Məhkəmə qərarları › İş №2(067)-945/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-945/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-945/2020 24.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, X2 Dövlət Komitəsinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 Dövlət Komitəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış ünvan 1i ünvanında yerləşən 16 saylı yeməkxananın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli 3572 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 240 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı»na uyğun olaraq, ünvan 1i ünvanında 16 saylı yeməkxana satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanılmış xx.xx.2017-ci il tarixli, 3572 nömrəli alqı-satqı müqaviləsinə əsasən 1500 manata alıcı Cavabdeh satılmışdır. Javabdeh ona satılmış qeyri yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 240 manat ödəmiş, digər hissəsinin, yəni 1260 manatını ödəməmişdir. Alıcı bununla da alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsinə əsasən alıcı müqavilə imzalandığı andan 30 gün müddətində əmlakın tam dəyərini, yəni 1500 manatı satıcının hesabına köçürməyi öhdəsinə götürmüşdür. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cavabdehə müqavilə üzrə ödənilməmiş məbləğin ödənilməsinə, əks dəqdirdə müqavilənin ləğv olunacağına dair bildirişlər göndərilsə də, alıcı satın aldığı əmlakın dəyərini tam ödəməmişdir. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuşdur. Alıcı müqavilədə nəzərdə tutulan əmlakın dəyərini tam ödəməmiş, bununla satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək təmin olunmasına etiraz etməmişdir. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan müəssisənin (obyektin) 3572 nömrəli alqı-satqı müqaviləsindən müəyyən olunur ki, müqavilənin predmetini «Alıcı»nın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı ərazi şöbəsi tərəfindən 22ö08.2017-ci il tarixdə keçirilən hərracda 01 nömrəli protokola əsasən satın aldığı 16 saylı yeməkxana təşkil edir. Satıcı satır, Alıcı isə bu müqavilədə göstərilən şərtlərlə ünvan 1i ünvanında yerləşən16 saylı yeməkxananı hərracdan satış qiyməti ilə 1500 manata satın alır. Hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 598.4-cq maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 598.5-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə uyğun olaraq satıcının alıcıya təkcə onun ödədiyi əşyaları deyil, digər əşyaları da verməyə borclu olduğu hallarda satıcının ixtiyarı var ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əvvəl verilmiş əşyaların hamısı tam ödənilənədək həmin əşyaların verilməsini dayandırsın. Həmin Məcəllənin 600.1.-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin F.Hüseynovun və A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2004-cü il tarixli qərarında izah edilir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna blər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan ( titul ) sahibi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnu tanınmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 1i ünvanında yerləşən 16 saylı yeməkxananın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli 3572 nömrəli müqavilə ləğv edilsin. Həmin qeyri yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilsin. Müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 240 manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar