Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-713/2023 07.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, alimentin artırılmasına və aliment tələbinə dair Maraqlı şəxs ilə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamış mediator Radik Kazımovu özlərinə mediator seçərək, 22 dekabr 2022-ci il tarixdə barışıq sazişi bağlamışlar. Birgə nikahdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit məbləğdə aliment ödəməyə razılaşmışdır. Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü icra etməmişdir. Ona görə də sazişin təsdiqlənməsi zərurəti yaranmışdır. 10 gün könüllü vaxt keçmişdir. Hazırda həmin barışıq sazişinin təsdiq edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək, bildirmişdir ki, barışıq sazişini ona aldadıb imzalatmışlar. Sazişdəki imza ona aiddir. Lakin o, sazişin təsdiq olunmasını istəmir. Çünki o, hər uşağa 170 manat aliment qeyd olunduğunu bilmirdi.Məhkəmədən barışıq sazişinin təsdiq olunmamasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməli və mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, barışıq sazişindən görünür ki, “İkinci Tərəf’ xx.xx.2017-ci il təvəllüdlü X1 üçün təyin olunan 136 AZN alimet miqdarının artırılmasına dair razılığını bildirərək, 2023-cü ilin yanvar ayından başlayaraq, hər ay 170 AZN və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər 2023-cü ilin yanvar ayından başlayaraq, hər ay 170 AZN “Birinci Tərəfə” uşaqların saxlanılması üçün 2023cü ilin yanvar ayından başlayaraq uşaqların yetkinlik yaşına çatana qədər cəmi 340 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda; Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulumayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.4-cü maddəsinə əsasən Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla); Barışıq sazişi bu Qanunun 33.3cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 31.4-cü maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin tutulması və artırılması məsələsi iddia icraatı qaydasında məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311, 355-25 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi təmin olunmasın və tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-713/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-713/2023
07.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver