Məhkəmə qərarları › İş №2(067)-544/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-544/2020

03.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-544/2020 03.03.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı, cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 6075 manat dəyərində olmuş qızılların geri qaytarılması və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, O, cavabdeh X4 bir neçə ildir ki, tanıyır. Ona pul lazım olması ilə əlaqədar cavabdehin evinə gedib, problemini cavabdehə danışıb və ona 5000 manat pul lazım olduğunu bildirib. Cavabdeh X5 ona 10 faizlə 5000 manat pul vereceyini bu şərtlə demişdir ki, o, cavadehə 6000 manat dəyərində qızıl zinət əşyası versin. O, anasına və özünə məxsus qızılları anasının razılığı ilə götürüb anası ilə birlikdə Samayanın evinə getmişlər. Orada o, qızılları cavabdehə göstərmiş və cavabdehdən ona nə qədər pul verəcəyini soruşmuşdur. Cavabdeh ona 3800 manat pul verəcəyini demişdir. O, cavabdehlə razılaşmış və qızılları cavabdehə vermişdir. Fikirləşmişdir ki,1200 manat da borc tapar. Belə ki, cavabdehdən aldığı 3800 manat pulun faizini hər ay 380 manat ödəmişdir. Sonradan səhhəti ilə əlaqədar olaraq, işdən çıxmış və cavabdehin 380 manat sələmini ödəyə bilməmişdir. Bundan sonra cavabdeh onu məhkəməyə vermişdir və Xaçmaz rayon məhkəməsinin qətnaməsində 7030 manat pulun ondan alınaraq, X3 verilməsi qət edimişdir. O da Xaçmaz rayon məhkəməsinin qətnaməsindən narazı qalaraq, Sumqayıt Apelliyasiya məhkəməsinə şikayət etmişdir və sübut etmişdir ki, qızılları cavabdehdədir. O, bildirir ki, cavabdehə 7030 manat borcu yoxdur və cavabdehə 2000 manat pul ödəmişdir. O, cavabdehə demişdir ki, qızılları ona qaytarsın o, da qızılları satıb cavabdehin pulunu dərhal qaytarsın. Cavabdeh onun 6075 manatlıq qızıl-zinət əşyalarını qaytarması üçün ondan vaxt istəmiş, ancaq bu günə kimi qızıl-zinət əşyalarını qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında dindirilən cavabdeh X5 iddia tələbini qəbul etməmiş və göstərmişdir ki, İddiaçı ona qızıl verməmişdir. O, Aygün adlı qadından 1000 manat pul alıb iddiaçıya vermişdir, lakin iddiaçı aldığı puldan 2 ay ərzində hər ay 100 manat olmaqla ona qaytarmış, qalan pulu isə qaytarmamışdır. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə nəzərə alır, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçı iddia tələbini cavabdehə 6075 manat dəyərində qızıl zinət əşyalarını verməsi və əvəzində ondan pul götürməsi ilə əsaslandırsa da, qeyd edilən halları təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini şərtləndirən hüquqi faktlar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Hüquq münasibətləri müəyyən həyati faktların baş verməsi nəticəsində yaranır, dəyişir və ya xitam edilir. Hüquqi faktlar – hüquq münasibətlərinin yaranması, dəyişməsi və ya xitam olunmasınını hüquq normaları ilə əlaqələndirdiyi konkret həyati hallardır. Hüquqi faktlar hüquq normasının hipotezasında ifadə edilir. Müəyyən subyektin hüquq və vəzifələrinin tanınıb-tanınmaması müvafiq hüquqi faktın olub-olmamasından asılıdır. Hüquqi fakt 2 cür olur: sadə, mürəkkəb. Hüquq münasibətlərində 1 hüquqi fakt çıxış edirsə sadə, 2 və daha artıq hüquqi fakt çıxış edirsə mürəkkəb tərkib adlanır.Hüquqi faktlar subyektin fərdi iradəsi ilə əlaqəsinə görə 2 qrupa bölmək olar: Hadisələr – insanların iradəsindən asılı olmadan baş verən hallardır. 2 hissəsə bölünür: mütləq və nisbi. Hərəkətlər – elə hüquqi faktlardır ki, onların baş verməsi insanların iradəsindən, şüurundan asılıdır. Qanunçuluq nöqteyi-nəzərindən baxsaq insanların əməlləri hüquqa uyğun və hüquqa zidd hərəkətlərə bölünür. Hüquqa uyğun hərəkətlər şəxslərdə hüquq normalarında nəzərdə tutulmuş hüquq və vəzifələrin əmələ gəlməsinə səbəb olur. Bölünür: Hüquqi aktlar – insanlar tərəfindən xüsusi müəyyən hüquq münasibətlərinə daxil olmaq məqsədilə törədilən hüquqa uyğunhərəkətlərdir; Hüquqi əməllər – xüsusi olaraq hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitamına yönəlməsə də bu cür nəticələrə səbəb olan hüquqa uyğun hərəkətlərdir. Hüquqazidd hərəkətlər (hüquq pozuntusu) – elə hüquqi faktlardır ki, onlar hüquq normalarının tələblərinə zidd olur. Bütün bu pozuntular cinayət və xətalara bölünür. İntizam, inzibati, mülki-hüquqi xətalar fərqləndirilir.Hüquqi faktların əlamətləri: hüquqi faktlar konkret və fərdi hallardır. Konkret subyektlər tərəfindən edilir və konkret sosial, hüquqi məzmuna malik olurlar; hüquqi tənzimetmə predmetinə daxil olan ictimai münasibətlərin vəziyyəti haqqında məlumat daşıyır; müəyyən şəkildə, zahirdə ifadə olunurlar; Düzünə (hipoteza) və dolayı (dispozisiya və sanksiya) yolla hüquq normaları ilə nəzərdə tutulmalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisədə iddiaçı və cavabdeh arasında cavabdehin iddiaçı qarşısında öhdəliyini yaradan hüquq münasibətlərini doğuran hüquqi fakt mövcud deyil. Məhkəmə tərəfi ancaq o zaman nəyəsə (məsələn, əşyanı qaytarmağa, ziyanı ödəməyə və s.) məcbur edə bilər ki, bunun üçün qanuni əsas olsun, yəni hakimin qərarı qanundan irəli gəlməlidir.Mülki işlər üzrə məhkəməyə bir tərəfin maraqları naminə başqa fiziki və hüquqi şəxslər barədə məcburetmə tədbirləri həyata keçirməyə səlahiyyət verən bu cür hüquq normaları tələbin qanuni əsasları adlanır. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nə isə etməyi və ya nə isə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala – qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlaması üçün həmişə qanunun müddəaları əsasında onların hansı ilkin şərtləri müəyyən etməsi və həmin şərtlərin konkret kazus üzrə mövcud olub-olmadığı araşdırılmalıdır. Beləliklə, hakimin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələbin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasının təfsirin köməyi ilə aydınlaşdırılmasından ibarətdir. Sonrakı mərhələdə hakim qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir, yəni tövsif etməlidir. Məhkəmə qeyd edilənlərə əsasən İddiaçı cavabdeh X1 6075 manat dəyərində olmuş qızılların geri qaytarılması və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinin təmin edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar