmişdir. Bundan başqa, tərəflər arasında eyni məsələ ilə bağlı məhkəmənin icraatında hər hansı bir mülki işin olmasına dair sübut ərizəyə əlavə edilməmişdir. Dolayısı ilə hazırda mediasiya vasitəsilə bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün məhkəmənin icraatında mülki işin, həmçinin həmin sazişin məcburi icrasını zəruri edən qanunvericiliklə nəzərdə tutulmuş halların mövcudluğuna dair sübut ərizəyə əlavə edilməmişdir. Göstərilənlərlə yanaşı, hazırki iş üzrə barışıq sazişi bağlandıqdan sonra 1 iş günü müddətində onun icrası ilə bağlı müvafiq orqana (quruma) müraciət edilib-edilməməsi, əgər müraciət edilmişdirsə onun nəticəsinə dair mötəbər sənəd ərizəyə əlavə edilməmişdir. Eləcə də barışıq sazişinin icrası ilə bağlı maraqlı şəxsə bildiriş göndərilib göndərilməməsi barədə sübut təqdim edilməmiş, barışıq sazişinin könüllü icrası müddəti gözlənilmədən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, 152.1.6-1-ci maddəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə və 152.1.3-cü maddəsinin tələbinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.1.6. -ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6. -ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin Məcəllənin 150.1.6 və 152.1.6-ci maddələrinə əsasən xüsusi icraat qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, eyni zamanda ərizəçiyə yuxarıda sadalanan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunur ki, məhkəməyə müraciət etməzdən əvvəl qanunverciliklə müəyyən olunmuş müddət və səbəblər olduqda ərizə tələbi ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev İş № 2(066)-1751/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında iş üzrə tərəflərin iştirakı olmadan, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 12:00-da başladım. İşə baxan hakim olaraq ərizəni və ona əlavə olunmuş sənədləri yoxlayaraq ərizənin icraata qəbul edilmədən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 12:10-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar