Məhkəmə qərarları › İş №2(067)-1295/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1295/2024

14.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1295/2024 14.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi dair ərizəsi üzrə mülki işə 14 mart 2024-cü il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediator Əliyev Novruzun iştirakı ilə bağlanmış 01 fevral 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, nikahın pozulması tələbinə dair Maraqlı şəxs mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamış, mediator Novruz Əliyevi mediator seçərək, 01 fevral 2024-cü il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən hər ikisi nikahı davam etdirməmək və “'ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən bağlanmış 26 may 2017-ci il tarixli,” 1604 saylı nikah qeydinin pozulmasına razılaşmışlar. Birgə nikahlarından anadan olmuş övladları: xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019cu il təvəllüdlü X2 18 yaşına kimi saxlanması üçün alimentdən imtina etmişdir. Qarşı tərəf imtinanı qəbul etmişdir. Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü icra etməmişdir. Ona görə də sazişin təsdiqlənməsi zərurəti vardır. 10 gün könüllü vaxt keçmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək nikahlarının pozulmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs göstərmişdir ki, mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsinə etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli barışıq sazişindən müəyyən olunur ki, mübahisənin həlli istiqamətində tərəflər arasında danışıqlar aparılmışdır. 1. Danışıqlar nəticəsində birinci tərəf ( Ərizəçi) və ikinci tərəf (Maraqlı şəxs) nikahlarının pozulmasında israrlı olduqlarını və nikahlarını davam etdirmək istəmədiklərini bildirdilər. Birinci tərəf (Ərizəçi) ikinci tərəfdən (Maraqlı şəxs) uşaqlar xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 18 yaşına kimi saxlanılması üçün aliment tələb etməyini, alimentdən imtina etdiyini bildirmişdir. Qarşı tərəf (Maraqlı şəxs) imtinanı qəbul etmişdir. Tərəflər qarşılıqlı olaraq qəbul edilmiş öhdəliklərlə razılaşdıqlarını bildirdilər. 2. Tərəflər qarşılıqlı olaraq sazişə hörmətlə yanaşacaqlarını və icra edəcəklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Həmin Məcəllənin 17.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: 17.2.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; 17.2.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Məhkəmə qeyd edir ki, tərəflər mediasiya prosesində nikahın pozulması fikrindən daşınmırlarsa və nikahın pozulmasında təkid edirlərsə, bu halda nikah yalnız müvafiq məhkəmədə iddia icraatı qaydasında pozula bilər. Mediator tərəfindən hazırlanmış və tərəflərlə birgə təsdiq olunumuş barışıq sazişində nikahın mediasya mərhələsində pozulması nəzərdə tutula bilməz. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində birgə uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment məsələsi ilə bağlı barışıq əldə etmiş, lakin nikahı davam etdirmək istəməmişlər. Tərfələr əldə olunmuş barışığa riayət edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməməli, nikahın pozulması üçün tərəflərdən biri məhkəmədə iddia qaldırmalıdır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar