Məhkəmə qərarları › İş №2(067)-1658/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1658/2022

04.05.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1658/2022 04.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi onunla Maraqlı şəxs arasında mediator X1 iştirakı ilə bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o nikahı Qusar rayon İHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyində 22 iyun 2019-cu il tarixdə qeydiyyatdan keçirərək Maraqlı şəxs ilə ailə həyatı qurmuşdur, həmin nikahdan 11 iyun 2020-ci il təvəllüdlü X2 adlı bir uşağı anadan olmuşdur. Həmin şəxslə ailə həyatı qurarkən onun yaşadığı ünvana müxtəlif cehiz əmlakları aparmışdır. Ailə münasibətləri pozulduğu üçün Maraqlı şəxsla ayrılmışdır. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə aliment tələbi və cehiz əmlakın qaytarılması tələbinə dair təkliflə qarşı tərəf olan Maraqlı şəxs, daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmışdır, onunla Maraqlı şəxs və Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X3 arasında xx.xx.2021-ci il tarixli 3 tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı Maraqlı şəxs onun yaşadığı ünvanda olan 1 ədəd yataq dəstini, 1 ədəd stolu, 6 ədəd stulu, 3 ədəd xalçanı, 1 ədəd ütüstolunu, 1 ədəd sərinkeşi, 1 ədəd güllü vazam, bütöv serviz sandıqçasını, əlavə məişət qablarını xx.xx.2021-ci il tarixədək qaytarmağa razılıq vermiş, bu barədə aralarında müvafiq barışıq sazişi bağlanmışdır. Həmçinin, Maraqlı şəxs hər ay 100 manat məbləğində aliment ödəməyə razılıq vermişdir. Barışıq sazişi bağlandıqdan sonra mediasiya prosesinə xitam verilmiş və o nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qusar rayon məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(029)-133/2022 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında olan xx.xx.2019-cu il tarixli 07 saylı Qusar rayon İHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyində bağlanmış nikah pozulmuş, birgə nikahıdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmışdır. Barışıq sazişinin imzalanmasından 10 gündən artıq müddət keçməsinə baxmayaraq Maraqlı şəxs keçən müddət ərzində barışıq sazişində nəzərdə tutulmuş cehiz əmlaklarının qaytarılması hissəsini könüllü şəkildə icra etmir. Bildirir ki, barışıq sazişi məhkəmə qaydasında təsdiq olunmamış, məhkəmə qərarı çıxarıldıqdan sonra cehiz əmlaklarını qaytaracaqdır. Lakin Maraqlı şəxs könüllü müddət ərzində barışıq sazişini icra etməmişdir. O Xaçmaz rayonu Ləcət kəndində qeydiyyatda olmaqla orada yaşayır və bu səbəbdən də, hazırkı ərizə ilə Xaçmaz rayon məhkəməsinə müraciət edir. Məhkəmə iclasında Ərizəçi bildirmişdir ki, o 2021-ci ilin oktyabr ayında həyat yoldaşı Maraqlı şəxs qarşı nikahımızın pozulması, uşaqla ünsiyyət, aliment və cehiz tələbinə dair ilkin olaraq Qusar rayonunda yerləşən mediasiyaya müraciət etmişdir və Qusar rayonunda fəaliyyət göstərən mediator X1 vasitəçiliyi ilə xx.xx.2021-ci il tarixdə həyat yoldaşıyla aralarında barışıq sazişi bağlanılıb. Barışıq sazişinə əsasən həyat yoldaşı digər tələbləriylə yanaşı ərizəsində qeyd etdiyi əmlaklarını da qaytarmağa etiraz etməyib. Lakin o, hazırkı vaxtadək əmlaklaını qaytarmadığına görə aralarındakı mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Həyat yoldaşı Maraqlı şəxs mediasiya prosesində iştirak edib, amma hazırda əmlaklarını qaytarmır. xx.xx.2021-ci il tarixdə mediasiya keçirilib. Həmin vaxt həyat yoldaşı əmlaklarını qaytarmağa etiraz etmədiyinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. 3-4 ay olar ki, əri ilə məhkəmə qaydasında boşanmışdır. Əri boşanmağa razı olmuşdur. Barışıq sazişinin əsli onda yoxdur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-nin 355-23-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin (10 gün) keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-in 355-26-cı maddəsinin tələblərini nəzərə almaqla, məhkəmə barışıq sazişinin təsdiq edilməməli olduğunu hesab edir. İş materiallarında olan sənədlərdən görünür ki, ərizəçi ərizəsinə barışıq sazişinin surətini əlavə etmiş, qeyd olunan barışıq sazişinin əslinin isə onda olmadığnı bildirmişdir. Belə olan halda, barışıq sazişinin əsli iş materiallarında olmadığı halda, təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-si və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar