Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2147/2024 03.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə iddiaçı X2 Cavabdeh qarşı pul və mənəvi zərər tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, sadə formada bağlanmış əqdə əsasən Cavabdeh verdiyi 14.500 manat və mənəvi ziyan kimi 5000 manat olmaqla, ümumilikdə 19.500 manat pulun cavabdehdən birdəfəlik alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, 07 və 08 mart 2024-cü il tarixdə onunla Cavabdeh arasında tərəfindən ona 14500 manat pul vermiş və aralarında sadə yazılı formada əqd bağlanmışdır. Onlar həmin sadə formada bağlanmış əqdi imzalayarkən bir ay müddətinə 14500 manat pul qaytaracağına söz vermişdir. Aralarında sadə formada bağlanmış əqdi Cavabdeh yazmışdır ki, bu qəbzi heç bir kənar təzyiq olmadan vermişdir ki, həqiqətən Cavabdeh 1 ay müddətinə biznes məqsədi ilə 14500 manat pul götürmüş və qaytaracağına dair söz vermişdir. Cavabdeh həmin vaxt qəbz yazarkən yanında 13 yaşlı övladı iştirak edirmiş və pulu bir ay müddətinə qaytaracağına dair qəbz yazmışdır. Üç aydır ki, onu süründürür. Əsəbdən hər gün dərman içir və evdə ailə uşaqlarla borc aldığı şəxslərlə mübahisəsi olmuşdur. Bundan sonra isə cavabdeh ona zəng edərək pulu qaytaracağına dair söz vermiş və öz razılığı ilə pulu qaytarması üçün ondan vaxt istəmişdir. Bu səbəbdən hazırki günə qədər gözləməli olmuşdur. İddiaçı X4 tərəfindən 10 sentyabr 2024-cü il tarixdə Xaçmaz rayon Məhkəməsinə daxil olmuş “iddianın dəqiqləşdirilməsinə dair” ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh verdiyi 14.500 manat və mənəvi ziyan kimi 5000 manat olmaqla, ümumilikdə 19.500 manat pulun, həmçinin iddianın verilməsi ilə əlaqədar məhkəmədə hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun hesabına ödədiyi 320 manat məbləğində pul olmaqla, ümümilikdə 19820 manat məbləğində pulun cavabdehdən birdəfəlik alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və hüquqi yardım ödənilməsinə dair ödəniş qəbzinin surətini ərizəyə əlavə etmişdir. Məhkəmə iclasında iş üzrə iddiaçı X4 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 vəkili Vəkil iddiaçının mövqeyindən çıxış edərək, göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı oğlu cavabdeh tərəfindən aldadılaraq 14500 manat pulun və həmin borca görə onun səhhətində yaranmış problemlərə görə cavabdehdən 5000 manat mənəvi ziyan tələb edir. Ümumilikdə 19500 manat pulun, həmçinin hüquqi yardıma görə vəkil bürosuna ödədiyi 320 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsini xahiş edir. 14500 manat pulu cavabdehə bir ay müddətinə vermişdir. Cavabdeh mart ayının sonuna kimi pulu qaytaracağını desə də, 3 aydır ki pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh pulu qaytarmaqdan yayınır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Cavabdeh iddianı qismən qəbul edərək, iş üzrə izahatında göstərmişdir ki, xalça toxumaqla məşğul olur. Toxuyub hazır edəndən sonra sataraq pul əldə edir. Xalça toxumaq üçün sap almağa əlində pulu olmamışdır. Afət adlı xanımdan iddiaçının tanışlığı ilə 14.500 manat pul götürmüşdür. Həmin məbləği hər ay 1000 manat olmaqla qaytaracağını bildirmişdir. İşləri yolunda getmədiyinə görə toxuduğu xalçanı tamamlaya bilmədiyi üçün pul əldə edə bilməmiş və bu səbəbdən də borcu qaytara bilməmişdir. Borc pulu ona Mübarizin tanışlığı ilə onun bacısı qızı Afət vermişdir. Sadəcə o, ona pul vermişdir. İddiaçıya yazılı bildiriş vermişdir. Hazırda isə iddiaçı ondan həm özünün həm də bacısı qızı Afətin adına pul istəyir. Onun isə iddiaçıya 14500 manat borcu var. O, iddiaçıya avqust-sentyabr aylarından ödəniş edəcəyini bildirmişdir. İddiaçının şikayəti əsasında onu polis şöbəsinə də dəvət etmişlər, orada da aralarında razılıq olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan və cavabdeh tərəfindən qismən etiraf olunduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı X4 ilə Cavabdeh arasında arasında borc öhdəliyinə dair sadə yazılı qaydada tərtib edilmiş əqddən müəyyən olunur ki, Cavabdeh bzines qurmaq məqsədi ilə 06 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixə kimi hissəli şəkildə mart ayının sonuna qaytarmaq şərti ilə X1 14500 manat borc pul götürmüşdür. 26 aprel 2024-cü il tarixi olmasına baxmayaraq borcu geri qaytara bilməmişdir. Aralarında olan 26 aprel 2024-cü il tarixli razılaşmaya əsasən Cavabdeh may ayından başlayaraq 6 ay müddətində hər ay borcundan 2500 manat olmaqla X3 ödəməsi barədə razılaşmışlar. 12 avqust 2024-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı X4 tərəfindən hüquqi xidmət haqqına görə Xaçmaz rayon Vəkil Bürosunun hesabına 320 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Həmin Məcəllənin 730.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iş üzrə ödənilmiş məhkəmə xərclərini tələb etdiyindən və iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri qismən cavabdehə aid edilməlidir. Belə olan halda iddiaçı X4 tərəfindən hüquqi xidmət haqqına görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin yarısı, yəni 160 manat məbləğində pul vəsaiti Cavabdeh tutulmalıdır. Hüquqi xidmət haqqına görə ödənilmiş pul vəsaiti qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında borc öhdəliyinə dair sadə yazılı qaydada tərtib edilmiş əqd bağlanmışdır. Bununla da, iddiaçı X4 tərəfindən ilə 06 mart 2024-cü il tarixdə Cavabdeh 14500 (on dörd min beş yüz) manat pulun borca verilməsi təsdiq olunur. Bundan əlavə Cavabdeh məhkəmə iclasında iddiaçıdan 14500 manat məbləğində pul vəsaitini borc olaraq götürdüyünü və həmin borcu aralarındakı razılaşmada göstərilən müddətdə ödəyə bilmədiyini etiraf etmişdir. Məhkəmə iddiaçı X2 irəliyi sürdüyü pul tələbi ilə bağlı onu qeyd edir ki, cavabdeh iddia tələbini qismən etiraf etmiş, yəni iddia tələbinin birinci tərəfi ilə bağlı iddianı qəbul edərək, iddiaçının 14500 manat məbləğində pul tələbi ilə razılaşmışdır. Belə olan halda məhkəmə iddia tələbinin bu hissədə təmin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı müəyyən edilərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü. Peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq halları nəzərə alınmalıdır. Göstərilən Qərarın 4-cü bəndinə əsasən, “Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və istirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə iddiaçı X2 irəliyi sürdüyü mənəvi zərər tələbi ilə bağlı isə onu qeyd edir ki, iddiaçı cavabdehdən mənəvi ziyan kimi 5000 manat pul tələb etsə də, keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələbinin bu hissədə təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 14500 (on dörd min beş yüz) manat məbləğində borc pul və hüquqi xidmət haqqına görə ödənilmiş 160 manat məbləğində pul alınaraq iddiaçı X3 verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14500 (on dörd min beş yüz) manat məbləğində borc pul və hüquqi xidmət haqqına görə ödənilmiş 160 manat məbləğində pul alınaraq iddiaçı X3 verilsin. İddia qalan hissədə təmin edilməsin. Hüquqi xidmət haqqına görə ödənilmiş pul vəsaiti qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-2147/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2147/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver