Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-108/2022 29.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cii il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********72 reyestr nömrəli, seriya RX № ******* saylı çıxarışa əsasən ona məxsus, Xaçmaz rayonu, Qaradağ-Buduq kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin cavabdeh X2 istifadə etdiyi hissəsi ətralına çəkdiyi hasarın onun öz hesabına sökülərək torpaq sahəsinin cavabdehdən alınaraq istifadəsinə qaytarılması 600 manat maddi və 500 manat mənəvi ziyanın da cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia ərizəsində cavabdehin adını səhv yazdığını və cavabdehin adını Elnur əvəzinə Eynur kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********72 reyestr nömrəli, seriya RX № ******* saylı çıxarışa əsasən Xaçmaz rayonu, Qaradağ-Buduq kəndi ərazisində xüsusi mülkiyyətində 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsinin demək olar ki, hamsının X4 adlı şəxs hasara alaraq, öz torpaq sahəsinə birləşdirərək istifadə etdiyinə görə Xaçmaz rayon Məhkəməsində müvafiq iddia qaldırmış və məhkəmənin 21 dekabr 2017-ci il tarixli 2(067)- 2987/2017 saylı qətnaməsi ilə iddiası təmin edilərək torpaq sahəsinin 801 kvm hissəsi X1 alınaraq ona qaytarılmışdır. 2017-ci ildə cavabdeh X6 torpaq sahəsinin təxminən 1 sotdan çox hissəsini setka ilə hasara alaraq istifadə edir. Dəfələrlə ona təklif etmişdir ki, xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadəni dayandırsınlar və torpaq sahəsini onun istifadəsinə qaytarsın. Lakin cavabdeh torpaq sahəsini qaytarmaqdan imtina edərək müxtəlif bəhanələr gətirir. Ona görə də xüsusi mülkiyyətində olan 0.10 ha torpaq sahəsi mülkiyyət sənədlərində göstərilən cizgilər daxilində cavabdehin qanunsuz istifadəsindən alınaraq ona verilməlidir. Ötən müddət ərzində qeyd olunan cavabdehin istifadə etdiyi torpaq sahəsinin hissəsindən hər il orta hesabla 150 manat gəlir götürə bilərdi. Cavabdehin özbaşnalığı nəticəsində həmin gəlirdən məhrum olunmuşdur. Son 4 il ərzində 150 manat x 4 il = 600 manat qazancdan məhrum edilmişdir. Bundan başqa cavabdehin torpağını istifadəsində qaytarmamasına görə əsəb gərginliyi və stress keçirmişdir, hesab edir ki, o, 500 manat məbləğində mənəvi ziyan dəymişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, maddi imkanı olmadığına görə mütəxəssis rəyinin verilməsi üçün tələb olunan xidmət haqqını Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürə bilmir. İddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırılsa da, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı, ********** reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Qaradağ Buduq kəndində yerləşən 0.10 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı, ********** reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Qaradağ Buduq kəndində yerləşən 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli 10/5744 nömrəli məlumatından müəyyən olunur ki, ekspertianın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məhkəmə İddiaçı mütəxəssis rəyinin verilməsi üçün tələb olunan xidmət haqqını Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürmədiyindən iş üzrə ekspert rəyinin verilmədiyini verilmədiyini nəzərə alaraq, həmin torpaq sahəsinin özgənin qanunsuz istifadəsində olmasına dair iddia tələbinin sübuta yetirilməsinin mümkün olmaması kimi qiymət verir və iddia tələbinin rədd olunması qənaətinə gəlir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1.-ci madəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi əsassız hesab olunduğundan rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-108/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-108/2022
29.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver