Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-92/2025 25.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Mirhəsən qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi, ümumi istifadədə olan yolun açılması, ümumi istifadədə olan yolun qanunsuz sahiblikdən geri tələb edilməsinə, yolun bağlanmasına qəsd edən hərəkətlətə son qoyulması və maneəçiliklərin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Mirzəmməd kəndində yerləşən ümumi istifadədə olan yol sahəsini zəbtdən azad edilərək, ümumi istifadədə olan yolu bağlamaqla qanunsuz olaraq tikilmiş daş hasarın, dəmir qapının, mal heyvan saxlamaq üçün qanunsuz tikilmiş tövtənin və digər tiklilərin Cavabdeh hesabına sökülməsi, gediş gəliş yolunun bərpa edilməsi, yolun bağlanmasına qəsd edən hərəkətlərə son qoyulması və onlar tərəfindən törədilən maneçiliklərin aradan qaldırılması, habelə ödənilmiş dövlət rüsumunun alınaraq ona barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DT və XK-nin torpağa mülkiyyət hüququna dair JN:104F kod 30214058 saylı, 02.12.203-cü il tarixli dövlət aktına əsasən Xaçmaz rayonu, Mirzəmməd kəndində yerləşən 0,09 ha ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi ona məxsusdur və həmin torpaq sahəsi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmışdır. O, həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Ona məxsus yaşayış evi Xaçmaz rayon Mirzəmməd (Mirzəmməd-qışlaq) kəndində yerləşir və evin yerləşdiyi ərazi plana uyğun paylanmış və təbii olaraq evə qarşısından küçə yol nəzərdə tutulmuş, həmçinin üz-üzə və yan qonşuların evləri yerləşir. Onunla yan qonşu Maraqlı şəxs evi küçənin sonunda yerləşir, onların evi ilə üz-üzə qonşu Cavabdeh evi yerləşir. Üz-üzə qonşu ilə aralarında küçə ümumi istifadədə olan yol mövcuddur. Lakin Cavabdeh küçəni ümumi istifadədə olan yolu qanunsuz tiklilər tikbərək, hasar çəkib dəmir qapı qoyaraq və digər tiklilər tikərək bağlamışdır. O, evinə Maraqlı şəxs öz şəxsi mülkiyyətində evlərinə gediş gəliş üçün ayırdığı dar zolaqdan gedib-gəlir, avtomobillərini qapılarında saxlaya bilmirlər, öz evlərinə hər hansı əşyaların daşınması, yük avtomobilinin girməsi mümkünsüz olub. Cavabdeh onun və yan qonşu Maraqlı şəxs evinə gedən yolu qanusuz tiklilərlə bağlayaraq onların yolunu kəsməsi onun hüquqlarını pozur, qanuni mənafelərinə, maraqlarına toxunur. Cavabdeh onun qanuni olaraq mülkiyyətində olan torpaq sahəsinə və evinə gedən ümumi istifadədə olan yolu bağlayaraq, yolu zəbt edib qanunsuz tikintilər aparmaqla onun evinə gedib gəlməyinə qanunsuz maneçilik yaratmış mülkiyyətində olan evinə, ümumi istifadədə olan yolu bağlayaraq onun həyətyanı sahəsinə gedən yolu hasar çəkib bağlayaraq hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur. Cavabdehə dəfələrlə təklif etmişdir ki, zəbt edilmiş yolu boşaltsınlar və çəkilmiş hasarı söksün ki, evlərinə gediş-gəliş yolu açılsın, lakin cavabdeh qəti sürətdə hasarı söküb yolu açmaq fikri olmadığını bildirir. Həmçinin digər qonşu Maraqlı şəxs da onunla eyni çətinliyi çəkir və o, da cavabdehin hərəkətləri, maneçilikləri nəticəsində öz mülkiyyətindən normal istifadə edə bilmir. Cavabdeh ümumi istifadədə olan yol sahəsini zəbt edib, özlərinin istifadə etdiyi torpaq sahəsinə birləşdirərək, qanunsuz olaraq daş hasar çəkib, əlavə çöl qapısı qoyaraq, yuxarı tərəfində isə mal heyvan saxlamaq üçün tövlə tikmişdir. Cavabdehlər qanunsuz olaraq bu hərəkətləri davam etməkdədir. Hesab edir ki, ekspertiza təyin olunsa dediyi faktlar üzə çıxacaqdır. Kimsənin mülkiyyətinə qarışmaq fikri yoxdur, kimsənin qanuni mülkiyyətində olan tiklinin sökülməsini istəmir, sadəcə küçəni zəbt edən qanunsuz tiklilərin sökülməsini istəyir və məhkəmə ədalətinə güvənir. Bu səbəbdən də məhkəmə müdafiəsindən yararlanmaq qərarına gəlmişdir. Dəfələrlə daşınmaz DƏDRX-nin 5 saylr ərazi idarəsindən ərazinin xəritəsinə gedib baxmışlar və qeyd olunan küçənin umumi istifadədə olan yol olduğu aydın bilinir. Ona rəsmi arayış verilməyib, məhkəmənin sorğusu əsasında rəsmi məlumat verilə biləcəyini bildirmişlər. Həmçinin adi qaydada “Google” xəritəsindən də baxdıqda peykdən çəkilən xəritədə həmin yolun mövcud olduğu və yolun maneələrlə bağlandığı görünür. İş üzrə Cavabdeh 02 may 2024-cü il tarixdə məhkəməyə ona qarşı məhkəmədə qaldırılmış iddiaya qarşı etiraz ərizəsi göndərərək, İddiaçı Cavabdeh özbaşına tikilinin sökülməsi, ümumi istifadədə olan yolun açılması, ümumi istifadədə olan yolun qnunsuz sahiblikdən geri tələb edilməsinə, yolun bağlanmasına qəsd edən hərəkətlətə son qoyulması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və məhkəmədən tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin tövləsi ilə onların hamamı yan-yanadır. Cavabdeh yolun açılması üçün tövləni sökərək, ondan da hamamın sökülməsini istəyərsə o, bununla razılaşmaz və öz hamamını sökməz. Yəni, cavabdehin də tövləsinin sökülməsini istəməz. Çünki tövlə ilə hamamın bu yolun açılmasına heç bir aidiyyatı yoxdur. Ona görə də tövlənin sökülməsini istəmir. Onlar cavabdehin daş hasarı sökərək, darvazanı biraz içəri tərəfə çəkməsini istəyir. O, 69 kv metrdə olan maneəni sökməyə hazırdır. Cavabdeh də darvazanı götürsün və yol açılsın. Cavabdeh onlarla razılığa gəlmir. Əgər aralarında razılıq olsa hər ikisi də yolu aça bilər. Məhkəmə iclasında iştirak etmiş iş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, sözü gedən yol 6 metrdir. Kənddə elə yol var ki, 3 metrdir. Onların ərazisi yetərincə genişdir. Dəmir tordan olan hasarı sökmüşdür. Məhkəmə iclasında iştirak etmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayənədəsi X4 izahatında göstərmişdir ki, cavabdehin tövləsi onlara maneə yaratmır. Onlara daş hasar maneə yaradır. O, cavabdehə məhkəməyə müraciət etməzdən əvvəl bildirmişdir ki, dəmir tor hasarı söksün, o, isə ona kobud şəkildə cavab vermişdir. Onların problemi yolun açılmasıdır. Heç kimlə düşmənçilik etmək niyyəti yoxdur. O, hər iki tərəfə müraciət edir ki, onun yolunu açsınlar. O, evinin qarşısında maşın saxlaya bilmir. İddiaçı ona məxsus torpaq sahəsində, evinin qarşısında maşın saxlamasın. Yol açılsın və hər kəs maşınını öz evinin qarşısında saxlasın. Məhkəmə iclasında iştirak etmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon Qımıl-qışlaq Bələdiyyəsinin sədri Ceyhun Mustafayev izahatında göstərmişdir ki, məhkəməyə qədər tərəflər onun yanında olmuşlar. Bu barədə məlumatı vardır. Cavabdeh tərəfə dəmir tordan olan hasarın sökülməsi barədə xəbərdarlıq etmişdir. Hazırda dəmir tordan olan hasar cavabdeh tərəfindən sökülmüşdür. Daş hasar isə cavabdehin evinin hasarıdır. O, hasarı söküb darvazaya yaxınlaşdırmışdır. Həmin ərazidə ağac, qaz borusu da vardır. Həmin yol 6 metrdən çoxdur. Bu da tərəflərin gediş-gəlişinə maneə yaratmamalıdır. Cavabdehin bələdiyyədə yazılı izahatı var ki, avqust ayında hasarı sökəcək. O, DƏDRX-nə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, həmin torpaq sahəsinin Qımıl-qışlaq bələdiyyəsinin mülkiyyətinə aid olub-olmaması barədə heç bir hüquq müəyyənedici sənəd yoxdur. Amma ümumi istifadədə olan yollar qanunvericiliyə əsasən bələdiyyələrin mülkiyyəti sayılır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan, rədd edilməlidir. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı mülki iş üzrə məhkəmənin əsaslandırdığı sübutlar aşağıdakılardır: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 sentyabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən edilir ki, Xaçmaz rayonu, Mirzəmmədqışlaq kəndində yerləşən, xüsusi mülkiyyət olan 0.0195 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüquqi sahibi İddiaçıdur. İş materiallarına əlavə edilmiş Xaçmaz rayonu, Qımılqışlaq bələdiyyəsinin 14 iyun 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin İİ bəndinə uyğun olaraq həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Lakin həmin torpaq sahəsinin Qımılqışlaq bələdiyyəsinin mülkiyyətinə aid olub-olmaması barədə bələdiyyədə heç bir hüquqi sənəd yoxdur. Belə ki, bələdiyyə yaranarkən onlara mülkiyyətini təsdiq edən dövlət aktı verilməmişdir. Xaçmaz rayonu, Qımılqışlaq bələdiyyəsi məhkəmə predmeti olan yolun müəyyən edilməsi üçün 29 may 2024-cü il tarixli, 25 №-li məktub ilə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı mXaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2025-ci il tarixli, 10/714 nömrəli ekspert rəyindən müəyyən edilir ki, DƏDKR Publik Hüuqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, Xaçmaz rayonunun Mirzəmməd kəndində İddiaçı ilə cavabdeh X1 fərdi yaşayış evlərinin arasında yerləşən ümumi istifadədə olan yol sahəsi elektron baza (DVJ) xəritə məlumatlarına əsasən cavabdeh tərəfindən ümumi istifadədə olan yol mişar daşı ilə hasara alınaraq 348 kv.metr hissəsindən istifadə edilir və iddiaçı tərəfindən isə ümumi istifadədə olan yol mişar daşı ilə hasara alınaraq 69 kv.metr hissəsindən istifadə edilir. DƏDKR Publik Hüuqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı Xaçmaz rayonunun Mirzəmməd kəndində yerləşən fərdi yaşayış evinin qarşısındakı ümumi istifadədə olan yol sahəsindən cavabdeh X2 tərəfindən hər hansı maneə törədilməsini müəyyən etmək DƏDKR Publik Hüuqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. DƏDKR Publik Hüuqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, Xaçmaz rayonunun Mirzəmməd kəndində İddiaçı ilə cavabdeh X1 fərdi yaşayış evlərinin arasında yerləşən ümumi istifadədə olan yol bələdiyyə mülkiyyətinə aiddir. İş materiallarına əlavə edilmiş 01 mart 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı iddia tələbi üzrə məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmənin gəldiyi nəticə: Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə iclasında verilən izahatlar, həmçinin tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edilmişdir ki, Xaçmaz rayonunun Mirzəmməd kəndində İddiaçı ilə cavabdeh X1 fərdi yaşayış evlərinin arasında yerləşən torpaq sahəsi ümumi istifadədə olan yoldur. İş üzrə təyin edilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ümumi istifadədə olan yolun sahəsinin 348 kv.metr hissəsindən cavabdeh mişar daşı ilə hasara alaraq istifadə edir, 69 kv.metr hissəsindən isə mişar daşı ilə hasara alaraq iddiaçı istifadə edir. Bundan əlavə məhkəmə iclasında iştirak etmiş Xaçmaz rayon Qımıl-qışlaq Bələdiyyəsinin sədri Ceyhun Mustafayev izahatında göstərmişdir ki, cavabdeh tərəfə dəmir tordan olan hasarın sökülməsi barədə xəbərdarlıq etmiş və hazırda dəmir tordan olan hasar cavabdeh tərəfindən sökülmüşdür. Daş hasar isə cavabdehin evinin hasarıdır. O, hasarı söküb darvazaya yaxınlaşdırmışdır. Həmin ərazidə ağac, qaz borusu da vardır. Həmin yol 6 metrdən çoxdur. Bu da tərəflərin gediş-gəlişinə maneə yaratmır. Göründüyü kimi iddiaçı və cavabdeh tərəf hər biri ümumi istifadədə olan yoldan istifadə etsələr də, bilavasitə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu bağlanmamış, iddiaçının yaşayış sahəsinə gediş-gəlişini təmin edən və küçəyə birbaşa çıxan yoldan sərbəst şəkildə istifadə etmək imkanı vardır, həmçinin bu imkan hər hansı bir formada məhdudlaşdırılmamışdır. Cavabdeh tərəfindən ümumi istifadədə olan torpaq sahəsində tikilmiş tikilinin sökülməsinə dair iddia irəli sürmək hüququ isə həmin torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyyəyə şamildir. Belə ki, Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 47-ci maddəsinin 2-ci hissəsinə əsasən ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aiddir. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü hissəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqlarından sayılır. Həmin Məcəllənin 175.1-ci maddəsinin İ cümləsinə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar Həmin Məcəllənin 255-ci maddəsinin İ və İV hissələrinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla məhdudlaşdırıla bilməz və mülkiyyət hüququnun sahibləri isə öz mülkiyyətlərindən digərlərinin hüquq və mənafelərini pozmaq məqsədi ilə istifadə edə bilməz. İş üzrə cavabdeh iddiaçının hüquq və mənafelərini təhlükə altına qoymamışdır. Belə ki, qeyd edildiyi kimi iddiaçının yaşayış sahəsinə gediş-gəlişini təmin edən və küçəyə birbaşa çıxan yoldan sərbəst şəkildə istifadə etmək imkanı vardır və bu imkana bu və ya digər formada məhdudiyyət yoxdur. Digər tərəfdən müəyyən şəxslərin hüquq və mənafeləri naminə şəxsin mülkiyyət hüququ qanunazidd şəkildə məhdudlaşdırılması ədalətli və mülki qanunvericiliyə uyğun hal hesab edilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinə gediş-gəlişə hər hansı bir formada maneələrin yaradılması iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmır. Bununla da, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının qanunla qorunan hüququnun, eləcə də maraqlarının pozulması halı istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi, ümumi istifadədə olan yolun açılması, ümumi istifadədə olan yolun qanunsuz sahiblikdən geri tələb edilməsinə, yolun bağlanmasına qəsd edən hərəkətlətə son qoyulması və maneəçiliklərin aradan qaldırılması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi, ümumi istifadədə olan yolun açılması, ümumi istifadədə olan yolun qanunsuz sahiblikdən geri tələb edilməsinə, yolun bağlanmasına qəsd edən hərəkətlətə son qoyulması və maneəçiliklərin aradan qaldırılması» tələbinə dair iddiası rədd edilsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-92/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-92/2025
25.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver