Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2173/2022 27.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdeh “Azərişıq” X4 və Cavabdeh1 qarşı mülki hüquq pozuntularından əmələ gələn öhdəlik üzrə ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azərişıq» X1 və Şəbəkənin İstismar üzrə mühəndisi Cavabdeh1 təqsiri üzündən mülki hüquq pozuntusu nəticəsində ona məxsus bir baş iribuynuzlu camış cinsli heyvanın tələf olmasına görə dəymiş 1000 manat ziyanın, mülki dövriyyə zamanı camışın südündən əldə edəcəyi gəlir (əldən çıxmış) faydanın əvəzi olaraq 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonunun Xaspoladoba kəndində yaşayır. Fərdi təsərrüfatında xırda və iri buynuzlu heyvanlar saxlayır. 16 noyabr 2021-ci il tarixində bərk külək əsməsi nəticəsində kənddəki elektrik dirəyinin naqilləri qırılaraq yerə düşmüş, kənd sakinləri və qardaşı dəfələrlə “Azərişıq”ın X2 daxili nömrəsinə zəng vuraraq qəza baş verməsini və təcili olaraq yerə düşmüş yüksək gərginlikli elektrik naqillərinin yerdən qaldırılmasını xahiş etmişlər ki, bədbəxt hadisə baş verməsinin qarşısı alınsın. Lakin X2 işçiləri həmin gün kəndə gəlməmiş və qəzanı aradan qaldırmamışlar. xx.xx.2021-ci il tarixində səhər saat 09:30 radələrində evdə olan zaman iri buynuzlu heyvanın böyürmə səslərinə bayıra çıxdıqda görmüşdür ki, iribuynuzlu camış yerə düşmüş yüksək gərginlikli naqilə ilişərək elektrik vurması nəticəsində tələf olub. Həmin iribuynuzlu camışın bazar qiyməti 1000 (bir min) manat dəyərində qiymətləndirilmişdir.O, bu barədə rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və ibtidai araşdırma aparılaraq 27 noyabr 2021-ci il tarixində cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul olunaraq, mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, Azərişıq” ASC-nin X3 mühəndis işləyir. xx.xx.2021-ci il tarixində Xaçmaz rayonu, Xaspolad –oba kəndinə yaxın ərazidə olduğu üçün həmin kənddə naqillərin güclü külək nəticəsində yola düşməsi ilə bağlı əraziyə çağırmışlar və o, həmin yerə getmişdir. Həmin ərazidə naqillərin yerə düşdüyünü görmüş və bundan sonra həmin naqilləri bərpa etdirmişdir. Ondan başqa həmin əraziyə nəzarət edən 2 usta və 2 mühəndis var. Elektrik naqillərin yerə düşməsi nəticəsində baş vermiş hadisəyə o, cavabdehlik daşımır, ona baş mühəndis cavabdehlik daşıyır. Qeyd edir ki, elektrik naqilləri yerə düşəndə ilk növbədə qəza bərpa briqadası dəvət olunmalı idi. Ona görə də iddiaçının mal-qarasının tələf olmasında o məsuliyyət daşımır. İddiaçı elektrik naqillərin güclü külək nəticəsində qırılmasını təsdiq etmişdir. İş üzrə cavabdeh Azərişıq ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh Azərişıq ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan və məhkəmə iclasında araşdırılmış digər sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, iddiaçının Xaçmaz RPŞ-nə müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış materiallar üzrə cinayət işi başlanılması rədd edilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. “Elektrik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il 18№li Qərarın 10.1-ci maddəsinə əsasən Enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 10.2.1-ci maddəsinə əsasən Enerjitəchizatı müəssisəsi fors-major hadisə ilə əlaqədar dəymiş ziyana görə istehlakçı qarşısında maddi məsuliyyət daşımır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı bir baş iribuynuzlu camış cinsli heyvanının məhz cavabdeh “Azərişıq” X5 və Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində tələf olması heç bir mötəbər dəlillə sübuta yetirilməmişdir. Həmçinin İddiaçı bir baş iribuynuzlu camış cinsli heyvanının tələf olması nəticəsində ona 1000 manat ziyan və camışın südündən əldə edəcəyi 500 gəlirin əldən çıxması da hər hansı bir mötəbər dəlillə sübuta yetirilməmişdir. Belə olan halda, iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2173/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2173/2022
27.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver