Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-64/2024 11.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********94 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,04 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunan hissəsinin onun qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, cavabdeh tərəfindən inşa edilmiş hasarın onun öz hesabına sökülməsi və torpaq sahəsinin tamlığının bərpa edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və 120 manat DƏDK və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ödənilmiş pulun cavabdehdən alınıb ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********94 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Yeni- Həyat qəsəbəsində xüsusi mülkiyyətində 0,04 ha həyətyanı torpaq sahəsi vardır. Torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin kadastr göstəriciləri və qaiməsi adlanan hissədə torpağın döngə nöqtələri arasındakı məsafələr dəqiq göstərilmişdir. Torpaq sahəsinin küçə istiqamətində enliyi 10,79 metr arxa hissədə isə 11,54 metr olmalıdır. Lakin qonşu torpaq sahəsinin sahibi olan cavabdeh torpaq sahəsinin özü tərəfdən olan hissəsinə küçə istiqamətindən 79 sm, arxa hissədən isə 1,54 metr müdaxilə edərək oranı hasarlamaqla öz torpaq sahəsinə birləşdirib istifadə edir. Çardağın bir turbası, su kranı və təhənk cavabdehin həyətində qalmışdır. Bu faktın özü cavabdehin ona məxsus torpaq sahəsinə müdaxilə etməsinə əyani sübutdur. Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək oradan mütəxəssis dəvət etmişlər. Mütəxəssisin əraziyə baxış keçirilməsi üçün idarənin hesabına xx.xx.2022-ci il tarixli, 77-3 saylı qəbzlə 120 manat vəsait ödəmişlər. Əraziyə baxmış mütəxəssis yerində müəyyən etmişdir ki, həqiqətəndə torpaq sahəsinin enliyi torpaq sahəsinin planı və ölçüsündə göstərilən məsafələrdən azdır. Lakin yalnız məhkəmə qərarı əsasında rəy verilə biləcəyini bildirmişdir. Dəfələrlə cavabdehə təklif etmişlər ki, çəkdiyi hasarı söküb əvvəlki, yerinə çəksin ki, su kranı, təhənk və çardağın turbası öz ərazilərinə düşsün. Lakin cavabdeh bundan imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdehlə həyətləri qonşudur. Cavabdeh evi başqasına satıb çıxmış, amma evin sənədləşməsi cavabdehin adında qalmışdır. Ona görə cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. 5 ildir cavabdeh evi satıb çıxıb gedib. 2019-cu ildə onlar həyəti almışlar, 2020-ci ildə isə adına rəsmiləşdirmişdir. 4 sot torpaq sahəsi onun adınadır. Onlar evi alandan hazırki cavabdeh torpağı artıq satmışdı, onu görməmişlər. Hazırda cavabdehin satdığı evdə başqası yaşayır. 2019-cu ildə o aldığı evə köçəndə qonşuluqda kimsə yaşamamışdır. Hazırda evdə yaşayan şəxs bildirir ki, evi belə almışlar. Cavabdeh atasının vərəsəsidir deyə ona qarşı hazırkı iddianı qaldırmışdır, başqa heç kimi cəlb etmək istəmir. 5 il ərzində cavabdeh qonşuluqda yaşamayıb. Onlar oraya gələndən 1 il sonra yeni qonşu gəlmişdir. O vaxta qədər cavabdeh orada yaşamamışdır. Məhkəmə iclasında cavabdeh göstərmişdir ki, onlar evi 6 ildir satıb çıxmışlar, torpağı qardaşı satmışdır. Torpaq sahəsi atasının adına olmuşdur. Orada əvvəllər atası, qardaşı yaşamışlar, özü isə Bakı şəhərində yaşamışdır. Atası 2002 ya 2003-cü ildə vəfat etmişdir. O, atası öləndən əvvəl həmin evdən çıxmışdır. Evin mülkiyyət sənədi yoxdur, texniki pasportu var, evi alan şəxsdən pulu alıb texniki pasportu vermişlər. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 325 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu Yeni Həyat qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu Yeni Həyat qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,04 ha torpaq sahəsindən cavabdeh tərəfindən 17.7 kv.metr hissəsi istifadə olunur. Cavabdeh tərəfindən 17.7 kv.metr hissəsi istifadə olunması və hansı hissələrindən istifadə olunması sxemdə əks olunur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu Yeni Həyat qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,04 ha torpaq sahəsihüdudları daxilində cavabdeh tərəfindən mişar daşı, metal-tor və azbestsement şifer ilə hasarlanmışdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə İddiaçı faktiki olaraq onun torpaq sahəsini istifadə edən şəxsin cavabdeh qismində işə cəlb edilməsi ilə bağlı hüquqları izah edilsə də, iddiaçı bundan imtina etmiş və işin baxılmasını tələb etmişdir. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən İddiaçı mülkiyyətində olan 0,04 ha torpaq sahəsindən 17.7 kv.metr hissənin istifadə olunması və mişar daşı, metal-tor və azbestsement şifer ilə hasarlanması müəyyən olunsa da, məhkəmə araşdırması zamanı tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçının torpaq sahəsindən faktiki olaraq Cavabdeh istifadə etmir. Belə ki, iddiaçı izahatında göstərmişdir ki, onlar evi alandan Cavabdeh torpağı artıq satmışdır, onlar cavabdehi heç vaxt görməmişdirlər. Hazırda cavabdehin satdığı evdə başqası yaşayır. 2019-cu ildə aldığı evə köçəndə qonşuluqda kimsə yaşamamışdır. Evin sənədləri cavabdehin adınadır deyə, ona qarşı hazırkı iddianı qaldırmışdır, başqa heç kimi cəlb etmək istəmir. 5 il ərzində cavabdeh qonşuluqda yaşamamışdır. Onlar oraya gələndən 1 il sonra yeni qonşu gəlmişdir. O vaxta qədər cavabdeh orada yaşamamışdır. Qeyd olunan hallar cavabdehin izahatı ilə də təsdiqini tapmışdır. Belə olan halda iddiaçının torpaq sahəsindən qanunsuz istifadə halı mövcud olsa da, qanunsuz istifadənin Cavabdeh tərəfindən həyata keçirilməsi müəyyən olunmur. Belə olduğu halda iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu məhkəmə xərcləri iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul İddiaçı alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-64/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-64/2024
11.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver