Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-276/2023 01.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X1 Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində 01 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı X3 məhkəmədə iddia qaldıraraq Cavabdeh məxsus olan cehiz-əmlakları 1 ədəd divan, 1 ədəd şifoner, 6 ədəd stul, 1 ədəd stol, 1 ədəd qorka, 1 ədəd güzgü, 1 ədəd taxt, 2 ədəd kreslo, yorğan-döşək, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 2 ədəd lüstür, 3 ədəd xalça, qab-qaşıqların Xaçmaz rayonu Çarxı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və ödədiyi mediasiya xərcinin və dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Çarxı kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayş evi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsusdur. Cavabdeh onun keçmiş gəlinidir. Belə ki, oğlum X6 ilə cavabdeh arasında olan nikah 2021-ci ildə pozulmuşdur. Nikah pozulmayana qədər də tərəflər ayrı yaşamışdır. Hal-hazırda cavabdehə məxsus olan cehiz əmlakları ona məxsus olan evdədir. Lakin bir ildən çoxdur ki, cavabdeh hələdə gəlib əmlaklarını götürməmişdir. Cavabdehə demişdir ki, gəlib əmlakları götürsün, lakin onlar deyirlər ki, “götürmürük və nə istəyirsiz edin biz sizə qəsdən maneə yaradacağıq”. Onun isə evində əşyaları saxlamağa yer yoxdur və əşyalar ona maneçilik törətməkdədir. Cavabdehə məxsus əmlaklar ona məxsus olan evdə olduğu üçün əşyalarını öz evinə yığıb rahat yaşaya bilmir. Cavabdehin hərəkətləri ucbatından onun mülkiyyət hüququ pozulmaqdadır. Mülkiyyətinə dair hüquqlarını sərbəst həyata keçirə bilmir. Məhkəmə iclasında iddiacı tərəf iddia tələbini müdafiə etməklə iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, **********37-10301 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Çarxı kəndində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90,5 kv.metr olan fərdi yaşayış evi X1 və digərlərin adına daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Münasibətlər yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki, mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının istifadəsində olan fərdi yaşayış evində qanuni əsas olmadan əmlaklarının saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Beləliklə, hazırki, mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının istifadəsində olan fərdi yaşayış evində qanuni əsas olmadan əmlaklarının saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin olunsun. Xaçmaz rayonu Çarxı kəndində yerləşən X2 məxsus fərdi yaşayış evindən Cavabdeh məxsus əmlaklar-1 ədəd divan, 1 ədəd şifoner, 6 ədəd stul, 1 ədəd stol, 1 ədəd qorka, 1 ədəd güzgü, 1 ədəd taxt, 2 ədəd kreslo, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 2 ədəd lüstür, 3 ədəd xalça çıxarılsın. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-276/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-276/2023
01.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver