Məhkəmə qərarları › İş №2(067)-323/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-323/2023

14.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-323/2023 14.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,mebel dəsti dəyəri-2200 manat, 1 ədəd lüstr dəyəri-80 manat, 585 əyarlı 2.90 qram 1 ədəd nişan üzüyü brilyant qaşlı-dəyəri 700 manat, 585 əyarlı 4.5 qram 1 ədəd üzük brilyant qaşlı dəyəri-600 manat, 585 əyarlı 4.3 qram üzük dəyəri-300 manat, 585 əyarlı 7 qram bir cüt sırqa dəyəri-490 manat, 585 əyarlı 7 qram bir ədəd qolbaq 10.3 qram,dəyəri 490 manat, 585 əyarlı 10.3 qram bir ədəd sep dəyəri-720 manat, cəmi dəyəri 5580 (beş min beş yüz səksən) manat olan cehiz əmlaklarının və ya onların dəyərinin və 25.80 (iyirmi beş) manat 0.80 qəpik ödənilmiş dövlət rüsumunun və 50 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurub cavabdehə məxsus olan fərdi yaşayış evinə gəlin köçərkən el adəti ilə cehiz aparmışdır. xx.xx.2021-ci il tarixdə xasiyyətləri uyğun gəlmədiyindən Quba rayon məhkəməsinin 2(027)-772 saylı qətnaməsinə əsasən nikahları taktiki olaraq pozulub. Cavabdehlə birlikdə ailə olaraq 2021-ci ilə kimi aralarında münaqişə yaranana kimi həmin ünvanda, həmin evdə yaşamışlar. Sonradan münasibətləri pisləşib və nikahının rəsmi qaydada pozulması barədə məhkəməyə müraciət olunub. İndi cavabdeh tərəf onun ora apardığı cehizləri-əşyalarını və qızıl-zinyət əşyalarını vermir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Rəylə razı deyil, cavabdehlə birgə nikaha daxil olduğu vaxtı cehiz olaraq dəyəri 2200 manat olan mebel dəsti almışdır. Həmin mebel dəstindən yataq dəsti cavabdehin evində qalıb, divanı isə cavabdehin evindən aparmışdır. Cavabdehlə nikaha daxil olduğu zaman onun iştirakı ilə 700 manat dəyərində nişan üzüyü, 600 manat dəyərində brilliant qaşlı üzük və iddia ərizəsində qeyd etdiyi qızıllar onun üçün alınıb. Evdən getdiyi günü səhər tezdən qaynanası ilə o, evdə olmuşlar. Qaynanası onunla mübahisə etmiş, 30 il oğul böyütdüyünü, niyə onunla qaldığını demiş və üstünə gəlmişdir. Həmin gün özünü pis hiss etmiş və qızdırması olmuşdur. Atasına zəng edib xəstə olduğunu və gəlib onu aparmağını bildirmişdir. Atasına əsəbləşməsin deyə qaynanası ilə mübahisə etdiyi üçün gəlib onu aparmağını istədiyini deməmişdir. Ev paltarında atası ilə getmişdir. Oğlu evdən gedən kimi qaynanası onunla mübahisə edirdi, cavabdehə bu barədə bildirdikdə ona inanmırdı. İcra məmurunun iştirakı ilə cavabdehin evinə getdikdə qızılların otaqda olmadığını görmüş, mebellərin isə sökülüb götürülməsinə cavabdeh tərəf imkan vermədi. Qızıl və mebeldən başqa ona aid bütün əşyaları aparmağına görə icra məmuru tərəfindən akt tərtib olunub və cavabdehin atası tərəfindən imzalanıb. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izhatında göstərmişdir ki, rəylə razıdır. 1 ədəd çilçıraq olub, iddiaçı tərəfindən aparılıb. İddiaçı və cavabdeh pandemiya vaxtı ailə qurublar. İddiaçı 2 ay evində gəlin olub, o, evdə olmadığı vaxtı iddiaçının atası qızını gəlib evdən aparıb. Nişan üzüyünü və qızılların hamısını iddiaçı evdən gedərkən özü ilə aparıb. İddiaçı tərəfin maddi imkanı yaxşı olmadığından 1 ədəd divandan başqa cehiz olaraq mebel dəsti gətirməyib. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil izahatında göstərmişdir ki, rəylə razıdır. İddiaçının bildirdiyi yataq dəstinin dəyəri 1200 manatdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-772/2021 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflər arasında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Xaçmaz RİİK İdarə Heyətinin 22 saylı, xx.xx.2021-cü il tarixli sorğuya cavabından müəyyən olunur ki, iddiaçının cavabdehdən tələb etdiyi qızıl zinyət əşyalarının ümumi dəyəri 3300 manatdır. İş materiallarında olan qəbzdən görünür ki, cavabdehin atası X1 məxsus olan evdən mebel və yataq dəstindən başqa iddiaçıya məxsus digər əmlaklarını İddiaçı cavabdehin atasından təhvil almışdır. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 13 aprel 2023-cü il tarixli, 9/876 saylı ekspert rəyindən müəyyən olunur ki, iddia ərizəsində adları sadalanan əşyalar və zərgərlik məmulatlarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4120.0 manat müəyyən edilmişdir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2-ci və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlk qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının tələb etdiyi əmlaklar cavabdehin evindədir. Bu hal iş materiallarında olan qəbzlə öz təsdiqini tapır. Bundan əlavə tərəflərin izahatından, məhkəməyə təqdim olunmuş toy fotoşəkillərindən müəyyən olunmuşdur ki, iddiaçının tələb etdiyi qızıl zinyət əşyaları iddiaçıya hədiyyə olunmuşdur. İddiaçı ər evindən davalı şəkildə çıxmasına görə özü ilə heç bir qızıl zinət əşyasını götürə bilməmişdir. Bu səbəbdən də qızıl zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Mebel dəsti -1200 manat, 585 əyarlı 2.90 qram brilyant qaşlı qızıl nişan üzüyü- 1 ədəd - 232 manat, 585 əyarlı 4.5 qram brilyant qaşlı üzük 360 manat, 585 əyarlı 4.3 qram üzük 344 manat, 585 əyarlı 7 qram bir cüt sırğa- 560 manat, 585 əyarlı 7 qram qolbaq 560 manat, 585 əyarlı 10.3 qram sep-824 manat, cəmi 4080 manat (əmlaklar qətnamə icra olunduğu vaxt mövcud olmasa cavabdehdən alınmalı əmlakların dəyəri-4080 manat) Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 25.80 manat ödənilmiş dövlət rüsumu və 50 manat ödənilmiş mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatı Cavabdeh və 25 manatı isə İddiaçı alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar