Məhkəmə qərarları › İş №2(067)-2110/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2110/2022

12.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2110/2022 12.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin toy mərasimində aldığı və hədiyyə olaraq ona verilən, 1 ədəd Rusiya istehsalı, dəyəri 200 manat olan qızıl üzük, 1 ədəd Rusiya istehsalı, dəyəri 180 manat olan qızıl üzük, 1 ədəd Rusiya istehsalı, dəyəri 220 manat olan qızıl üzük,1 cüt Rusiya istehsalı, dəyəri 150 manat olan qızıl sırğa, 1 ədəd Rusiya istehsalı, dəyəri 250 manat olan qızıl boyunbağı, ümumilikdə dəyəri 1000 manat olan - qızıl zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2019-cu ildə el adəti ilə ailə qurmuşdur. Nikahlarını isə xx.xx.2019-cu ildə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə uşaqları olmamışdır. Cavabdehlə ailə qurduqdan sonra xasiyyətləri uyğun gəlməmişdir. Bunun üçün Xaçmaz rayon məhkəməsinə nikahlarının pozulması üçün müraciət etmişdir, lakin iddia ərizəsi geri qaytarılmışdır. Bundan sonra Xaçmaz rayon Qeydiyyat şöbəsinə müraciət etmişlər, bir ay müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə nikahları pozulmuşdur. Cavabdehin valideynlərinin evinə gəlin köçdüyü vaxt apardığı cehiz əmlaklarını götürmək üçün getmiş, əmlaklarını yerli icra nümayəndəliyinin və yaxınlarının iştirakı ilə götürüb evinə aparmışdır. Lakin ona toy mərasimində alınan və hədiyyə olunan qızıl-zinət əşyalarını ona qaytarmamışlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddianı müdafiə edərək, bildirmişdir ki, tərəflər boşanandan sonra iddiaçının bütün əmlakları cavabdehdə qalmışdı. O, iddiaçının nümayəndəsi kimi sahə müvəkkilini və kənd icra nümayəndəsini də dəvət edərək, cavabdehin evinə getmiş və iddiaçının bütün cehiz əmlaklarını geri götürmüşdür. Lakin cavabdeh iddiaçı üçün aldıqları qızıl-zinət əşyalarını verməyəcəyini bildirdi. Ona görə məhkəmədə hazırkı iddianı qaldırmışdır. Tələb olunan qızıl-zinət əşyalarının mövcud olması toyda çəkilmiş fotoşəkillərlə və videoçəkilişlə təsdiq olunur. 4 ədəd fotoşəkilləri və videoçəkilişin əks olunduğu 1 ədəd diski məhkəməyə təqdim edərək, sübut kimi iş materiallarına əlavə edilməsini və məhkəmədə nümayiş edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, iddiaçının bibisinin gəlinidir, cavabdehi də onun əri kimi tanımışdır. Aralarında ədavətləri yoxdur. O, iddiaçı ilə cavabdehin toyunda iştirak etmişdir. İddiaçıya cavabdeh tərəfindən toyda qızıl-zinət əşyaları hədiyyə olunub, qızılları taxılanda o, görmüşdür. Ancaq iddiaçı ər evindən atasının evinə qayıdanda üzərində qızıl-zinət əşyaları olmayıb. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, iddiaçının qohumudur. iddiaçı gəlin köçərkən ona verilən və ər evinə apardığı əmlakların siyahısı olub, o, da həmin siyahını imzalamışdır. Hazırda iddiaçı bildirir ki, qızıl-zinət əşyalarını ona qaytarmayıblar. Amma o, bilavasitə bunun şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, iddiaçının xalasıdır. İddiaçı ər evindən avadanlıqlarının hamısını gətirib, lakin onun qızılzinət əşyalarını verməyiblər. İddiaçının avadanlıqlarının cavabdehin evindən götürülməsində iştirak etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AZ-İ 423353 saylı, nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixində ərizələrinə əsasən Xaçmaz rayon Qeydiyyat şöbəsində ləğv edilmişdir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2-ci və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd olunan hüquq normalarına istinadən hesab edir ki, iddiaçının iddia ərizəsində qızıl zinət əşyaları olaraq göstərdiyi əmlaklar iddiaçının mülkiyyəti hesab olunur və bu əmlakların mövcudluğu və cavabdehdə qalması tərəflərin izahatları və şahid ifadələri ilə müəyyən olunur. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən şahidlərin ifadələrindən, işə əlavə edilmiş fotoşəkillər və video diskdən müəyyən olunur ki, iddiaçı cavabdehdən tələb etdiyi qızıl-zinət əşyaları ona məxsusdur. 1 ədəd Rusiya istehsalı, dəyəri 200 manat olan qızıl üzük, 1 ədəd Rusiya istehsalı, dəyəri 180 manat olan qızıl üzük, 1 ədəd Rusiya istehsalı, dəyəri 220 manat olan qızıl üzük,1 cüt Rusiya istehsalı, dəyəri 150 manat olan qızıl sırğa, 1 ədəd Rusiya istehsalı, dəyəri 250 manat olan qızıl boyunbağı, ümumilikdə dəyəri 1000 manat olan - qızıl zinət əşyalarının Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 1 ədəd Rusiya istehsalı, dəyəri 200 manat olan qızıl üzük, 1 ədəd Rusiya istehsalı, dəyəri 180 manat olan qızıl üzük, 1 ədəd Rusiya istehsalı, dəyəri 220 manat olan qızıl üzük,1 cüt Rusiya istehsalı, dəyəri 150 manat olan qızıl sırğa, 1 ədəd Rusiya istehsalı, dəyəri 250 manat olan qızıl boyunbağı, ümumilikdə dəyəri 1000 manat olan - qızıl zinət əşyalarının Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar