Məhkəmə qərarları › İş №2(067)-920/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-920/2025

27.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-920/2025 27.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı Bənnət oğlunun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Qanuni nümayəndə və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 qarşı «evdən çıxarılma və evə köçürülmə» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 əmlakları ilə birgə onun mülkiyyətində olan (faktiki istifadə və sahibliyində olmuş) Xaçmaz rayonu, Zuxuloba kəndidnə yerləşən evdən çıxarılması və onun həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evi onun faktiki istifadə və daimi sahibliyində olmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi, Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən torpaq sahəsi ona və ailə üzvləri X8, X7, X1 Xaçmaz rayon Aqrar İslahat Komissiyasın xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə verilmişdir. Fərdi yaşayış evinə dair texniki pasport və qeydiyyat vəsiqəsi verilmişdir. Onunla keçmiş həyat yoldaşı Qanuni nümayəndə arasında 22 yanvar 2010-cu ildə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ona məxsus Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən evdə yaşamışlar. Xaçmaz rayon Məhkəməsinin 2(067)- 1635/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə cavabeh Qanuni nümayəndə arasında 22 yanvar 2010-cu il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2007ci il təvəllüdlü Cavabdeh2 yetkinlik yaşına çatanadək anası Qanuni nümayəndə himayəsində (yanında) saxlanılmışdır. Cavabdehlər nikah pozulduqdan sonra evində qalaraq, qeyri qanuni məskunlaşmışdır. Hal-hazırda onlara evindən çıxmağı, boşaltmağı bildirsə də, cavabdehlər buna məhəl qoymayaraq, evdən çıxmırlar. Cavabdehlərin onun evində yaşaması səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakı üzərində öz istəyinə uyğun olaraq sərəncam hüququ pozulur. Cavabdeh Qanuni nümayəndə sürdüyü avtonəqliyyat vasitəsi ilə onun qardaşını Xaçmaz rayonunun, Zuxuloba kənd sakini X9 vuraraq ilk əvvəl ağır yaralamış, qardaşı aidiyyatı üzrə xəstəxanaya yerləşdirilmiş, uzun müddət ağır yaralı otaraq komada qatmış, sonra isə rəhmətə getmişdir. İş üzrə torplanmış material üzrə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi Nurlan Əliyev tərəfindən cinayət işi açılmışdır, hal-hazırda cinayət işi davam etməkdədir. Belə bir vəziyyətdə cavabdehlərin ona məxsus evdə yaşamağı mümkün deyildir. Uzun illərdir aralarında dava-dalaş, münaqişə davam etməkdədir. Cavabdehlər onu evdən çıxarmışdır, o, qohum-əqraba yanında qalmaqdadır. Cavabdehlər evdən çıxarılmaqla yanaşı o, da qanuni ona məxsus evə köçməlidir. Cavabdehlərin ucbatından evə köçərək yaşaya bilmir. İddiaçı 21 avqust 2025-ci il tarixli iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Qanuni nümayəndə əmlakları ilə birgə onun mülkiyyətində olan (faktiki istifadə və sahibliyində olmuş) Xaçmaz rayonu, Zuxuloba kəndidnə yerləşən evdən çıxarılması və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəf evin yaxşılaşdırılma xərclərini çəkdiyini bildirir. Lakin, bu iddianın predmeti deyildir. Digər iddia ərizəsi ilə müraciət edə bilər. Cavabdehin dediyi kimi 2004-cü ildən qeyri-rəsmi münasibətdə ola bilər, lakin, bu o, demək deyil ki, o ailə üzvüdür. O ailə üzvü statusuna malik deyil. Tərəflər arasında münasibətlər normal deyil, bu səbəbdən də onların birgə yaşaması mümkün deyil. Xanım həmin evdə yaşayır, mülkiyyətçini isə evə buraxmır. Əgər məkhəmə cavabdehin evdən istifadə hüququnu saxlayarsa, mülkiyyətçinin hüquqları pozulmuş olar. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərmişdir ki, tərəflər arasında rəsmi nikah pozulduqdan sonra cavabdeh iddiaçını evə qoymur. Ona görə də iddiaçı qohumlarının evində yaşayır. Cavabdehlə iddiaçının birgə yaşaması mümkün deyil. Cavabdeh öz qaynını avtomobillə qəzada vurmuşdur. Digər Cavabdeh2 evdən çıxarılması hissəsində iddianı geri götürəcəkdir. Lakin, cavabdeh Qanuni nümayəndə evdən çıxarılmasını xahiş edir. Hazırki işə 2009-cu ildən sonrakı mənzil məcəllələri ilə baxılmalıdır. Bu da cavabdehin həmin evdə yaşamasını qeyri-mümkün göstərir. Cavabdehin evə qoyduğu xərci başqa bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan tələb edə bilər. Məhkəmə iclasında cavabdeh Qanuni nümayəndə vəkili Vəkil2 iddianı qəbul etməyərək iş üzrə izahatında göstərmişdir ki, cavabdehin özünün yeganə yaşayış yeri olan ata evini satıb, həmin pulu isə mübahisəli evin təmirnin xərcini çəkib. Birgə evliliyindən olan uşaqlardan Murad yetkinlik yaşına çatmamışdır. İstənilən halda cavabdehin evdən istifadə hüququ təmin olunmalıdır. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı cavabdeh Qanuni nümayəndə vəkili Vəkil2 izahatında göstərmişdir ki, əslində iddiaçı evdən çıxarılmamışdır, o Rusiya Federasiyasında yaşamışdır. Cavabdeh iddiaçının üçüncü ailəsidir. Cavabdeh tərəfindən iddiaçının evə gəlməsinə qadağa qoyulmamışdır. Cavabdeh öz ata evini, mal-qaranı satıb, mübahisəli evi 2004-cü ildə tam əsaslı təmir etmişdir. İddiaçı tərəf cavabdehin qaynını ödürdüyünü bildirsə də, bu qəsdən olmamış, yol nəqliyyat hadisəsi nəticəsində baş vermişdir. Nəticədə də cavabdeh təqsirli bilinib və ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və onların təqdim etdikləri sənəd və sübutları tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Hazırki iddia tələbinin hüquqi əsası ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İ seriyalı, 506416 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı ilə Qanuni nümayəndə arasındakı nikaha 01 oktyabr 2024-cü il tarixdə xitam verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli, 24 aprel 2025-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, ümumi sahəsi 0.3768 ha olan Xaçmaz rayonunun Zuxuloba kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin hüquqi sahibləri İddiaçı və isayeva Elmira Sadullah qızıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 aprel 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı adına Xaçmaz rayonunun Zuxuloba kəndində yerləşən texniki pasport tərtib edilmiş, lakin qeydiyyat vəsiqəsi verilməmiş fərdi yaşayış evi AN 091570 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əsasən 0.20 ha həyətyanı və 0.3768 ha ümumi birgə kənd təsərrüfat təyinatlı torpaq sahəsi aşkar edilmişdir. AN 091570 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədindən müəyyən olunur ki, həmin sənəd Xaçmaz rayon AİK-nın 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarı ilə Xaçmaz rayonunun Zuxuloba kəndində X6, X4, X5, X3, X2 fərdi yaşayış evi tikmək üçün 2000 kv.metr torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsindən müəyyən edilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı məsələdə tətbiq ediləcək maddi hüquq norması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisənin yarandığı vaxt deyil, münasibətlərin yarandığı vaxta görə tənzimlənməlidir. Bu halda, tərəflər arasındakı hüquq münasibətlərinin baş verdiyi zaman (22 yanvar 2010cu il) qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin hüquq normaları (MM 30.1 və 30.4-cü maddələri) tətbiq olunmalıdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2015-ci il tarixli qərardadından müəyyən olunur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə qəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Həmin konstitusion dəyərindən çıxış edərək məhkəmələr müraciətdə qaldırılan ikinci məsələsini - keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını - həll etməlidirlər. Bu konstitusion dəyərin məqsədi konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmamasıdır. Bunu reallaşdırması üçün məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması vacibdir. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013cü il tarixli Qərari). Bu hüquqi movqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmənin gədiyi nəticə: İşin müəyyən edilən hallarından və tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan müəyyən olunur ki, Cavabdeh2 (bundan sonra “iddiaçı”) ilə Qanuni nümayəndə (bundan sonra “cavabdeh”) arasında 22 yanvar 2010-cu il tarixdə rəsmi nikah qeydi bağlanmışdır. Bundan sonra cavabdeh iddiaçıya məxsus Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahından 05 oktyabr 2007-ci il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. Bundan sonra tərəflər arasında ailə münasibətləri pozulmuşdur. Xaçmaz rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(067)-1635/2024 saylı qətnaməsi ilə aralarındakı rəsmi nikah pozulmuş və tərəflərin birgə nikahlarından olan uşaq cavabdehin himayəsinə verilmişdir. 01 oktyabr 2024-cü il tarixdə isə nikahlarına xitam verilmişdir (AZ-İ seriyalı, 506416 nömrəli nikahın pozulması haqqında şəhadətnamə). Tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra onlar ayrı yaşamış, iddiaçı evi tərk etsə də, cavabdehlər iddiaçıya məxsus Xaçmaz rayonunun Zuxuloba kəndində yerləşən fərdi yaşayış evində yaşamağa davam etmişlər və hal hazıra kimi yaşamaqdadırlar. İddiaçı cavabdehlərə özünün mülkiyyətində olduğu fərdi yaşayış evindən çıxmalarını tələb etsə də, cavabdehlər həmin evdə yaşamağa davam etmişlər. Bundan sonra iddiaçı cavabdehrin hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə cavabdehin yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının cavabdeh Qanuni nümayəndə əmlakları ilə birgə onun mülkiyyətində olan (faktiki istifadə və sahibliyində olmuş) Xaçmaz rayonu, Zuxuloba kəndidnə yerləşən evdən çıxarılması və onun həmin evə köçürülməsi tələbinə münasibətdə onu qeyd edir ki, iddiaçı oğlu texniki pasport tərtib edilmiş, lakin, qeydiyyat vəsiqəsi verilmədən adına qeydə alınmış Xaçmaz rayonunun Zuxuloba kəndində yerləşən fərdi yaşayış evinin faktiki mükiyyətçisi kimi həmin evə köçürülməlidir. Eyni zamanda cavabdeh keçmiş ailə üzvü kimi yaşayış sahəsinin mülkiyyətçisi iddiaçı ilə arasında başqa razılaşma olmadığından və onunla ailə münasibətlərinə xitam verildiyinə görə, həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bununla yanaşı məhkəmə qeyd edir ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvü olan cavabdehin digər yaşayış sahəsi olmadığından, onun maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyindən, Qanuni nümayəndə onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq iddiaçıya məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsi həll edilməlidir. Məhkəmə yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdıraraq və mütənasiblik konstitusiya prinsipindən çıxış edərək, tərəflərin hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığının təmin edilməsi məqsədi ilə, cavabdehn maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə alaraq, hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evində 01 (bir) il müddətində saxlanılmaqla, həmin müddət başa çatdıqdan sonra həmin evdən çıxarılması məqsədəmüvafiqdir. Məhkəmə həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf hazırki iddia tələbinə etirazının əsası kimi mübahisələndirilən fərdi yaşayış evinin yaxşılaşdırılmasına xərc çəkməsini istinad etmiş və bununla bağlı məhkəməyə sübutlarını təqdim etmişdir. Lakin, bununla bağlı məhkəmə onu qeyd edir ki, cavabdeh həmin fərdi yaşayış evinə çəkilmiş xərclərin tələb edilməsinə dair yuxarıda qeyd edilmiş Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evinə köçürülməli, cavabdeh Qanuni nümayəndə İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evində 01 (bir) il müddətində saxlanılmaqla, həmin müddət başa çatdıqdan sonra həmin evdən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İş üzrə iddiaçı tərəf ödənilmiş məhkəmə xərclərini cavabdehdən tələb etmədiyinə görə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evinə köçürülsun. Cavabdeh Qanuni nümayəndə İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Zuxuloba kəndində yerləşən fərdi yaşayış evində 01 (bir) il müddətində saxlanılsın və həmin müddət başa çatdıqdan sonra həmin evdən çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar