Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3319/2021 20.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə islas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə 20 dekabr 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi onunla Maraqlı şəxs arasında mediator Şahin Mütəllimovun iştirakı ilə bağlanmış 01.11.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, aliment tələbinə dair Maraqlı şəxs ilə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamış, 01 noyabr 2021-ci il tarixdə Şahin Mütəllimovu özlərinə mediator seçərək onun iştirakı ilə barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən tərəflər birgə nikahdan anadan olmuş azyaşlı uşaqları 18.01.2014-cü il təvəllüdlü Əliyeva Zəhra Fərəc qızının və 10.05.2017-ci il təvəllüdlü X2 analarının yanında saxlanması və hər ay hər uşaq üçün 300 manat olmaqla, onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 600 manat alimentin tutulması barədə razılığa gəlmişlər. Maraqlı şəxs barışıq sazişini 10 gün ərzində könüllü icra etməmişdir. Ərizəçiyə və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Məhkəmə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 834477 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs 19.03.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan AZ-İİİ seriyalı 944981 saylı və AZ-İİİ seriyalı 258840 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 18.01.2014-cü il təvəllüdlü Əliyeva Zəhra Fərəc qızı və 10.05.2017-ci il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli barışıq sazişindən müəyyən olunur ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından anadan olmuş 18.01.2014-cü il təvəllüdlü X3 və 10.05.2017-ci il təvəllüdlü X2 analarının yanında saxlanması və Maraqlı şəxs uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat alimentin tutulması, ilk ayın aliment ödənişinin 01 noyabr 2021-ci il tarixindən ödənilməsi barədə razılığa gəlmişlər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə ərizənin dəlillərinə münasibət bildirərək hesab edir ki, ərizənin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 355-23-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin (10 gün) keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. Uşaqlar üçün yaşayış minimumumunun 2021-ci ildə 175 manat məbləğində müəyyən edilməsinə baxmayaraq, barşıqı sazişi aliment ödəməli olan şəxsin gəlirləri və qazancı müəyyən edilməməklə bağlanmaqla, ödənilməli olan alimentin miqdarı hər ay hər uşaq üçün 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində müəyyən edilmişdir və hazırda cavabdeh həmin barışıq sazişini icra etməkdən imtina edir. Göstərilənlə\rə əsasən, məhkəmə Azərbaycan Respublikası MPM-in 355-26-cı maddəsinin tələblərini nəzərə almaqla, məhkəmə barışıq sazişinin təsdiq edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-si və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 01.11.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-3319/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3319/2021
20.12.2021 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver