Məhkəmə qərarları › İş №2(067)-294/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-294/2023

09.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-294/2023 09.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı və onun nümayəndəsi Nümayəndə2, Cavabdeh oğlunun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı əmlak tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus əmlakların və ya onların dəyərinin (cəmi dəyəri 14170 manat) və 132.51 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh oğlundan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, o, gəlin köçəndə qaynata evində cəmi 1 ay qalmışdır. Üstəlik onlar onun anasına 2000 manat pul da borcludurlar. Toydan əvvəl anasından xərc adı ilə almışdır. Lakin hələ də o pulu qaytarmamışdır. Üstəlik qızıllarını da qaytarmır. Təzə evlənərkən qayınanası ona demişdir ki, qızılları ver, sən özün itirərsən. Onlar da həmin vaxt yol üstə olmuşlar. O, da razılaşmışdır. Qızıllarını onlara etibar eləmişdir. Bahalı mebelini də orada qoyaraq, bir-iki əşya alıb getmişlər. İndi ona görə də ən xırda şeyi belə tələb edir. O, da bilir əşyalar xoşbəxtlik gətirməyəcək. Amma bütün bu olanlardan sonra istəmir ki, onlarda heç nəyi qalsın. Məhkəmə iclasında iddiaçı tərəf iddiasını müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, cehizlərindən nələrin olduğunu məhkəmə iclasında bildirib. Amma qızıllar onlarda deyil. Zümrüdün tələb etdiyi qızıllar Zümrüdün özündədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, məhkəmə iclasında cavabdeh tərəf iddianı qismən, yəni qızıl-zinyət əşyaları istisna olmaqla bir sıra digər əmlakların cavabdeh tərəfdə qalmasını etiraf etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf isə mebel dəsti istisna olmaqla, heç bir əmlakın qiyməti (dəyəri) ilə bağlı heç bir sübut təqdim etməmiş, həmçinin cavabdeh tərəfin etiraf etdiyi əşyalardan başqa tələb etdiyi digər əmlakların məhz Cavabdeh qalmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2-ci və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının tələb etdiyi əmlakların bir qisminin cavabdehdə olması cavabdeh tərəfin etirafı ilə öz təsdiqini tapsa da, digər əmlakların cavabdehdə olması iş materialları ilə təsdiqini tapmadı, eləcə də iddiaçı tərəf bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfin iddianı etiraf etdiyi hissədə təmin olunmalı, digər hissədə isə iddia əsaslı olmadığından rədd edilməlidir. Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Mebel dəsti (və ya onun dəyəri 6000 AZN), 4 (dörd) ədəd yastıq; 2(iki) ədəd nalça; 1(bir) ədəd taxt döşəyi; 2(iki) ədəd xalça; 2(iki) ədəd lüstr; 1(bir) ədəd paltar ütüsü masası;1 (bir) ədəd tək çarpayı; 1 (bir) ədəd sandıq; 1(bir) ədəd paltar çamadanı; çəngəl-qaşıq dəsti çamadanın içində; 2 (iki) ədəd qazan dəsti; 1(bir) ədəd pakreval; 1 (bir) ədəd ədyal; 3(üç) ədəd pərdə;5(beş) ədəd meyvə qabı; 12 (on iki) ədəd nəlbəki; 1(bir) ədəd çay servisi; 6 (altı) ədəd balaca kasa; 6 (altı) ədəd iri kasa; 12 (on iki) ədəd boşqab- əmlaklar Cavabdeh oğlundan alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 132,51 manat dövlət rüsumundan 92 AZN iddiaçıya aid edilsin, 40.51 AZN isə cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar