Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2757/2022 29.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində aid olan 90TD563 dövlət qeydiyyat nişanlı, VAZ-21154 markalı, buraxılış ili 2012-ci il, ağ rəngli nəqliyyat vasitəsini cavabdehin qanunsuz sahibliyindən alınaraq onun istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə heç bir qohumluq əlaqəsi yoxdur, onunla düşmənçiliyi və ədavəti yoxdur. VAZ-21154 markalı, buraxılış ili 2012-ci il, ağ rəngli 90TD563 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətinə aid olan əmlakıdır. Həmin avtomaşın AD 608002 saylı, xx.xx.2019-cu il tarixli qeydiyyat şəhadətnaməsi ilə onun adına rəsmiləşdirilmişdir. O, mülkiyyətində olan nəqliyyat vasitəsinin alqı-satqısına dair X2 adlı şəxslə qarşılıqlı razılığa gəlmişlər. Bu səbəbdən də Füzuliyə xx.xx.2021-ci il tarixdə etibarnamə vermişdir. O, maşını bazarda sataraq ona pulunu ödəyəcəyini bildirmişdir. Füzuli Kərimov ondan aldığı avtomaşını sonradan etibarnamə əsasında başqa şəxsə faktiki olaraq satmış, pulunu almış və ona verdiyi etibarnamə əsasında onun adından maşını satdığı Cavabdeh oğlu Kənan Əskərovun adına etibarnamə vermişdir. O, bundan xəbər tutduqda Füzuli Kərimovdan maşının pulunu ödəməsini tələb etmişdir. Lakin o, vədinə əməl etməyərək pulunu ödəməkdən yayınmışdır. Bu səbəbdən də o, verdiyi etibarnaməni notariat orqanında ləğv etdirmişdir. Həmin etibarnamə ləğv olunduqdan sonra cavabdeh onun yanına gələrək aldığı avtomaşının mübahisəli olduğunu bilməmiş, lakin onunla bu barədə razılığa gəlməsini xahiş etmişdir. Cavabdeh F.Kərimovu taparaq ondan maşının pulunu ödəməsi məsələsini həll edəcəyini bildirmişdir. O, isə cavabdehə inanaraq təkrar ona etibarnamə vermişdir. Cavabdeh isə vədinə əməl etməmiş, maşının pulunu ödəməsini təmin etməmişdir. o, yenidən verdiyi etibarnaməni ləğv etdirmişdir. Mübahisəli nəqliyyat vasitəsi cavabdehin istifadəsində qaldığından avtomaşını istifadəsinə qaytarmağı təklif etmişdir. Lakin cavabdeh avtomaşını ona qaytarmaqdan imtina edir. Cavabdehin hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulmuş və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AD 608002 saylı, xx.xx.2019-cu il traixli Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, VAZ 21154 minik markalı, 90TD563 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı məxsusdur. İş materiallarında olan ƏN-Vİİİ 115683 saylı, xx.xx.2021-ci il tarixli etibarnamədən müəyyən olunur ki, İddiaçı nümayəndəsi X3 VAZ 21154 minik markalı, 90TD563 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə əsasında X5 istifadəsinə vermişdir. İş materiallarında olan Elektron Notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə sistemə daxil olmuş etibarnaməyə mülkiyyətçi İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan ƏN-Vİİİ 287017 saylı, xx.xx.2022-ci il tarixli Etibarnamədən müəyyən olunur ki, İddiaçı VAZ 21154 minik markalı, 90TD563 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə əsasında Cavabdeh istifadəsinə vermişdir. İş materiallarında olan Elektron Notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə sistemə daxil olmuş etibarnaməyə mülkiyyətçi İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2-ci və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 365.1.3-cü maddəsinə görə, etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin qüvvəsinə xitam verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd olunan hüquq normalarına istinadən hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əmlak iddiaçının mülkiyyəti hesab olunur və bu əmlakların mövcudluğu və cavabdehdə qalması işdə olan sənədlərdən və iddiaçının izahatları ilə müəyyən olunur. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən işə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı cavabdehdən tələb etdiyi 90TD563 dövlət qeydiyyat nişanlı, VAZ-21154 markalı, buraxılış ili 2012-ci il, ağ rəngli nəqliyyat vasitəsi ona məxsusdur. Həmin 90TD563 dövlət qeydiyyat nişanlı, VAZ-21154 markalı, buraxılış ili 2012-ci il olan, ağ rəngli nəqliyyat vasitəsini Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. **-TD-*** dövlət qeydiyyat nişanlı, VAZ-21154 markalı, buraxılış ili 2012-ci il olan, ağ rəngli nəqliyyat vasitəsini Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2757/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2757/2022
29.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver