Məhkəmə qərarları › İş №2(067)-271/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-271/2023

12.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-271/2023 12.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus, yəni 1 qızıl sırqa, bir cüt 583 əyar üzərində 14 ədəd xırda brilyant qaşları, Rusiya istehsalı.10 qram-500 manat;qızıl sep-1 ədəd, 583 əyar, üzərində 20 ədəd ağ brilyant qaşları, Rusiya istehsalı,15 qram-1500 manat;qızıl qolbaq 1 ədəd, 583 əyar, üzərində 10 ədəd ağ brilyant qaşları, Rusiya istehsalı, 10 qram-1000 manat; qızıl üzük-1 ədəd, 583 əyar, 18 ölçüdə, Rusiya istehsalı, 8 qram-200 manat; qızıl nişan üzüyü-1 ədəd, 583 əyar, üzərində 15 ədəd xırda ağ brilyant qaşları, Rusiya istehsalı, 18 ölçüdə,10 qram-1300 manat; 1 ədəd qızıl qolbaq qaşsız, 583 əyar, Rusiya istehsal, çəkisi 7 qram-300 manat; 1 ədəd uşaq qolbağı 583 əyar, Rusiya istehsalı olan qaşsız, çəkisi 7 qram-300 manat; 1 ədəd qızıl üzük, ulduz formada, üzərində bir ədəd sadə qaş, 18 ölçüdə, çəkisi 5 qram Rusiya istehsalı, 583 əyar- 250 manat, mebel dəsti-dəyəri 3500 manat, 1 ədəd LG televizor-850 manat, bir ədəd LG paltaryuyan maşın-550 manat və yaxud onların ümumi dəyəri olan 10250 manat pulun və dövlət rüsumu olaraq köçürdüyü 121 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 30 sentyabr 2012-ci il tarixdə Xaçmaz rayon Hacıəlibəy İƏD-nin nümayəndəliyində rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Həmin tarixdə cavabdehin valideynlərinə məxsus Xaçmaz rayonu, Arzu kəndidə yerləşən evə gəlin köçmüş və birgə nikahdan iki uşaqları vardır: X7- xx.xx.2013cü il təvəllüdlü və X5-xx.xx.2016-cı il təvəllüdlü. 25 iyul 2022-ci il tarixdə cavabdeh növbəti dəfə onu döyərək xəsarətlər yetirmişdir. Arrtıq bu vəziyyətə dözə bilməyib o, xx.xx.2022-ci il tarixdə uşaqları ilə birlikdə cavabdehin evindən çıxaraq valideynlərinə məxsus ünvan 1 ünvanda yerləşən evə qayıtmışdır. O vaxtdan da o, uşaqları ilə birlikdə həmin ünvanda yaşayır. Cavabdehlə aralarında bağlanmış nikahın pozulması, aliment və əmlak tələbinə dair ərizə ilə o, mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirakından yayındığı üçün mediator X8 xx.xx.2022-ci il tarixli, 20776 nömrəli protokolu ilə mediasiya prosesinə xitam verilmişdir. Cavabdehlə nikaha girərkən nişan vaxtı ona aşağıda göstərdiyi qızıl-zinət əşyaları hədiyyə olaraq bağışlamışdır. 1.qızıl sırğa, bir cüt 583 əyyar üzərində 14 ədəd xırda brilyant qaşları, Rusiya istehsalı. 10 qram, 2.qızıl sep-1 ədəd, 583 əyyar üzərində 20 ədəd ağ brilyant qaşları, Rusiya istehsalı 15 qram, 3.qızıl qolbaq 1 ədəd, 583 əyyar, üzərində 10 ədəd ağ brliyant qaşları, Rusiya istehsalı, 10 qram, 4.qızıl üzük-1 ədəd, 583 əyyar, 18 ölçüdə, Rusiya istehsalı, 8 qram, 5.qızıl nişan üzüyü-1 ədəd, 583 əyyar, üzərində 15 ədəd xırda ağ brliyant qaşları, Rusiya istehsalı, 18 ölçüdə, 10 qram, 6.bir ədəd qızıl qolbaq bağışlanmışdır-qaşsız 583 əyyar Rusiya istehsalı çəkisi 7 qram, 7.bir ədəd uşaq qolbağı 583 əyyar, Rusiya istehsalı olan qaşsız, çəkisi 7 qram, 8.bir ədəd qızıl üzük, ulduz formada, üzərində bir ədəd sadə qaş, 18 ölçüdə, çəkisi 5 qram Rusiya istehsalı, 583 əyyar. Cavabdehlə evləndikdən sonra anası qızı Aylaya çəkisi 7 qram, Rusiya istehsalı olan, 583 əyyar, qiyməti 300 manat olan 1 ədəd qızıl qolbaq bağışlamışdır. Bundan əlavə xalası oğlu Sübhana 1 ədəd qızıl qolbağı bağışlamışdırçəkisi 7 qram, Rusiya istehsalı olan, 583 əyyar. Həmçinin o, cavabdehin evinə gəlin köçərkən özü ilə cehiz olaraq aşağıda göstərilən əmlakları aparmışdır.1.Mebel dəsti-taxt, termo, şifoner, 2 ədə tumba, qonaq dəsti (2 ədəd divan, 2 ədəd kreslo, 6 ədə stul)-cəmi dəyəri 3500 manat. 2. 1 ədəd televizor, LG markalı, 120 mm diaqonal-850 manat, 3. 1 ədəd paltaryuyan maşın, LG markalı- 550 manat. Yuxarıda göstərilən cehiz əmlakları və qızıl-zinət əşyaları cavabdehdə qalmaqdadır. O, həmin əmlakları könüllü olaraq ona qaytarmaq istəmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək təmin edilməsini və Ekspert rəyinə etirazı olmadığını bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin və şahidlərin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər 30 sentyabr 2012-ci ildə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan arayışlardan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 adında övladları vardır. Məhkəmə iclasında şahid X6 izahatında bildirmişdir ki, iddiaçı onun qızıdır.Ər evindən döyülüb çıxmışdır. Gələndə özü ilə heçnə gətirməmişdir. Heç cehiz əşyalarını da ər evindən gətirməmişdir. Qızıl zinət əşyalarını oğlan banka qoymuşdur. Ona görə Ayseldə qızıl qinət əşyaları yoxdur. Məhkəmə iclasında şahid X2 izahatında bildirmişdir ki, Aysel onun bacısı qızıdır. Hazırda ata evində qalır.O ata evinə ər evindən çıxılmaz vəziyyətdə gəlib. Bir gün anası qızının yanına gedəndə görüb ki, Aysel pis vəziyyətdədir. Onu gətirmək istəsə də Aysel gəlməmişdir. Sonradan əri Ayseli gətirmişdir. Ancaq Aysel gələndə özü ilə heçnə gətirməmişdir. Ayselə toyda qızıl zinət əşaları hədiyyə olunsa da sonradan qızıllarını ona verməmişdilər. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2023-cü il tarixli, 9/1606 saylı ekspert rəyindən müəyyən olunur ki, iddia ərizəsində adları sadalanan zərgərlik məmulatlarının və istifadədə olmuş əşyaların nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7910.0 manat, livid qiyməti 7000.0 manat müəyyən edilmişdir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2-ci və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlk qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının tələb etdiyi əmlaklar cavabdehdədir. Məhkəmə iclasları barədə cavabdeh dəfələrlə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməkdən yayınmış, iddiaçının təqdim etdiyi dəlillərə etirazını bildirməmişdir. Bundan əlavə tərəfin və şahidlərin izahatından, məhkəməyə təqdim olunmuş toy fotoşəkillərindən müəyyən olunmuşdur ki, iddiaçının tələb etdiyi qızıl zinyət əşyaları iddiaçıya hədiyyə olunmuşdur. İddiaçı ər evindən davalı şəkildə çıxmasına görə özü ilə heç bir qızıl zinət əşyasını götürə bilməmişdir.Bu səbəbdən də qızıl zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Qızıl sırqa, bir cüt 583 əyar üzərində 14 ədəd xırda brilyant qaşları , Rusiya istehsalı, 10 qram-500 manat; qızıl sep-1 ədəd, 583 əyar, üzərində 20 ədəd ağ brilyant qaşları, Rusiya istehsalı.15 qram-1500 manat; qızıl qolbaq 1 ədəd, 583 əyar, üzərində 10 ədəd ağ brilyant qaşları, Rusiya istehsalı, 10 qram-1000 manat; qızıl üzük-1 ədəd, 583 əyar, 18 ölçüdə, Rusiya istehsalı, 8qram-200 manat; qızıl nişan üzüyü-1 ədəd, 583 əyar, üzərində 15 ədəd xırda ağ brilyant qaşları, Rusiya istehsalı, 18 ölçüdə,10 qram-1300 manat; 1 ədəd qızıl qolbaq qaşsız, 583 əyar, Rusiya istehsal, çəkisi 7 qram-300 manat; 1 ədəd uşaq qolbağı 583 əyar, Rusiya istehsalı olan qaşsız, çəkisi 7 qram-300 manat; 1 ədəd qızıl üzük, ulduz formada, üzərində bir ədəd sadə qaş, 18 ölçüdə, çəkisi 5 qram Rusiya istehsalı, 583 əyar-250 manat, mebel dəsti-dəyəri 3500 manat,1 ədəd LG televizor-850 manat,bir ədəd LG paltaryuyan maşın-550 manat (əmlaklar qətnamə icra olunduğu vaxt mövcud olmasa cavabdehdən alınmalı əmlakların dəyəri-7000 manat) Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 121 manat dövlət rüsumunun 31 manatı iddiaçıya aid edilsin, 90 manatı isə Cavabdeh alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatı Cavabdeh və 25 manatı isə iddiaçıdan alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar