Məhkəmə qərarları › İş №2(067)-107/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-107/2024

29.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-107/2024 29.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb olunması və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisində yerləşən 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunan 10 sot hissəsinin onun qanunsuz sahibliyindən alınaraq onun istifadəsinə qaytarılaraq torpaq sahəsinin tamlığının bərpa edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və həmçinin 5 saylı Ərazi İdarəsinin hesabına ödədiyi 120 manat pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində Xaçmaz rayonu, Mürşüd oba kəndi ərazisində 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********57 saylı çıxarışla rəsmiləşdirilmiş, torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdeh torpaq sahəsinin təxminən 0,08-0,10 ha hissəsini zəbt edərək istifadə edir. Bununla əlaqədar 2022-ci ilin oktyabr ayında 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, idarənin hesabına xx.xx.2022-ci il tarixli, 77-3 saylı qəbzlə 120 manat vəsait ödəmiş, həmin idarənin əməkdaşları xx.xx.2022-ci il tarixdə əraziyə gələrək torpaq sahəsinin koordinatları yerində ölçərək döngə nöqtələrini ona göstərmiş, ölçmə zamanı müəyyən edilmişdir ki, ona məxsus torpaq sahəsinin bir hissəsi cavabdehin qanunsuz istifadəsindədir. Bundan sonra orada bastırdığı mərz nişanlarını (koloçkaları) cavabdeh çıxardaraq atmışdır və torpaq sahəsinin qeyd olunan hissəsindən istifadəni davam etdirir. Dəfələrlə cavabdehə təklif olunmasına baxmayaraq torpaq sahəsindən istifadəni davam etdirir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə razıdır, rəyə etirazı yoxdur. Təkrar ekspertiza təyin edilsə də eyni nəticə olacaq. Ona görə təkrar ekspertiza keçirilib-keçirilməməsini məhkəmənin mülahizəsinə buraxır. Eyni zamanda bildirmişdir ki, torpaq ölçülərkən cavabdeh də iştirak etmişdir. Yeri ölçəndə birinci elə Fazilənin torpağını ölçmüşlər, sonra onun torpaq sahəsini. Fazilə onun qayınanasıdır. Cavabdehin ailəsində qayda var ki, qıza torpaq vermirlər. Ona görə cavabdeh torpaq sahəsindən çıxmaq istəmir. Hesab edir ki, iddia əsaslıdır. Ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, cavabdeh torpaq sahəsindən qanunsuz istifadə edir. Ona görə iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh göstərmişdir ki, iddia tələbi ilə və ekspert rəyi ilə razı deyil. Hesab edir ki, ekspert rəyi ədalətli deyil. Ona görə iddianın rədd edilməsini xahiş edir. Torpaq sahəsi ölçülərkən iştirak etməmişdir, necə ölçüblər sonradan bilmir. İddiaçının torpaq sahəsinin kökünü axtarsalar düz çıxmayacaq. Orada Fazilənin də torpaq sahəsi ölçülməli idi. 30 ildir torpaqdan istifadə edir. Orada sürüşmə var. O, iddiaçının torpağından istifadə etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Mürşüdoba kəndi ərazisində yerləşən 0,41 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 342 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Mürşüdoba kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0,41 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Mürşüdoba kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0,41 ha torpaq sahəsinin 0,1265 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh tərəfindən 0,1265 ha hissəsi istifadə olunur. Hansı hissələrdə istifadə olunması sxemdə əks olunur. İş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş üzrə keçirilmiş ekspertiza rəyinə görə cavabdeh tərəfindən 0,1265 ha torpaq sahəsi istifadə olunsa da, iddiaçı iddia tələbində cavabdeh tərəfindən 10 sot torpaq sahəsinin qanunsuz sahibliyindən alınıb ona qaytarılmasını xahiş etmişdir. Mülki prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmənin verilmiş iddia tələbindən kənara çıxa bilməməsini nəzərə alaraq, iddia tələbi verilmiş həddə təmin olunmalı, digər hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Xaçmaz rayonu Mürşüdoba kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0,41 ha torpaq sahəsinin 0,1 ha hissəsi (sxemdə əks olunmuş) Cavabdeh istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar