Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-274/2024 28.08.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi (maraqlı şəxs Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, (Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyini maraqlı şəxs kimi göstərməklə) mərhum əri X3 minaya düşüb ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin əri X6 Azərbaycan Dəmir Yolları QSCdə 1986-1993-cü illərdə növbətçi kimi çalışmışdır. Mərhum xx.xx.1993-cü ildə gecə növbəsinə getməmişdən öncə özünə məxsus heyvanları sahədən geri gətirərkən minaya düşərək dünyasını dəyişmişdir. Ərizəçinin əri minaya düşməsi nəticəsində dünyasını dəyişdiyi halda, ölüm haqqında şəhadətnamədə açıq kəllə-beyin travması nəticəsində öldüyü qeyd olunmuşdur. Ərizəçi DSMF-na ərinin adına olan pensiyanın öz adına keçməsinə görə müraciət etdikdə, aşağıda qeyd etdiyi halların şahidi olmuşdur: belə ki, ərinin əmək kitabçası itdiyinə görə oğlu yoldaşının işlədiyi yerdən arxiv arayışı almış, onlar arxiv arayışına baxdıqda, ailəlikcə dəhşətə gəlmişlər. Orda qeyd olunanlara əsasən, guya yoldaşı öz istəyi ilə xx.xx.1992-ci ildə işdən azad edilmişdir. Bu hal ona və övladlarına çox pis təsir etmişdir. Sənəddə saxtakarlığa yol verilmiş və ölüm halı gizlədilmişdir. Qeyd edir ki, o, savadsız və tək qadındır. Birgə nikahlarından olan 3 övladını təkbaşına böyütmüşdür. Lakin bu ədalətsizliyi qəbul edə bilmir. Əri rəhmətə getdikdən sonra nə ailə başçısını itirməyə görə müavinət, nə də yoldaşının iş yerindən heç bir maddi kömək almamışdır. İş yeri olaraq Azərbaycan Dəmir Yolları QSC bu halı ört-basdır etmiş və haqları tapdanmışdır. Mümkün deyil ki, 1993-cü ildə gecə növbəsinə getməmişdən qabaq minaya düşməsi nəticəsində vəfat etmiş adam 1992-ci ildə işdən öz xahişi ilə çıxmış olsun. Odur ki, mərhum əri X3 minaya düşüb ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə zərurət olduğunu hesab edir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin; 307.2.2-ci maddəsinə əsasən şəxsin öhdədə olması faktının; 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4-cü maddəsinə əsasən ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7-ci maddəsinə əsasən bədbəxt hadisə faktının; 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktının; 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların Xüsusi icraat qaydasında ərizənin məzmunu ilə müəyyən edilir ki, ərizəçinin mərhum əri X6 minaya düşməsi səbəbindən vəfat etsə də, ölüm haqqında şəhadətnamədə açıq kəllə-beyin travması nəticəsində ölməsi qeyd edilmişdir. Ərizəçi ərinin adına olan pensiyanın öz adına keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etdikdə, mərhum əri Oruc Baxışovun guya xx.xx.1992-ci ildə öz istəyi ilə işdən azad edilməsini müəyyən etmişdir. Bu səbəbdən ərizəçi mərhum əri X3 minaya düşüb ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş edir. Həmçinin, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi mərhum həyat yoldaşı X3 “X5” QSC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə müraciət ünvanlamışdır. Bununla bağlı araşdırma zamanı “X5” QSC-nin rəhbərliyi tərəfindən X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyi məktub və sənədlərdən məlum olmuşdur ki, mərhum həyat yoldaşı X6 xx.xx.1986-ci il tarixli, 421/ НОДК nömrəli əmrlə Yaşma stansiyasında təcrübəçi operator işinə qəbul olunmuş və xx.xx.1992-ci il tarixdən 16 nömrəli əmrlə işdən azad edilmişdir. Eyni zamanda “X5” QSCnin rəhbərliyi tərəfindən ünvanlanmış məktubda mərhum həyat yoldaşı O.H.Baxışova aid 1986-cı ilin aprel ayından 1988-cı ilin dekabr ayınadək və 1991-ci ilin yanvar ayından dekabr ayınadək əməkhaqqı cədvəlləri X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunsa da, arxivin köçürülməsi səbəbindən 1989-1990-cı illərin əməkhaqqı barədə məlumatların olmadığı bildirilmişdir. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.6-cı bəndində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölümün baş vermə səbəbi deyil, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı ərizə isə ərizəçinin mərhum əri X3 minaya düşüb ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlıdır və eyni zamanda X3 açıq kəllə-beyin travması, baş-beyin zədələnməsi səbəbindən ölməsi haqqında şəhadətnamə mövcuddur. Belə olduğu halda isə ərizəçi müvafiq tələblə rəsmi qaydada müvafiq inzibati orqana (qeydiyyat şöbəsinə) müraciət etmək və onun müraciətinin təmin edilməsindən imtina edildikdə isə inzibati orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Eyni zamanda məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, mərhum əri X3 minaya düşüb ölməsinə dair hüquqi əhəmiyyətli faktı müəyyən edilsə belə, bu fakt mərhum ərinin həqiqətən 1993-cü ilə kimi işləməsi anlamına gəlmir. MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən ərizənin icraata qəbul olunaraq baxılması mümkün deyildir. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçiyə izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüquqları vardır. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (maraqlı şəxs Xızı Rayon İcra Hakimiyyəti başçısının Şorabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi ərizənin verilməsi üçün xx.xx.2024-cü il tarixində 22524 nömrəli qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(068)-274/2024
Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-274/2024
28.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver