Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-514/2022 21.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə islas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə 21 yanvar 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi onunla Maraqlı şəxs arasında mediator Şahin Mütəllimovun iştirakı ilə bağlanmış 12.11.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, nikahın pozulması, aliment və uşağın yaşayış yerinin müəyyən olunması tələbinə dair Maraqlı şəxs ilə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamış, mediator Şahin Mütəllimovu özlərinə mediator seçərək 12.11.2021-ci il tarixdə barışıq sazişi bağlamışlar. Birgə nikahdan anadan olmuş azyaşlı uşaqları 11.11.2015-ci il təvəllüdlü X2 və 06.07.2019-cu il təvəllüdlü X1 yanında saxlanması və hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat alimentin tutulması barədə razılığa gəlmişlər. Maraqlı şəxs barışıq sazişini 10 gün ərzində könüllü icra etməmişdir. Məhkəmə iclasında Ərizəçi bildirmişdir ki, o, həyat yoldaşı Maraqlı şəxs qarşı nikahlarının pozulması, uşaqların yanında saxlanılması və aliment tələbinə dair ilkin olaraq mediasiyaya müraciət etmiş və orada həyat yoldaşı ilə barışıq sazişi bağlamışlar. Barışıq sazişlərinə əsasən həyat yoldaşı nikahlarının pozulmasına, uşaqların onun himayəsində saxlanılmasına və onların saxlanılması üçün ona hər ay cəmi 100 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Ona görə hazırda aralarındakı mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Həyat yoldaşı barışıq sazişini bağlayandan sonra icra etməkdən yayınır. Ona görə məhkəməyə müraciət etmişdir. Həyat yoldaşı özü uşaqları atıb çıxıb gedib. O, ona xəyanət etmişdir. O, həyat yoldaşına barışıq sazişini imzalaması üçün təzyiq göstərməmişdir. Məhkəmə iclasında maraqlı tərəf Maraqlı şəxs bildirmişdir ki, həyat yoldaşı ona qarşı nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbinə dair ilkin olaraq mediasiyaya müraciət edib. Həyat yoldaşının təzyiqi altında orada həyat yoldaşı ilə barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən o, nikahın pozulmasına, uşaqların ərinin himayəsində saxlanılmasına və onların saxlanılması üçün ərinə hər ay cəmi 100 manat aliment ödəməyə razılıq vermişdir. O, hazırda nə boşanmaq istəmir, nə də uşaqların ondan alınmasına razı deyil. Ona görə də mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməməsini xahiş edir. Həyat yoldaşı ona demişdir ki, barışıq sazişini imzalamasa, uşaqları ilə görüşməsinə imkan verməyəcək. Mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsin qəti etiraz edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-nin 355-23-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin (10 gün) keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-in 355-26-cı maddəsinin tələblərini nəzərə almaqla, məhkəmə barışıq sazişinin təsdiq edilməməli olduğunu hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Maraqlı şəxs mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə razı olmadığından ərizə əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-si və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 12.11.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-514/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-514/2022
21.01.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver