Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3313/2021 17.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə islas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi edilməsi barədə ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, nikahın pozulması və aliment tələbinə dair Maraqlı şəxslə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamış, 12 noyabr 2021-ci il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən tərəflər nikahın pozulması, birgə nikahdan anadan olmuş 13.06.2014-cü il təvəllüdlü X4, 19.09.2015-ci il təvəllüdlü X5 və X1 analarının yanında saxlanması və Maraqlı şəxs hər ay hər uşaq üçün 50 manat olmaqla, onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 150 (yüz əlli) manat alimentin tutulması barədə razılığa gəlmişlər. Maraqlı şəxs barışıq sazişini 10 gün ərzində könüllü icra etməmişdir. Ərizəçiyə və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Məhkəmə ərizəçinin və maraqlı şəxsin olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında 12 noyabr 2021-ci il tarixli barışıq sazişindən müəyyən olunur ki, Ərizəçi və Maraqlı şəxs arasında 1 saylı Bakı “Asan xidmət” X2 tərəfindən bağlanmış 27 fevral 2014-cü il tarixli 240 nömrəli nikah qeydinin pozulması, birgə nikahdan anadan olmuş 13.06.2014-cü il təvəllüdlü X4, 19.09.2015-ci il təvəllüdlü X5 və X1 analarının yanında saxlanması və Maraqlı şəxs uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat alimentin tutulması, ilk ayın aliment ödənişinin 15 dekabr 2021-ci il tarixədək ödənilməsi barədə razılığa gəlmişlər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə ərizənin dəlillərinə münasibət bildirərək hesab edir ki, ərizənin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 355-23-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin (10 gün) keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-si və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETD İ : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi və Maraqlı şəxs arasında 1 saylı Bakı “Asan xidmət” X2 tərəfindən bağlanmış 27 fevral 2014-cü il tarixli 240 nömrəli nikah qeydi pozulsun. Tərəflərin birgə nikahlarından anadan olmuş 13.06.2014-cü il təvəllüdlü X4, 19.09.2015-ci il təvəllüdlü X5 və X3 Ərizəçi himayəsinə verilsinlər. Maraqlı şəxs 12.11.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cəmi 150 (yüz əlli) manat aliment tutularaq Ərizəçi ödənilsin. Maraqlı şəxs 200 (iki yüz) manat məbləğində mediasiya xərci tutularaq Ərizəçi ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-3313/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3313/2021
17.12.2021 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver