Məhkəmə qərarları › İş №2(067)-355/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-355/2023

02.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-355/2023 02.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh Abdulqədirovnanın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Zalova Kalimat AbdulQədirovnaya qarşı əmlak tələbə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq iddia ərizəsində göstərilən qızıl dəstə aid 1. Bir cüt sırğa, ağ brilyant qaşları ilə, Rusiya istehsalı, 2.Bir ədəd kolye, xırda ağ brilyant qaşları ilə, Rusiya istehsalı, 3.Bir ədəd qolbaq, xırda brilyant ağ qaşları ilə, Rusiya istehsalı, 4.Bir ədəd qızıl üzük, xırda ağ brilyant qaşları ilə, Rusiya istehsalı qızıl zinət əşyaların və yaxud onların ümumi dəyəri olan 6000 (altı min) manat məbləğində pulun və tərəfindən köçürülmüş 50 manat mediasiya haqqı və 30 manat dövlət rüsumunun cəmi 6080 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin oğlu ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. xx.xx.2013-cü il tarixdə cavabdehə məxsus ünvan 1 ünvanındakı evə gəlin köçmüşdür. Birgə nikahlarından iki övladı var. X4 xx.xx.2014-cü il təvəllüdlü və X5 xx.xx.2018-ci il təvəllüdlü. Sabiq əri Arif Zalovla münasibətləri normal olmuş, lakin onun anası olan cavabdehin ailə münasibətlərinə yersiz müdaxilələr nəticəsində aralarında mübahisələr yaranmış, nəticə etibarı ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1333/2022 saylı 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə Arif Zalovla nikahları pozulmuşdur. Məhkəmə qətnaməsini gec aldığı üçün nikahın pozulması haqqında şəhadətnaməni əldə etməmişdir. 9 il ailəli qalmışdır. Qızıllarını toydan 2 ay sonra qaynanası ondan götürüb. Qızıllar qaynanasınındadır. Daha sonra avqust ayında toya gedərkən həmin qızılları taxmışdır. Avqusta kimi qızıllar onun özündə olub. 2 aylıq gəlin olarkən, qaynanası qızılları götürdü ki, qoy məndə qalsın. Nə vaxt istəsən özünə verərəm dedi. Qızılları götürüb seyfə qoydu. Bu hadisə 2013-cü ildə baş vermişdi. O, da razı olub qızıllar qaynasına vermişdir. Bakıya gedərkən həmin qızılları götürməmiş, çünki gündəlik istifadə olunası qızıllar deyildi. Bakıya da yoldaşının işi ilə bağlı getmişlər. Bakıda da iki uşaqla heç bir yerə getməyəckdi. İki dəfə qızılları ondan istəmiş, ikisində də verməmişdir. Bacısının qızının toyuna gedəndə qızılları istəmiş, bəhanə gətirərək qızılları ona vermədi və dedi ki, sən o qızıllara layiq deyilsən. Onları biz almışıq. O, da heç nə deməmişdir. Qalmaqal yaratmamışdır. O, hər şeyi olduğu kimi deyir. Demir ki, onu döyüblər və s. münasibəti normal olub. Amma qızıllarını geri vermirlər. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, iddiasını müdafiə edir. İddia ərizəsində qeyd etdiklərini təsdiq edərək, iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstətmişdir ki, iddiaçının dedikləri ilə razı deyil. İddiaçı gedərkən bütün əşyalarını götürüb. Hətta dəsmalları, paraşoku belə götürüb. Onları götürən qızılları saxlamaz. Gedərkən qızılları özü ilə aparıb. Evdən normal şəraitdə çıxıb gedib. Həmin qızılları onlar ona almışlar. İddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd təmin olunmalıdır. Belə ki, iddiaçı tərəf iddiasını təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim etmədiyindən, cavabdeh tərəf isə iddianı qəbul etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi əmlakının cavabdehdə olması öz təsdiqini tapmır. Beləliklə, tərəflərin izahatlarını, işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İş üzrə ödənilmiş rüsumlar iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar