Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1669/2025 17.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi üzrə mülki işə məhkəmənin inzibati binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında əldə olunmuş razılıq əsasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞQ/MT-027/2024-00584 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahı pozulmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşağı doğulmuşdur. Uşağın atası uşağın saxlanılmasında iştirak etmədiyindən mübahisənin həlli ilə bağlı 1 saylı X2 müraciət etməli olmuşdur. Maraqlı şəxs mediasiya sessiyasında iştirak etmiş, aralarında olan razılığımız əsasında xx.xx.2024-cü il tarixdə MŞQ/MT-027/2024-00584 nömrəli barışıq sazişi bağlanaraq rəsmiləşdirilmişdir. Barışıq sazişinin 3-cü bəndinə əsasən hazırkı iş üzrə maraqlı şəxs mediasiya prosesində mübahisənin həlli ilə bağlı danışıqlar nəticəsində Maraqlı şəxs 2024-cü ilin may ayından başlayaraq hər ay, hər ayın 30-na kimi oğlu X3 18 yaşına çatana kimi saxlanılması üçün onun adında olan 4169-7388-7314-2172 saylı Kapital bankın Birbank kartına 200 (iki yüz) manat məbləğində aliment pulunun ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi bu günə kimi yerinə yetirmir, uşağın saxlanılması üçün ona aliment ödəmir və alimenti ödəməkdən imtina edir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, ərizəçi onun qızıdır. Əvvəllər Asimdən hissəvi aliment tutulurdu. Lakin rəsmi işindən çıxdığı üçün aliment ləğv olundu. Daha sonra razılığa gəlmişlər ki, dövlətin təyin etdiyi məbləğə uyğun razılaşsınıar. Mediasiada razılıq əldə olunub 200 manat aliment ödənilməsi barədə saziş imzalanıb. Ödəniş etməyə razı olsa da, mütəmadi etmir. Uşağın xərcləri çox olduğundan aliment rəsmi müəyyən olunmalıdır. İş üzrə maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, mübahisənin həlli ilə bağlı tərəflər arasında danışıqlar aparıldı. Danışıqlar nəticəsində ikinci tərəf (Maraqlı şəxs) birinci tərəfin (Ərizəçinin etibarnamə ilə nümayəndəsi Nümayəndə) qarşısında öhdəlik götürdü ki, 2024-cü ilin may ayından başlayaraq hər ay, hər ayın 30-na kimi, oğlu X3 18 yaşına çatana kimi saxlanılması üçün birinci tərəfin adında olan 4169-7388 7314-2172 saylı “KapitalBank”ın Bir kartına 200 (iki yüz) manat məbləğində aliment pulu ödəyəcəkdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, tərəflər arasında alimentin ödənilməsi barədə qənaətə gələrək xx.xx.2024-cü il tarixdə 1 saylı Qusar Mediasiya təşkilatında barışıq sazişi bağlamışlar. Barışıq sazişinin şərtlərinə görə Maraqlı şəxs 2024-cü ilin may ayından başlayaraq hər ay, hər ayın 30-na kimi oğlu X3 18 yaşına çatana kimi saxlanılması üçün birinci tərəfin adında olan 4169-7388 7314-2172 saylı “KapitalBank”ın Bir kartına 200 (iki yüz) manat məbləğində aliment pulu ödəyəcəkdir. Tərəflər qəbul edilmiş öhdəliyə hörmətlə yanaşaraq icra olunmasına məsuliyyət daşıyacaqlarına öhdəliк götürüblər. Lakin, qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də, ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Bu Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Bu Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürməsi barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi təsdiq edilsin. Qətnamə xx.xx.2024-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-1669/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1669/2025
17.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver