Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1612/2021 29.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, cavabdeh İsmayılov Maarif Akif oğlunun iştirakı ilə, iddiaçı «xxxx KB ASC»-nin cavabdeh İsmayılov Maarif Akif oğluna qarşı kredit borcu tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı «xxxx» X1 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmayılov Maarif Akif oğlundan iddiaçı «xxxx» X1 Səhmdar Cəmiyyətinin xeyrinə 4280.54 USD əsas, 563.32 USD faiz, 30.89 USD cərimə borcu olmaqla, cəmi 4874,75 USD borcun və dövlət rüsumu olaraq 30 manat məbləğində vəsaitin tutularaq «xxxx» X1 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» X1 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, kreditor «xxxx» X1 Səhmdar Cəmiyyəti ilə cavabdeh İsmayılov Maarif Akif oğlu arasında bağlanmış 11.11.2014-cü il tarixli, 918nkXCHZ/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 26% ödəmək şərti ilə 5000 USD məbləğində kredit cavabdehin mülkiyyətinə verilmiş və ona bank hesabı açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun 30.06.2020-ci il tarixinə kredit müqaviləsi üzrə «xxxx KB ASC»-nə 4280.54 USD əsas, 563.32 USD faiz, 30.89 USD cərimə, cəmi 4874,75 USD borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələblərinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan isdifadə etmək qərarına gəlmişdir. İş üzrə iddiaçı «xxxx» X1 Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı «xxxx» KB ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən cavabdeh İsmayılov Maarif Akif oğlu iddiaçının iddiada göstərilən məbləğdə kredit borcu olduğunu etiraf etmiş, lakin borcunu ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11.11.2014-cü il tarixli kredit və bank hesabı müqaviləsindən müəyyən olunur ki, kreditor «xxxx» X1 Səhmdar Cəmiyyəti ilə cavabdeh İsmayılov Maarif Akif oğlu arasında bağlanmış 918nkXCHZ/14 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 26% ödəmək şərti ilə 5000 USD məbləğində kredit cavabdeh İsmayılov Maarif Akif oğlunun mülkiyyətinə verilmiş və ona bank hesabı açılmışdır. İş materiallarında olan 30.06.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdeh İsmayılov Maarif Akif oğlunun 30.06.2020-ci il tarixinə kredit müqaviləsi üzrə «xxxx KB ASC»-yə 4874,75 USD borcu vardır. İş materiallarında olan 19.05.2016-cı il tarixli bildirişdən müəyyən olunur ki, cavabdeh İsmayılov Maarif Akif oğluna kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə kredit borcunun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 25.06.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından «xxxx» X1 Səhmdar Cəmiyyəti ilə cavabdeh İsmayılov Maarif Akif oğlu arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır, və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından «xxxx» X1 Səhmdar Cəmiyyəti ilə cavabdeh İsmayılov Maarif Akif oğlu arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İşin araşdırılmış hallarından «xxxx» X1 Səhmdar Cəmiyyəti ilə cavabdeh İsmayılov Maarif Akif oğlu arasında müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçı «xxxx» X1 Səhmdar Cəmiyyətinin xeyrinə 4280.54 USD əsas borc və 563.32 USD faiz borcu tutulmalıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı bankın cavabdehin 4280.54 USD əsas borc və 563.32 USD faiz borcunun qalığına 30.89 USD cərimə borcu hesablaması bu borca mütənasib deyil. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə iddiaçı Bank tərəfindən cavabdehə hesablanmış 30.89 USD cərimə borcunun məbləğini azaldaraq, 5 USD həcmində müəyyən edir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları da nəzərə almışdır. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. "AR Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair" AR Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, "MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh İsmayılov Maarif Akif oğlundan 4280.54 (dörd min iki yüz səksən dollar, əlli dörd sent) USD əsas, 563.32 (beş yüz altmış üç dollar, otuz iki sent) USD faiz, 5 USD (beş) cərimə borcu olmaqla, cəmi 4848.86 (dörd min səkkiz yüz qırx səkkiz dollar, səksən altı sent) USD borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxx» X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh İsmayılov Maarif Akif oğlundan 4280.54 (dörd min iki yüz səksən dollar, əlli dörd sent) USD əsas, 563.32 (beş yüz altmış üç dollar, otuz iki sent) USD faiz, 5 USD (beş) cərimə borcu olmaqla, cəmi 4848.86 (dörd min səkkiz yüz qırx səkkiz dollar, səksən altı sent) USD borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxx» X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1612/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1612/2021
29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver