Məhkəmə qərarları › İş №2(067)-389/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-389/2023

17.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-389/2023 17.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəyəri 2000 manat olan mebel dəsti (şifoner, termo, iki ədəd tumba, bir ədəd taxt, bir ədəd servant), dəyəri 75 manat olan don nişan paltarı, dəyəri 30 manat olan pijama, dəyəri 55 manat olan üç ədəd köynək, dəyəri 15 manat olan bir ədəd jaket, dəyəri 25 manat olan bir ədəd gündəlik geyinmək üçün don, dəyəri 30 manat olan gəlinlik xalatı, dəyəri 35 manat olan bir cüt ayaqqabı, dəyəri 50 manat olan makiyaj aksesuarı, dəyəri 45 manat olan bir ədəd ətir (Ammer), dəyəri 30 manat olan ətir (Lusiya), dəyəri 45 manat olan bir ədəd gümüşü rəngli don, dəyəri 25 manat olan qara rəngli çanta, dəyəri 40 manat olan kalqotkalar, dəyəri 3000 manat olan 585 əyarlı ümumi çəkisi 36 qram olan sadə qaşlı komplekt dəsti (bir cüt sırğa, bir ədəd üzük, bir ədəd bilərzik, bir ədəd boyunbağı) cəmi dəyəri 5500 manat olan cehiz əmlakların və ya onların dəyərinin və 25 manat ödənilmiş dövlət rüsumunun və 50 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənərək cavabdehin valideynlərinin yaşadığı fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdehlə birlikdə ailə olaraq 2021-ci ilin sentyabr ayına kimi aralarında münaqişə yaranana kimi həmin ünvanda, həmin evdə yaşamışlar. Sonradan ailə münasibətləri pisləşib və nikahların rəsmi qaydada pozulması üçün məhkəməyə müraciət olunub. Hazırda cavabdeh tərəf onun apardığı cehizləri qaytarmır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddia tələbində göstərilən mebel əşyaları ona məxsus deyil, həmin mebel dəstini cavabdehin anası nikahdan qabaq almışdır. Qalan əşyalar ona məxsusdur. Qızıl zinyət əşyaları isə ona toyda hədiyyə olunmuşdur, lakin qızıllar həmişə qayınanasında saxlanılırdı. Həmin əşyaları tələb edir. Məhkəmə iclasında dindirilən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbində qeyd olunan mebel dəsti iddiaçıya məxsus deyil. Həmin mebelləri o özü oğlunu evləndirməmişdən qabaq almışdır. Bununla bağlı şahidi də var, iddiaçının özü də təsdiq edir. Qızıl əşyaları isə o, iddiaçının razılığı ilə satmışdır və pulları iddiaçının müalicəsinə xərcləmişdir. Qalan geyim və digər əşyaları isə iddiaçı istədiyi vaxt gəlib evindən apara bilər. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid bildirmişdir ki, 2015-ci ildə Nümayəndə evində mebel yığmışdır. Arzu xanım mebeli özü üçün almışdı. 1 ildən sonra Arzu ona dedi ki, evin döşəməsini söküb yenidən yığır, ona görə mebelləri çıxardıb və ondan mebelləri yenidən yığmağını xahiş etmişdir. O da gedib ikinci dəfə mebelləri Arzunun evində yığmışdır. Nümayəndə evində yığdığı mebel dəstinə 1 ədəd taxt, 1 ədəd dolab, 1 ədəd termo, 2 ədəd tumba və 2 qapılı servant daxil idi. Növbəti məhkəmə iclasında İddiaçı iddia tələbində mebel və qızıl zinyət əşyalarından başqa digər əşyaları geri götürdüyü bildirmişdir. Qızıl zinyət əşyaların qiymətləri ilə bağlı isə bildirmişdir ki, onların dəyəri barədə heç bir məlumatı yoxdur, 3000 manatı isə ərizəni yazan şəxs yazıb. Həmin şəxs bildirmişdir ki, elə-belə rəqəm yazılsa da, məhkəmə hansısa məbləğdə pulu tutacaq. Qızılların qiymətinə dair hər hansı bir sübutu yoxdur. Növbəti məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə bildirmişdir ki, iddia ərizəsində göstərilən və onun tərəfindən satılmış qızıl zinyət əşyaları o təxminən 2013-cü ildə 800 manata almışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1704/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2-ci və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd olunan hüquq normalarına istinadən hesab edir ki, iddiaçının iddia ərizəsində qızıl zinət əşyaları olaraq göstərdiyi əmlaklar iddiaçının mülkiyyəti hesab olunur və bu əmlakların mövcudluğu və cavabdehdə qalması tərəflərin izahatları və şahid ifadələri ilə müəyyən olunur. Beləliklə də, iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı iddia tələbində göstərdiyi əmlkaların əksəriyyətini cavabdehdən geri almışdır. Əmlaklardan yalnız mebel dəsti və qızıl zinyət əşyaları qalmışdır. Məhkəmə iclasında iddiaçı özü də etiraf etmişdir ki, həmçinin cavabdehin dəvət etdiyi şahid də təsdiq etmişdir ki, mebel dəsti cavabdehin anası Nümayəndə məxsusdur. Qızıllarla bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi həmin qızılların mövcudluğunu təsdiq etmiş, onları toy zamanı iddiaçıya hədiyyə etdiyini, lakin sonradan həmin qızılları satdığını etiraf etmişdir. İddiaçı qızılların dəyərinə dair heç bir sübutu təqdim etmədiyindən, cavabdeh isə qızılları 800 manata aldığını bildirsə, məhkəmə iddia tələbində qeyd olunan qızılların məhz 800 manat məbləğindən dəyərləndirilməsini məqsədə müvafiq hesab edir. Belə olan halda, iddia qismən təmin olunmalı, cavabdehdən 585 əyarlı ümumi çəkisi 36 qram olan sadə qaşlı komplekt dəsti: bir cüt sırğa, bir ədəd üzük, bir ədəd bilərzik, bir ədəd boyunbağının dəyəri olan 800 manat pul tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbindən görünür ki, iddiaçının tələbi 5500 manat təşkil etmiş və buna görə də iddiaçı 75 manat xərc çəkmişdir (50 manat mediasiya xərci, 25 manat dövlət rüsumu). İddiaçı məhkəmə xərcini tam şəkildə cavabdehdən tələb etmişdir. İddia tələbi 800 manat hissəsində təmin olunduğundan, məhkəmə xərci MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, tərəflər arasında mütənasib olaraq bölünməlidir. Elektron məhkəmə portalında yaradılmış “dövlət rüsumunun hesablanması” kalkulyatoru vasitəsilə müəyyən olunur ki, 800 manata görə 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda, ödənilmiş məhkəmə xərclərindən 30 manat cavabdehdən alınaraq, iddiaçıya ödənilməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 585 əyarlı ümumi çəkisi 36 qram olan sadə qaşlı komplekt dəsti: bir cüt sırğa, bir ədəd üzük, bir ədəd bilərzik, bir ədəd boyunbağının dəyəri olan 800 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş məhkəmə xərclərinin 30 manatı Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar