Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3504/2025 24.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında razılıqları əsasında bağlanmış 16 may 2025-ci il tarixdə MŞQ/MT-027/2025-00376 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 01 mart 2016-cı ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş, birgə nikahlarından 25 yanvar 2016-cı il təvəllüdlü X7, 05 mart 2017-ci il təvəllüdlü X8, 12 avqust 2018-ci il təvəllüdlü X9 və 16 iyun 2022-ci il təvəllüdlü X2 anadan olmuşdur. Maraqlı şəxs aliment tələbi ilə bağlı 1 saylı Qusar mediasiya təşkilatına müraciət etmiş, maraqlı tərəf Maraqlı şəxs mediasiya sessiyasında iştirak etmiş və aralarında baş tutmuş razılıq əsasında 16 may 2025-ci il tarixdə MŞQ/MT- 027/2025-00376 nömrəli barışıq sazişi bağlanaraq rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş sazişin 3-cü bəndinə əsasən maraqlı tərəf Maraqlı şəxs mediasiya prossesində birgə nikahdan olan 25 yanvar 2016-cı il il təvəllüdlü X3, 05 mart 2017-ci il təvəllüdlü X4, 12 avqust 2018-ci il təvəllüdlü X5 və 16 iyun 2022-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün 2025-ci ilin may ayından başlayaraq hər ayın 05-nə kimi hər uşağa 250 manat aliment pulunu, cəmi 1000 manat məbləğində aliment pulunu ödəyəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Lakin, maraqlı tərəf Maraqlı şəxs alimentin ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi bu günə kimi yerinə yetirmir, uşaqlarının saxlanılması üçün ona alimenti ödəmir və alimenti ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmiş, izahatında göstərmişdir ki, Mediasiya prosesi zamanı o və Maraqlı şəxs iştirak etmiş, alimentlə bağlı qaşılıqlı olaraq razılaşmış və barışıq sazişini imzalamışlar. Barışıq sazişinin şərtlərinə əsasən uşaqların atası olan Maraqlı şəxs 4 uşağa görə ayda hər uşağa 250 manat olmaqla ümumilikdə 1000 manat aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. Elvin əmək haqqı kartını ona vermiş, lakin o, aliment məbləğini həmin kartdan tam olaraq götürə bilməmiş, sonuncu əmək haqqısını digər karta yönləndirib götürür və pulu öz ehtiyac və əyləncələrinə xərcləyir. O, 4 nəfər uşağa tək başına baxa bilmir. Azyaşlıdırlar bütün ehtiyaclarını o özü ödəyir. Cavabdeh öhdəliklərini icra etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 17 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştrak edərək izahat vermiş Maraqlı şəxs göstərmişdir ki, 01 mart 2016-cı ildə Ərizəçi ilə rəsmi nikah qeyd etdirib evlənməklə onların birgə nikahlarından 25 yanvar 2016-cı ildə Elvina, 05 mart 2017-ci ildə Yusif, 12 avqust 2018-ci ildə Ramazan və 16 iyun 2022-ci ildə Məhəmmədəli adlı 4 nəfər uşaqları anadan olmuşdur. Mediasiya prosesində razılıq əldə edərək arvadı Ərizəçi 4 nəfər uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa 250 manat olmaqla ümumilikdə 1000 manat aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. Bu barədə Ərizəçi ilə aralarında barışıq sazişi imzalanmışdır. Barışıq sazişindən sonra Ərizəçi bir çox yardımlar göstərmiş, sonuncu 600 manat kartından pul götürmüş, 300 manat evə bazarlıqərzaq alınmış, 300 manat məbləğində isə evə digər məişət əşyaları alınmışdır. Bu da mediasiyada bağladıqları barışıq sazişindəki məbləğdən daha artıqdır. O, aliment ödəməkdən yayınmır. Lakin sadəcə olaraq bundan sonra ərizəçiyə yalnız aliment məbləğini ödəyəcəkdir, digər yardımları göstərə bilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞQ/MT-027/2025-00376 nömrəli barışıq sazişinə əsasən müəyyən olunur ki, mübahisənin həlli ilə bağlı tərəflər arasında danışıqlar aparılmış, danışıqlar nəticəsində ikinci tərəf (Maraqlı şəxs) birinci tərəf (Ərizəçi) qarşısında öhdəlik götürmüşdür ki, uşaqları- 25 yanvar 2016-cı il təvəllüdlü X7, 05 mart 2017-ci il təvəllüdlü X8, 12 avqust 2018-ci il təvəllüdlü X9 və 16 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2025-ci may ayından başlayaraq hər uşağa 250 manat məbləğində aliment pulunu hər ayın 5-nə kimi birinci tərəfin (Ərizəçi) adında olan Kapital Bankın 4169-7388-9194-7701 saylı Bir Bank kartına ödəyəcəyinə razılaşaraq öhdəlik götürmüş və bu barədə barışıq sazişini imzalamışlar. Tərəflər qəbul edilmiş öhdəliyə məsuliyyətlə yanaşaraq icra edəcəklərinə öhdəlik götürdülər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunması məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin məhkəmə iclasında sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinin nəticəsi olaraq bağlanmış barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış “ikinci tərəf (Maraqlı şəxs) birinci tərəf (Ərizəçi) qarşısında birgə nikahlarından doğulmuş 25 yanvar 2016-cı il təvəllüdlü X7, 05 mart 2017-ci il təvəllüdlü X8, 12 avqust 2018-ci il təvəllüdlü X9 və 16 iyun 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 2025-ci may ayından başlayaraq hər uşağa 250 manat məbləğində aliment pulunu hər ayın 5-nə kimi birinci tərəfin (Ərizəçi) adında olan Kapital Bankın 4169-7388-9194-7701 saylı Bir Bank kartına ödəyəcəyinə dair razılaşıb üzərinə öhdəlik götürməsinə” dair 16 may 2025-ci il tarixli, MŞQ/MT-027/2025-00376 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-3504/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3504/2025
24.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver