Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-668/2023 13.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsinə mediasiya arayışı əlavə olunsa da, həmin arayış məhkəmə tərəfindən qəbul edilə bilməz. Belə ki, iddiaçının iddia ərizəsindən göründüyü kimi, iddia tələbi iki nəfər cavabdehə qarşı yönəldilmişdir. Mediasiya arayışından isə görünür ki, mediasiya prosesinə yalnız bir nəfər Cavabdeh2 cəlb edilmişdir. İkinci Cavabdeh2 mediasiya prosesinə cəlb edilməmişdir. Bundan başqa, iş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, həmin arayış 10 mart 2022-ci il tarixlidir. Yəni İddiaçı 2022-ci ilin mart ayında Cavabdeh2 qarşı məhkəmədə iddia qaldırmaq üçün mediatora müraciət etmiş, cavabdeh mediasiya prosesində iştirak etmədiyindən iddiaçı bununla bağlı müvafiq arayışı alaraq məhkəməyə təqdim etmişdir. Daha sonra, məhkəmənin qərardadı ilə iddiaçının iddia ərizəsinə xitam verilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Hal-hazırda iddiaçı köhnə mediasiya arayışını məhkəmə təqdim edərək, iddianın mümkün hesab edilməsini düşünsə də, məhkəmə bununla qəti şəkildə razılaşmır. Məhkəmə öz qərarını belə əsaslandırır ki, mediasiya institutu ölkəmizdə yeni yaranmasına baxmayaraq artıq öz effektivliyini və ailə mübahisələrin məhkəməyə qədər müsbət həll olunmasında böyük rol oynamasını göstərmişdir. Buna görə də, mediasiya prosesinə formal yanaşmaq qəti yolverilməzdir. İddiaçı qanunla müəyyən edilmiş qaydada ailə mübahisəsi ilə bağlı mütləq qaydada mediasiya prosedurundan keçməyə məcburdur. Əgər iddiaçının bir neçə cavabdehə qarşı tələbi varsa, hər bir cavabdeh mediasiya prosesinə cəlb edilməlidir və bunun nəticəsindan asılı olaraq məhkəməyə iddia ərizəsi verilə bilər. Heç istisna deyildi ki, cavabdehlərdən biri irəli sürülmüş tələblərlə bağlı mediasiya prosesində iştirak etsə idi, hansısa bir razılaşmalar əldə oluna bilərdi. Digər tərəfdən isə, köhnə tarixli mediasiya arayışını iddia ərizəsinə əlavə etmək mediasiya institutuna formal və barmaqarası yanaşmadan başqa bir şey deyil. Ona görə ki, mediasiya prosesinin məqsədi tərəflərin mövcud mübahisəsini sülh yolu ilə həll edilməsinə yönəlir. Cavabdehin hazırki ailə mübahisəsi ilə bağlı 2022-ci ilin mart ayında olan münasibəti 2023-cü ilin yanvar ayında tamamilə fəqrli ola bilər. Bu baxımdan məhkəmə hesab edir ki, ölkənizdə yeni yaradılmış mediasiya institutunuun imkanlarından geniş və səmərəli istifadə olunmalıdır və mediasiya prosesinə formal yanaşmaq qəti yolverilməzdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanunun 3.2.-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər: 27.1.1. fərdi əmək mübahisələri; 27.1.2. kollektiv əmək mübahisələri. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 149.2.4-1.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; Həmin Məcəllənin 150.0 maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; 150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 150.0.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd; 150.0.5. iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri; 150.0.8. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. Həmin Məcəllənin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; İstinad olunan normalardan müəyyən olunur ki, mediasiya prosesində tərəflərin iştirakı tələb olunduğu hallarda bu tələbə riayət edilməsi ilə bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, bu tələbə riayət olunmadıqda isə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Hesab edirəm ki, iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunan tələbə riayət edilməsini təsdiq edən sübutunu iddia ərizəsinə əlavə etmədiyindən iddia ərizəsinin icraata qəbul edilməsi qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-668/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-668/2023
13.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver