Məhkəmə qərarları › İş №2(067)-431/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-431/2024

28.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-431/2024 28.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə dair Cavabdeh ilə onun arasında bağlanmış və 16 noyabr 2014cü il tarixdə Xaçmaz rayonu 1 saylı Notariat ofisində rəsmiləşdirilmiş, 4Ə-1850 reyestr nömrəli "daşınmaz əmlakın bağışlanması müqaviləsi"nin və həmin müqavilənin yaratdığı sonrakı hüquqi nəticələrinin etibarsız hesab olunmasına, Cavabdeh həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh doğma bacısı oğludur. Bu səbəbdən ona şübhəsiz etibarı olmuşdur. O, bilirdi ki, Xaçmaz rayonu, Çarxı kəndində onun 0,64 ha əkin üçün torpaq sahəsi vardır. 2014-cü ilin axırlarında ona demişdir ki, göyərti, bostan məhsullarının yetişdirilməsi və satışı ilə məşğul olmaq istəyir. Fəaliyyətini rəsmiləşdirilməsi üçün vergi uçotuna durmaq lazımdır və buna görə də azından 0,10 ha torpaq sahəsinə icarə müqaviləsi tələb olunur. Bu işdə il boyu çoxlu qazanc olduğunu, ona bu işdə kömək etsə, gəlirdən ona da pay verəcəyini bildirmişdir. Təklifi belə olmuşdur ki, 0,64 ha torpaq sahəsini tam əkib-becərəcəkdir, rəsmi olaraq 0,10 ha hissəsinə dair onun adına icarə müqaviləsi rəsmiləşdirsin. Həmin icarə müqaviləsi notariatda təsdiqlənməli və vergiyə verilməlidir. O da razılıq vermişdir. Bir-neçə gündən sonra Bakıdan Xaçmaza gəlmiş və razılaşdıqları kimi torpaq sahəsinin sənədlərini götürüb Xaçmaz şəhərində yerləşən 1 saylı notariat kontoruna gəlmişlər. Razılaşdıqlarına uyğun olaraq özünə məxsus 0,10 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi düşüncəsi ilə və qarşı tərəfin doğma bacısı oğlu olduğundan, şübhəsiz olaraq ona imzalamağa verdiyi bütün sənədlərin məzmununa varmadan imzaları ilə təsdiq etmişdir. Sənədlərin sonrakı taleyi ilə də özü məşğul olmuşdur. Həqiqətən də bundan sonra torpaqları abadlaşdırmış, əkibbecərməsini təşkil etmiş və bu qayda bir-neçə il fasiləsiz davam etmişdir. Bu arada az da olsa əkin biçindən ona da pay vermişdir. Lakin son iki ildə hər dəfə bir bəhanə ilə ona heç nə verməmiş və birdən-birə ona qarşı münasibəti sərtləşmişdir. Ona görə də bu ilin may ayının əvvəlində torpağı və sənədini geri verməsini tələb etmişdir. İcarə müddətinə hələ 6 il qaldığını və 6 ildən sonra torpaq sahəsini ona qaytaracağını bildirmişdir. Bundan sonra da ondan qaçmağa başlamış və telefonlarına belə cavab verməmişdir. Ona görə də icarə müqaviləsinin ləğv edilməsi üçün may ayının ortalarında 1 saylı notariat kontoruna getmiş, sənədlər qaldırılanda məlum oldu ki, cavabdeh icarə müqaviləsinin adı ilə onu aldatmış, bağışlama müqaviləsi tərtib etdirmiş və ona imza etdirmişdir. Bununla bağlı narazılıq və söz-söhbətdən sonra izah olundu ki, müqaviləsinin ləğvi notariat qaydasında yol verilmir və bu yalnız məhkəmə qaydasında mümkündür. Göründüyü kimi cavabdehin qəsdli hərəkətləri nəticəsində törədilmiş mülki delikt nəticəsində 0,10 ha torpaq sahəsi olan daşınmaz əmlakdan məhrum edilmişdir. Əmlakın alqı-satqısına dair mübahisələndirilən müqavilə aldatma və iradəsinə zidd həyata keçirilmişdir. Nəticədə torpağa mülkiyyət hüququ pozulmuşdur. Qeyd olunan hüququn pozulmasının aradan qaldırılması üçün miibahisələndirilən alqı-satqı müqaviləsi və onun yaratdığı sonrakı hüquqi nəticələr etibarsiz hesab edilməlidir. Torpaq sahəsi cavabdehdən geri alınmalıdır. İş üzrə iddiaçı tərəf məhkəməyə ərizə göndərərək işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehin onu aldatmasını notariusa gedəndə bilmişdir. Hazırki əlifba ilə oxuya bilmir. 2023-cü ilin may ayında icarə müqaviləsi əvəzinə bağışlama müqaviləsi bağlandığı barədə məlumatı olmuşdur. Cavabdehlə 15 il müddətinə icarə müqaviləsi bağlamaq barədə razılığa gəlmişlər. Cavabdeh ona demişdir ki, torpaq sahəsində əkinbiçin işləri görəcək və ona da gəlirdən pay verəcək. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıya pul lazım olarkən vermiş, ona kömək etmişdir. İddiaçı yaxşılıq əvəzinə demişdir ki, ona torpaq sahəsi bağışlayacaq. İddiaçı, əri və oğlu notariusa gedib bağışlama müqaviləsi bağlamışlar. Sonradan məlum olmuşdur ki, torpağın yeri dəqiq deyil, sənəd üzrə ərazi isə yararsız vəziyyətdə olmuşdur. Torpaq sahəsi ona bağışlanandan sonra ona pul verməmişdir. Özü Bakı şəhərində yaşadığı üçün torpaqdan istifadə edə bilmədiyindən qonşu mülkiyyətçilərə təklif etmişdir ki, torpaqdan istifadə edə bilərlər. Həmin torpağa 3000,3500 manat xərci çıxıb. İddiaçı pulunu ödəyərsə, torpağı geri qaytara bilər. Əlavə olaraq cavabdeh iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, hədiyyə verən- İddiaçı xx.xx.2014-cü ildə ünvan 1i ünvanında yerləşən 0.1 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında qeydiyyat tarixi xx.xx.2014-cü il olan, **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1ində 0.10 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 123 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. -buraxılmış iddia müddətinin tətbiqinə dair ərizədən müəyyən olunur ki, Cavabdeh İddiaçı iddia tələbinə iddia müddəti tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. 668.1-668.1.5-ci maddələrinə görə bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 16 noyabr 2014-cü il tarixdə Xaçmaz rayonu 1 saylı Notariat ofisində rəsmiləşdirilmiş, 4Ə- 1850 reyestr nömrəli "daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı cavabdeh arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edərkən, sözügedən torpaq sahəsinə dair bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini, onun aldadılaraq, icarə müqaviləsi adı altında bağışlanma müqaviləsinin təsdiq edildiyini, həmin müqavilənin təsdiqi ilə bağlı notariat kontoruna (ofisinə) cavabdehlə ikisinin getdiyini, əri və oğlunun orada olmadığını bildirsə də, sorğu əsasında əldə edilmiş notariat işinə daşınmaz əmlakın digər payçıları olan hədiyyə verən şəxsin əri X1 və oğlu X2 torpaq sahəsinin bağışlanmasına etiraz etmədiklərinə dair ərizələri əlavə olumuşdur. Bununla bağlı, məhkəmə belə qənaətə gəlir ki, sözügedən müqavilə bağlanan zaman iddiaçı daşınmaz əmlaka dair bağışlanma müqaviləsi bağladığının fərqində olmuş, könüllü şəkildə iradə ifadəsini nümayiş etdirərək müqaviləni imzalamışdır. Belə olan halda, iddiaçının tələb etdiyi qaydada həmin müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yoxdur, iddia tələbi isə əsassız olduğundan təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Həmçinin Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar