Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3469/2023 24.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçinun iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə onunla Maraqlı şəxs arasında Qusar mediasiya təşkilatında bağlanmış barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun Qıraqlı kənd sakini Maraqlı şəxs ilə xx.xx.2010-cu il tarixdə nikahlarını Xaçmaz rayon İƏD-nin Çinartala kənd İƏD- də 25 nömrə ilə rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə Ayşə və xx.xx.2015-ci il tarixdə Adəm adlı iki övladı olmuşdur. Uşaqlar hazırda onun yanında qalırlar. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahın pozulması və aliment tələbi ilə əlaqədar mediasiya təşkilatında məsələyə baxılarkən mediasiya haqqında qanunun 33-cü maddəsinə müvafiq olaraq aralarında alimentlə əlaqədar barışıq sazişi imzalanmış və mediator tərəfindən təsdiqlənmişdir. xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən ikinci tərəf Maraqlı şəxs öhdəsinə götürmüşdür ki, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 175 manat, hər ay cəmi 350 manat məbləğində alimenti birinci tərəfə, yəni ona 2023-cü ilin iyun ayından bank kartı vasitəsilə ödəyəcəkdir. Maraqlı şəxs barışıq sazişi ilə üzərinə düşən öhdəliyi qismən yerinə yetirmiş, müəyyən məbləğdə aliment ödəsə də, aliment ödənişlərini dayandırmışdır. Dəfələrlə cavabdehin nümayəndəsi olan atası Söhrab Qadaşovla əlaqə saxlanılaraq alimentin ödənilməsi təklif edilmiş, Söhrab Qadaşov növbəti əmək haqqı vaxtı alimentin oğlu Maraqlı şəxs tərəfindən ödəniləcəyini bildirsə də aliment ödənilməmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmiş, bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iş üzrə maraqlı tərəf olan Maraqlı şəxs ilə nikahları pozulmuşdur. Nikahın pozulması və aliment tələbi ilə əlaqədar Qusar 1 saylı Mediasiya təşkilatında müraciətə baxılarkən aralarında alimentlə əlaqədar barışıq sazişi imzalanmış və mediator tərəfindən təsdiqlənmişdir. Barışıq sazişi imzalayarkən maraqlı tərəf bildirmişdir ki, hər uşağa 220 manat aliment ödəmək imkanı yoxdur. xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs öhdəsinə götürmüşdür ki, birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü 2023-cü ilin iyun ayından hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimenti ona bank kartı vasitəsi ilə ödəyəcəkdir. Maraqlı şəxs barışıq sazişi ilə üzərinə düşən öhdəliyi qismən yerinə yetirmiş, müəyyən məbləğdə aliment ödəsə də, hazırda aliment ödənişlərini dayandırdığı üçün barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs hərbçidir, maaşı 1000 manatdan yüksəkdir, müharibə veteranı kimi əlavə ödəniş də alır. İş üzrə maraqlı şəxsə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişindən müəyyən olunur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi imzalanmışdır. Sazişə əsasən tərəflər nikahı davam etdirməyə qərara gəlməmişlər və nikahın pozulmasına dair məhkəməyə müraciət etməyə qərar vermişlər. Tərəflər aşağıdakı şərtlərlə barışıq sazişini bağlamışlar: Birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşağa hər ay 175 manat, cəmi 350 manat “İkinci tərəf” “Birinci tərəf”-ə 2023-cü ilin iyun ayından bank kartı vasitəsi ilə aliment ödəməyə öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunması məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin məhkəmə iclasında sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinin nəticəsi olaraq bağlanmış barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşağa hər ay 175 manat, cəmi 350 manat məbləğində alimenti “İkinci tərəf” “Birinci tərəf”-ə 2023-cü ilin iyun ayından bank kartı vasitəsi ilə ödəməsinə dair xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-3469/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3469/2023
24.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver