Məhkəmə qərarları › İş №2(066)-184/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-184/2025

18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-184/2025 18.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək oğlu X1 24 fevral 1975-ci il tarixdə Göygöl rayon Qızılca kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1974-cü il tarixdə X5 adlı övladı anadan olmuş və bir neçə aydan sonra, yəni 24 fevral 1975-ci il tarixdə sudurğadan vəfat etmişdir. Oğlu Afəddin mərhum həyat yoldaşı X7 ilə onun birgə nikahlarından doğulmuşdur. Onlar oğlu Afəddinə doğum şəhadətnaməsi alsalar da vəfat edəndən sonra ölüm şəhadətnaməsi almamışlar. Hazırda mərhum həyat yoldaşı Elbrus Nəbiyevdən miras əmlak qalmış, oğlu Afəddinin adı birinci növbə vərəsə olaraq sənədlərdə olduğu üçün və ölüm şəhadətnaməsi olmadığı üçün o və birinci növbə olan digər vərəsələr vərəsəlik hüquqlarını həyata keçirə bilmirlər. O, oğlu Afəddinə ölüm şəhadətnaməsinin verilməsi üçün Qeydiyyat orqanına müraciət etmiş, ölüm akt qeydi aparılmadığı üçün ölüm şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. O, oğlu Afəddinə ölüm şəhadətnaməsinin alınmasını başqa yolla həyata keçirə bilmir. Ona görə də mərhum oğlu Afəddin Nəbiyevə ölüm şəhadətnaməsi alınması üçün ölüm faktı müəyyən olunmalıdır. Qeyd olunan faktı məhkəməyə gətirəcəyi şahidlər təsdiq edəcəklər. Məhkəmə iclasında Ərizəçi ifadəsində göstərdi ki, onun üç oğlu, iki qızı olmaqla beş övladı var. Etibar adında qızı övladlarının ən böyüyüdür, 1972-ci il təvəllüdlü Mahyəddin adında oğlu 2-ci övladıdır. Rəhmətə gedən Nəbiyev Afəddin adlı oğlu isə 3-cü övladları olmuşdur. Nəbiyev Afəddin anadan olandan bir neçə ay sonra anidən sudurğa olmuşdur. Onlar Afəddini kənd həkiminə aparmışlar, kənd həkimi onlara Afəddini xəstəxanaya aparmalarını məsləhət görmüşdür. Onlar Afəddini xəstəxanaya aparanda xəstənadakı həkim Afəddinin artıq öldüyünü onlara bildirmişdir. Bu günləri ölüm haqqında şəhadətnamənin lazım olacağı bilmədikləri üçün oğlunun ölüm haqqında şəhadətnaməsini almamışlar. Əlavə olaraq bildirdi ki, Afəddindən sonra 3 uşağı olmuşdur. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx.xx.1974-cü il tarixdə Ərizəçi X5 adlı övladı olmuşdur. X5 bir neçə aydan sonra, yəni 24 fevral 1975-ci il tarixdə sudurğadan vəfat etmişdir. Vəfat etdikdən sonra ərizəçi X1 ölüm haqqında şəhadətnaməsi alınmadığı üçün hazırda mərhum Elbrus Nəbiyevdən qalmış miras əmlakla bağlı vərəsəlik işlərinin aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi ilə uşaqlıqdan bəri həm ata evində, həm də ər evində qonşu olmuşlar. Ərizəçi əri Elbrusu tanımışdır. Tamaşanın əri rəhmətə getmişdir. Ərizəçi beş övladı olmuşdur. İki övladından sonra 1974-cü ildə mərhum övladı anadan olmuşdur. O həmin uşağı görməmişdir. Həmin uşaq rəhmətə gedəndə yas yerinə onlar da getmişlər. Yas yerində iştirak etmişdir. Həmin vaxt mərhumun sudurğadan vəfat etdiyini eşitmişdir. Həmin uşağa kəndin həkimi Əsgər baxmışdır. Ərizəçi mərhumla birlikdə dörd oğlu, bir qızı olmuşdur. Rəhmətə gedən uşağın adını xatırlamır. Mərhum rəhmətə gedəndə təxminən 5-6 aylıq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 1997-ci ilə kimi ər evində olarkən Ərizəçi ilə yaxın qonşu olmuş və eyni küçədə olmuşlar, 1997-ci ildə əri vəfat edəndən sonra isə o, başqa yerdə yaşamışdır. Ərizəçi iki övladından sonra üçüncü övladı anidən sudurğa olaraq vəfat etmişdir. Səs-küy olmuş, onlar getdikdə uşağın sudurğalı olmasını görmüşlər, sudurğa olan zaman mərhumu valideynləri həkimə aparmışlar. Mərhum vəfat edərkən 6-7 aylıq olmuş, adı Afəddin olmuşdur. Əlavə olaraq bildirdi ki, mərhum vəfat edəndə 1974-cü il olardı, həmin vaxtı hava yaxşı olmuş, qış və yay olmamışdır. Hansı fəsil olmasını tam xatırlamır. Mərhmumun yasında iştirak etmişdir. Mərhumun hansı ayda ölməsini dəqiq xatırlamır. Ərizəçi hazırda 3 oğlu, 1 qızı vardır. Onun qızları məktəbdə müəllim işləyir. Mərhum uşağın sudurğası olmuş və sudurğası arabir tutumuşdur. Mərhum ölən günü qışqırtıya getmiş, mərhumun öldüyünü görmüşdür. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. Xanlar rayonu X14 tərəfindən verilmiş AЗ seriyalı 108989 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X2 23 fevral 1970-ci ildə evlənmişlər. Evləndikdən sonra ərə Nəbiyev, arvada Nəbiyeva soyadı verilmişdir. Bu barədə vətəndaşın vəziyyəti aktları kitabında 2 nömrəli qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 22 noyabr 2024-cü il tarixli, 3-16-5/8- N/1-872/2024 saylı Ərizəçi ünvanlanmış məktubundan görünür ki, onun X1 ölüm haqqında təkrar şəhadətnaməsinin istənilməsi barədə ərizəsinə baxılmış, bununla bağlı ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri üzrə yoxlama aparılmış və ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Xanlar rayonu Qızılca kəndi İcra Hakimiyyəti Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 021529 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25 noyabr 2002-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2002-ci il noyabr ayının 28-də 16 nömrəli qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 772 nömrəli arayışdan görünür ki, X5 xx.xx.1974-cü ildə Göygöl rayonu Qızılca kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1974-cü il tarixdə Göygöl Rayon Qızılca kənd İcra Nümayəndəliyi tərəfindən 11 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1 atası X6, anası isə Ərizəçi olmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Dövlət Arxivi İdarəsinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Xanlar rayon Qızılca kənd X3 İcraiyyə Komitəsinin Qızılca kəndi üzrə 1977-ci illərə aid 2 nömrəli təsərrüfatbaşına kitabın 31 nömrəli təsərrüfat vərəqində X1 19 iyun 1977-ci il tarixdə ölümü barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X10 17 yanvar 2025-ci il tarixli 18-1-42/2-28/2025 saylı məktubundan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X1 xx.xx.1975-ci il tarixdə vəfat etməsi ilə bağlı “Göygöl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən ölüm haqqında tibbi arayışın verilməsi, həmçinin bununla bağlı müraciət olunması barədə arxiv sənədlərində heç bir məlumat aşkar edilməmişdir. İş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, xx.xx.1974-cü il təvəllüdlü X5 xx.xx.1975-ci il tarixdə Göygöl rayonu Qızılca kəndində ölmüş və Göygöl rayon Qızılca kəndi qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt mərhumun ölməsi barədə qeyd aparılmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun anası olan ərizəçiyə vərəsəlik işi üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, X1 ölməsi faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X1 ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1974-cü il tarixdə Göygöl rayonu Qızılca kəndində doğulmuş X1 xx.xx.1975-ci il tarixdə Göygöl rayonu Qızılca kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə, Ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar