Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-213/2024 08.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-nə və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon 1 saylı notariat ofisində 8i-11986 nömrəli xx.xx.2020-ci il tarixli icra qeydinin ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon 1 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli icra qeydi üzrə ondan cəmi 210 manat məbləğində borc pul və 25 manat ödənilmiş dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına tutulması müəyyən edilmişdir. Həmin icra qeydini Xaçmaz rayon İcra və Probasiya şöbəsindən xx.xx.2022-ci il tarixdə almışdır. Telefon xarab olduğu üçün düzəlməsinə görə "xxxx" MMCnə təhvil vermişdir. Çünki aralarında qızıl qaranti müqaviləsi bağlanmışdır. Telefon xarab olduğu üçün ödəniş etməmişdir. İcra qeydi ilə də razı deyildir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2019-cu ildə o "xxxx" MMCnin İnşaatçılar filialından 1 ədəd “Huavei” markalı telefon almış, 1 il qızıl zəmanətin pulunu da ödəmişdir. İyul ayının axırlarında telefonun sol tərəfinin kənarları qaralmağa başlamış, dərhal 2 gün ərzində "xxxx" MMC-nin İnşaatçılar filialına yaxınlaşıb müdiriyyətə təqdim etmişdir. Oradan onu "xxxx" MMC-nin Azadlıq filialına ustanın yanına göndərmişlər. Usta demişdir ki, telefonun ekranı xarabdır, ekran da 2 aydan tez gələn deyil. O demişdir ki, onda onu başqa telefonla təmin etsinlər. Lakin ona müsbət cavab verilməmiş və o telefonu götürüb getmişdir. Mütəmadi olaraq şirkətin hüquq şöbəsinə müraciətlər etmişdir. Onu "xxxx" MMC-nin Qusar rayonundakı servisinə yönəltmişlər. Orada Cəlal usta telefonun ekranını yapışdırmış, lakin görmüşdür ki, qüsur telefonun özündədir. Telefon işləməmişdir. Telefon indi də ondadır. İcra qeydinin ləğv edilməsini istəyir. İstəyir ki onu təzə telefonla təmin etsinlər. Onun qızıl zəmanəti də var. İş üzrə cavabdehlər "xxxx" MMC-nə və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılsa da, nümayəndələri heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan 27 dekabr 2019-cu il tarixli BL391146 nömrəli nisyə satış müqaviləsindən görünür ki, “Satıcı” bu müqaviləyə əsasən qiyməti 1127 manat olan avadanlığı “Alıcı”ya verməyi, “Alıcı” isə onu qəbul edib avadanlığın qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icra qeydindən müəyyən olunur ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X1 təklif etmişdir ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin xeyrinə İddiaçı BL391146 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 210 manat tutulsun. Bundan əlavə təklif etmişdir ki, İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 235 manat pul tutulsun. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 30 manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Notariat haqqında Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia tələbinin təmin olunmasına üçün heç bir hüquqi əsas mövcud deyil. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-nə və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-213/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-213/2024
08.02.2024 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver