Məhkəmə qərarları › İş №2(067)-52/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-52/2020

30.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-52/2020 30.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X11, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyindən 0,06 ha torpaq sahəsinin alınaraq istifadəsinə verilməsi və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-086A saylı, 30213078 kodlu şəhadətnamədə göstərilən 0,30 ha həyətyanı torpaq sahəsinin tamlığının bərpa edilməsi, cavabdehin özbaşına olaraq quraşdırdığı dəmir torpaqların və dəmir qapının öz hesabına sökülməsi və cavabdeh tərəfindən istifadə olunan yolun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-1556/2017 saylı qətnaməsi ilə Cavabdeh ona qarşı “mərhum ataları Qurbanov Eldar Abdulla oğluna məxsus Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən fərdi yaşayış evinə, həmin yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə və pay torpaq sahəsinə münasibətdə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin mirasdan payların müəyyən edilməsi barədə” iddiası təmin edilərək Qurbanov Eldar Abdulla oğluna məxsus olmuş Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0,30 ha həyətyanı torpaq sahəsi və 0,51 ha pay torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi faktı və həmin əmlakdan payının ½ hissədə olmasının müəyyən olması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-3526/2017 saylı qətnaməsi ilə Xaçmaz rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(067)-1556/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş Cavabdeh ona qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin mirasda payların müəyyən edilməsi barədə” iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli 2(102)-3564/2018 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-3526/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnamələri ilə müəyyən olunduğu kimi mərhum atası Qurbanov Eldar Abdulla oğluna məxsus 0,30 ha həyətyanı torpaq sahəsi olmuş, hüququ “Torpağın mülkiyyətə verilməsinə dair “ JN-086A saylı, 30213078 kodlu Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Cavabdeh evi mərhum atasından miras qalmış yaşayış evi və evin yerləşdiyi qeyd olunan 0,30 ha torpaq sahəsi ilə yanaşıdır. O, özbaşına olaraq torpaq sahəsinin 0,06 ha hissəsini evə gedən giriş-çıxış yolunu almaqla öz torpaq sahəsinə birləşdirərək istifadə edir. Dəfələrlə bununla əlaqədar aralarında mübahisələr baş versə də, cavabdeh öz inadından əl çəkmir, torpaq sahəsini boşaltmır, torpaq sahəsinin tamlığını bərpa etmir. Mirasın tərəfindən qəbul edilməsi məhkəmə qətnamələri ilə təsdiqlənsə də, cavabdehin inadkarlığı, yəni torpaq sahəsini istifadəsinə qaytarmadığına görə DƏDRX-dən çıxarış ala bilmir. Bu da DƏDRX-nin 5 saylı X14 xx.xx.2019-cu il tarixli, **********50 saylı rəsmi arayışı ilə təsdiq olunur. DƏDRX-nin 5 saylı X12 Çıxarış ala bilmədiyinə görə atasından miras qalmış və faktiki sahibliyində olan əmlak üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu reallaşdıra bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh istifadə etdiyi 0,06 ha torpaq sahəsindən və zəbt etdiyi yoldan çıxarılmalıdır ki, müvafiq mülkiyyət sənədinin alınmasında maneçilik yaranmasın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, mülkiyyətində olan torpaq sahəsindən istifadə edir və iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmir. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan JN-086A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayonu X6 xx.xx.1998-ci il tarixli 12 saylı qərarı əsasında Qurbanov Eldar Abdulla oğlunun mülkiyyətinə Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində 0,30 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-098A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayonu X6 xx.xx.1998-ci il tarixli 12 saylı qərarı əsasında Qurbanov Eldar Abdulla oğlunun, X1, X4, X3 və X5 mülkiyyətinə Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində 0,14 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-3526/2017 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh X8 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin mirasdan paylarının müəyyən edilməsi tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-3564/2018 saylı qərarından müəyyən olunur ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-3526/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Ədliyyə xx xxx 2020-ci il tarixli 10/375 saylı rəyinə əsasən JN-086A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qurbanov Eldar Abdulla oğlunun mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsinin şimal istiqamətindən 0.0373 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Mübahisəli torpaq sahəsində ölçmə işləri aparılan zaman cavabdeh tərəfindən dəmir qapı və torlar quraşdırılması müəyyən edilməmişdir.Cavabdeh tərəfindən JN-086A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qurbanov Eldar Abdulla oğlunun mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsinə gedən yoldan istifadə edildiyi müəyyən edilmişdir, lakin həmin yol Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsində yerləşir. Ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X10 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından JN-086A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qurbanov Eldar Abdulla oğlunun mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsinin şimal istiqamətindən 0.0373 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi, lakin mübahisəli torpaq sahəsində ölçmə işləri aparılan zaman cavabdeh tərəfindən dəmir qapı və torlar quraşdırılması müəyyən edilmədiyi, həmçinin, cavabdeh tərəfindən JN-086A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qurbanov Eldar Abdulla oğlunun mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsinə gedən yoldan istifadə edildiyi, lakin həmin yol Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edilənlərə əsasən JN-086A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qurbanov Eldar Abdulla oğlunun mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsinə gedən yolun açılmasına dair iddia qaldırmaq hüququ iddiaçıya deyil, həmin yolun mülkiyyətçisi olan bələdiyyəyə məxsus olduğunu hesab edir. Göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməli, JN-086A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qurbanov Eldar Abdulla oğlunun mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsinin şimal istiqamətindən 0.0373 ha hissəsindən Cavabdeh çıxarılmalı iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməli, həmçinin, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumundan 10 (on) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. JN-086A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qurbanov Eldar Abdulla oğlunun mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsinin şimal istiqamətindən 0.0373 ha hissəsindən Cavabdeh çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumundan 10 (on) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar